30 Noyabr 2021, Çərşənbə axşamı

Bir zəhmətkeş ana tanıyıram. O ana ki övladını necə əzab-əziyyətlərlə böyüdüb, boya-başa çatdırıb. Atasız övlad yükünü təkbaşına çəkib... II Qarabağ müharibəsi başlayanda Tünzalə ana təlaş içərisində idi… Axı min bir əziyyətlə böyütdüyü, gözünün ağı-qarası olan oğlu düşmənlə üz-üzə dayanmışdı... Torpaqlarımızın düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərən oğullarımız sırasında Tünzalə ananın oğlu İlkin də var idi.

Anayla etdiyim söhbətdən məlum oldu ki, bu mərd, cəsur oğlanın ən böyük arzusu hərbçi olmaq imiş... Hələ orta məktəbdə oxuyarkən müəllim sərbəst mövzuda inşa yazmağı tapşırır, İlkin inşaya bu kəlmələrlə başlayır: “Ən böyük arzum hərbçi olub, o şərəfli formanı geyinib, düşmən əsarətində olan yurd yerlərimizi azad etməkdir”. Böyüdü, arzusunu gerçəkləşdirmək üçün addım-addım irəlilədi. Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsilini başa vurduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Məktəbi uğurla bitirib Beyləqanda yerləşən “N” hərbi hissəsində leytenant kimi xidmətə başladı.
Bu günlərdə eloğlumuzla telefon əlaqəsi saxladım, o müharibədə yaşadığı anları elə maraqla danışırdı ki, baş verənlər bir kino lenti kimi gözlərim önündə canlanırdı. İlki­nin döyüş yolunu vərəqləyib sizlərlə bölüşürəm:
Döyüş başlayır... Atəş səsindən qulaq tutulur. İlkin hər bir əməliyyata böyük ustalıqla yanaşaraq, üzərinə yağan mərmi yağışından qorunmağı bacarır. Bu gənc naxçıvanlının bir məqsədi var: ölmək yox, öldürmək. Döyüşlər zamanı İlkin və onun tabeliyində olan əsgərlər düşmənin çoxlu qənimətini ələ keçirir. İlkin deyir ki, döyüş zamanı əsgər, zabit bilinmirdi. Hər birimiz bir yumruq olub, düşmən üzərinə irəliləyir, 30 ildir, içimizdə yanan alovu söndürürdük. Döyüşdə belə bir “qanun” var: döyüş yoldaşına özün qədər güvənməlisən, o vurulsa, sən də vurulmusan, o yaşayırsa, sən də sağsan deməkdir. Düşmənin əsas hədəfi zabitlər idi. Məhz buna görə də döyüş başlayan bir gündən daşıdığım zabit formasını çıxarıb kənara qoymuşdum. Çünki məndən önəmli mənim şəxsi heyətim idi. Onlar komandirlərinin gözünün içinə baxır, nə komanda verəcəyini böyük ümidlə gözləyirdilər.
“Döyüşlərin ən çətin məqamı doğma Şuşamıza ayaq basdığımız zaman oldu”, – deyir İlkin. Düşmənin hədəfini yerindəcə məhv edir, yaralı olan yoldaşlarımıza ilkin tibbi yardım göstərirdik. Düşmənin ağlına belə gəlməzdi ki, şanlı ordumuz insan ayağı dəyməmiş çətin yollarla Şuşa torpağına gələr. Bizim o torpaqlara ayaq basdığımızı görən mənfur düşmən hər vasitəyə əl atsa da, şanlı ordumuz tərəfindən yerindəcə məhv edildi. Hər birimizin bir məqsədi vardı: bütün çətinlikləri aşmaq, düşməni məhv etmək. Axı yolumuzu gözləyən Vətən vardı... Vətənimizin nisgilini sona yetirmək üçün canımız bahasına hər şeydən keçməyə hazır idik.
Döyüş vaxtı ağır yaralanmışdım. Sonra nə olub, necə olub, xatırlamıram. Sağ olsun yoldaşlarımı, məni ölümün pəncəsindən xilas edib xəstəxanaya çatdırıblar həmin zaman.
İlkin həkimlərin təkidinə baxmayaraq, sağlamlığına tam qovuşmamış yenidən savaşa atılaraq, canı-qanı bahasına düşmənə zərbələr vurmaqda davam edir. İlkinlə söhbətimiz “Vətən sağ olsun!”la başlayıb, “Canımız Vətənə qurban olsun!”la bitdi. Bu cür oğullar yetirən Naxçıvan torpağı ilə qürur duydum.

Nuray Əsgərova

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR