30 Noyabr 2021, Çərşənbə axşamı

Naxçıvanda nələr gördük?

Könül mülkündən REPORTAJ


Bu bizim Naxçıvana ilk səfərimiz idi.Amma Bakıda yaşayan naxçıvanlı dostlarımızın Nuh Peyğəmbərdən, onun gəmisindən az maraqlı olmayan söhbətləri Naxçıvan və ümumən, muxtarrespublikanın bu günü, hazırkı halı barədə aydın təsəvvürlərimizi yaratmışdı. Hətta olub ki, eşitdiyimiz söhbətlərin reallıqdan qaynaqlandığına inanmamışıq. Naxçıvanı elə vəsf edirdilər ki, eşitdiklərimizə “şişirdirsiniz”, “bu qədər ola bilməz” kimi cavablarla qarşılıq verdiyimiz anlar da olub. Qısası, gözümüzün önündə Naxçıvanın elə bir şəkli çəkilmişdi ki, bu diyara səfər etmək həvəsimiz, məsələn, Havay adalarına getmək istəyimizi belə, üstələmişdi. Naxçıvanı görməyə, eşitdiklərimizin həqiqətlə qohumluq əlaqələrini müəyyənləşdirməyə o qədər tələsirdik ki, inanın, qalxmağı ilə enməyi arasında cəmi 50 dəqiqəlik zaman kəsiyi olan təyyarədə uçuş vaxtımız bizə 50 saat təsiri bağışladı. Nəinkisəbrimiz, həmin anlarda heç havamız da çatmırdı. Köməyimizə təyyarə bələdçisi gəldi. Daha doğrusu, onun salonda eşidilən səsi: “Hava limanına eniş edirik!”

 Hava limanından çıxıb avtomobillə şəhər istiqamətinə hərəkət edərkən cəmi bir neçə dəqiqəlik müşahidə kifayət etdi ki, bizi qarşılayan dostlara elə beləcə də deyək: sən demə, biz bayaqdan YÜKSƏLİŞƏ eniş edirik... Yüksəliş deyəndə, əlbəttə ki, Naxçıvanın sürətli inkişafını nəzərdə tuturduq. Naxçıvanda olduğumuz günlər ərzində onu da öyrənəcəkdik ki, muxtar respublikanın inkişafı ən ucqar dağ kəndlərini belə, əhatə edir.

Gözoxşayan müasir görkəmi ilə fərqlənən, qədim və nadir memarlıq nümunələri ilə tarixin dərinliklərindən xəbər verən, füsunkar təbiəti ilə seçilən, dahi alimlər, ədiblər, sərkərdələr yetirmiş, dünya siyasətinə Heydər Əliyev kimi dühanı bəxş etmiş diyardır Naxçıvan... 

Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı kifayət qədər yüksəkdir. Hətta ağır pandemiya şəraitində belə, Naxçıvanda tənəzzülə oxşayan hallara rast gəlinmədi. Məsələn, muxtar respublikanın İqtisadiyyat Nazirliyinin rəsmi saytındakı məqalədə yer almışrəqəmlər Naxçıvanın öz əzəli inkişaf tempini qoruyub saxladığını göstərir.

Ecazkar təbiət teatrına malik Naxçıvan sürətli inkişaf mərhələsindədir. Muxtar respublikanın hər yerində nəhəng quruculuq işləri aparılır. Böyük sənaye kompleksləri, müasir standartlara cavab verən istirahət və turizm mərkəzləri yaradılır.

Diqqət edək: 2021-ci ilin ilk rübü ərzində muxtar respublikanın iqtisadi mənzərəsi ürəkaçan olub. 557 milyon 426 min 300 manatlıq ÜDM istehsal olunmaqla, müqayisəli qiymətlərlə 1 il öncəki göstəricidən 0,6 faiz çox nəticə əldə olunub. Adambaşına düşən ÜDM isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artıb.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk rübü ərzində sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,2, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri isə 9,9 faiz artım nümayiş etdirib. Şübhəsiz deyə bilərik ki, növbəti rüblərlə də bağlı göstəricilər məyusedici olmayacaq.

Təhlillər göstərir ki, muxtar respublikanın inkişafını şərtləndirən əsassəbəblərsırasında özəlsektorun inkişafı, sahibkarlıq fəaliyyətinə hərtərəfli şərait yaradılması, turizm potensialından maksimum yararlanmaq üçün göstərilən səylər dayanır. Bu xüsusda daxili istehsalı gücləndirmək və ixracyönümlü məhsullar hazırlayan müəssisələrin artması və genişləndirilməsi istiqamətində atılan addımlar da diqqətçəkəndir. Məsələn, Azərbaycanın ilk su brendi – dünya şöhrəti qazanmış “Badamlı”nın istehsal olunduğu müəssisədə yaradılmış şəraitlə tanış olarkən yerli istehsalın artımı üzrə qarşılaşdığımız rəqəmlərin göydəndüşmə olmadığına bir daha əmin olduq.

“Badamlı” Mineral Sular Zavodunda gördüklərimizdən sonra bizə, ancaq məşhur mahnıda deyilənləri təkrarlamaq qalır: “Bəh-bəh nə gözəl suyu var Azərbaycanın”.

“Badamlı” Zavodundan hazırladığımız reportajı ayrıca təqdim edəcəyik.

“Saat Meydanı” otelinin həyətində çox maraqlı görüntülərlə qarşılaşdıq. Hətta bir anlıq özümüzü xarici ölkədə hiss etdik. Özü də o bir anın içində bir neçə ölkə cəmləşmişdi – Türkiyə, Gürcüstan, İngiltərə, Çin... Təsəvvürlərimiz bizi uzaqlara aparsa da, reallıqda turistlərin özlərini həm də evlərində hiss etmələrinə qədər ən xırda detalların düşünüldüyü Naxçıvandaydıq – Nəqşicahanda, Azərbaycanda!

Naxçıvanda turizmin inkişafı, bu sahənin rentabelliyini artırmaq yönündə həyata keçirilən proqramlar da artıq effektiv nəticələrə gətirib çıxarır. Son illər muxtar respublikada gözoxşayan istirahət və ticarət mərkəzləri, yüksək standartlara cavab verən otellər yaradılıb ki, bütün bunlar da həm qonşu ölkələrdən, həm də Azərbaycanın digər bölgələrindən daha çox turistin muxtar respublikaya diqqətinin yönəlməsinə səbəb olur. Turizm infrastrukturunun genişləndirilməsi prosesi isə durmadan davam etdirilir. Biz Naxçıvanda olduğumuz günlər ərzində təkcə şəhərdə deyil, həm də Şahbuz rayonunda xeyli turistlə rastlaşdıq. Dillərdə dastana çevrilmiş Batabat gölü ətrafında belə, onlarla xarici turistlə üz-üzə gəldik.

Naxçıvanın turizm infrastrukturunun inkişafından danışırıqsa, Ağbulaq İstirahət və Xizək Mərkəzindən söz açmaya bilmərik. Turistlərin rahatlığı üçün burada bütün imkanlar yaradılıb. Qidalanmanın səviyyəsindən tutmuş, istirahət otaqlarının vəziyyətinə qədər hər şey, necə deyərlər, çiçək kimidir. Burada qonaqlara elə bir Naxçıvan süfrəsi açılır ki, bir gələn mütləq bir də gəlmək istəyir. Gülərüz personalın qonaqlarla ünsiyyət qurmaq bacarığı isə heyranedicidir. Bizim, təbii ki, ünsiyyətlə bağlı problemimiz yox idi. Ən azı mehriban münasibətlərin qurulması xüsusunda yetərincə təcrübəmiz var...

Yay aylarında gəzmək, istirahət etmək üçün qürbət ölkələr axtarırıq, ammaAzərbaycanda, bəlkə də, çoxlarının Naxçıvanın turizm imkanlarından xəbəri yoxdur. Buraya bir dəfə gələn olarsa, hər dəfə istirahətini məhz burada etmək istəyəcəyinə şübhəmiz yoxdur. Çünki Naxçıvanda turistlərin mənalı istirahəti üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan həm də yeniliklər yaradılan diyardır. Burada o qədər lazımlı, insanların rahatlığını təmin edən yeniliklər tətbiq olunur ki, könül istər bunların hamısı Azərbaycanın digər bölgələrində də tətbiq olunsun. Məsələn, Şahbuz rayonununAğbulaq İstirahət Mərkəzi, bu kompleksə həm dəAğbulaq Xizək Mərkəzi də daxildir. Naxçıvanın müxtəlif idarə və müəssisələrində, dövlət idarələrində çalışan sakinləri hər həftənin şənbə və bazar günləri növbəli qaydada buraya təşrif buyurur, iki gün ərzində burada istirahət edir, əylənirlər, yaşayırlar, həm də təbii ki, qidalanırlar. Eyni zamanda burada yenə də növbəli qaydada məktəb şagirdlərinin, universitet tələbələrinin, ümumən, gənclərin istirahəti də təmin olunur. İki gün ərzində onlar da kompleksin, bu istirahət mərkəzinin bütün xidmətlərindən istifadə edirlər. Həmçinin şəhid övladlarının da burada istirahəti təmin olunur. Onlar da buraya təşrif buyururlar və iki gün ərzində istirahət edirlər. Maraqlıdır ki, bütün bunlara görə insanlarmərkəzə hər hansı ödəniş etmirlər. Ödənişlərin hamısı Həmkarlar İttifaqı komitələri tərəfindən həyata keçirilir.

İndi gələk bizim, doğrudan da, ilk dəfə eşidəndə inanılmaz görünən faktlara. Naxçıvanda uşaqlar atılmır. Heç kəs öz balasından imtina eləmir. Şəhərdəki uşaq evində atılmış, imtina olunmuş körpələrə rast gəlinmir. Valideynləri dünyasını dəyişmiş uşaqlar olarsa, bu halda onlar hərtərəfli araşdırmalardan sonra yaxın qohumlarının himayəsinə verilirlər. Ancaq bununla da iş bitmir. Uşaqların bütün ehtiyacları yetkinlik yaşına qədər muxtar respublikanın müvafiq qurumları tərəfindən qarşılanır.

Digər maraqlı fakt isə cinayət halları ilə bağlıdır. Daha doğrusu, onların azlığı və deyərdik ki, ümumiyyətlə, olmaması ilə bağlı. Muxtar respublikada ağır cinayətlər, ümumiyyətlə, baş vermir. Burada kimsə kimsənin başını kəsmir. Kimsə kiməsə silah tuşlamır. Ara-sıra qeydə alınan hansısa məişət mübahisələri, yaxud avtomobil qəzaları nəticəsində yaranan hüquqi məsuliyyət isə hesaba alınmaya da bilər. Naxçıvanın kəndlərində diqqətimizi çəkən layihələrdən biri də kənd mərkəzləri oldu. Burada həm bələdiyyələr, eyni zamanda icra nümayəndəliyi, poçt, internet və kompüter otaqları təşkil olunub ki, insanlar idarələr arasında qalmadan, get-gəl etmədən öz işlərini bir neçə dəqiqənin içində, bir mərkəzdə həyata keçirə bilirlər. Bir növ “ASAN xidmət”in kənd modeli təşkil olunub.

Naxçıvanda hər kəs öz işi ilə məşğuldur. Burada iş üçün də hər birşərait var, əylənmək, istirahət etmək üçün də. Əgər dövlət qurumları hər şənbə və bazar günləri sənin istirahət mərkəzlərində tam paket pulsuz istirahətini təmin edirlərsə, təhsildə yüksək nəticələr əldə edən övladına hərtərəfli qayğı göstərilirsə, məktəblilərin vaxtının səmərəli keçirilməsi üçün onları müntəzəm olaraq hansısa istirahət mərkəzində bilik yarışlarına və seminarlara cəlb edib, həmin mərkəzdəki bütün xidmətlərdən pulsuz istifadə imkanı yaradırlarsa, kənddə yaşayırsansa, xəstələnəndə rayon mərkəzinə və ya şəhərə getməməyin üçün şəhərdəki klinikalardan fərqlənməyən tibb məntəqələri ərsəyə gətirilirsə, hansısa sənəd almağın üçün idarələr arasında qalmayasan deyə, bütün administrasiyanı “ASAN xidmət” təsiri bağışlayan “KƏND MƏRKƏZİ” adlı binalarda cəmləşdirirlərsə, dərzini də, bərbəri də, çəkməçini də, axtardığın ərzağı da bir ünvanda tapırsansa, çağırdığın taksi 2 dəqiqəyə yanında olursa, ödəniş edərkən 20 qəpik qalığı belə, sənə qaytarırlarsa, avtobuslar saat dəqiqliyi ilə işləyirlərsə, ucqar dağ kəndlərindəki məktəblər Bakıdakı məktəblərdən fərqlənmirlərsə, müasir tələblərə cavab verən texniki vasitələrlə təmin olunurlarsa, nəinki kəndlərarası, hətta kənd içindəki yollar daAvropa yollarını xatırladan vəziyyətdədirlərsə, niyə cinayətə meyillənəsən ki? Belə yerdə adama, ancaq Allaha şükür etmək qalar... Odur ki, gəlin razılaşaq: Naxçıvan, doğrudan da, könül mülkünün barı, ellərin sevimli yarıdır. Nuh Peyğəmbər də bilirmiş, gəmini hara sürmək lazımdır...

Naxçıvanın tarixi memarlıq abidələrinin sırası kifayət qədər genişdir. Vaxtımızın azlığından yalnız bir neçəsinə baş çəkə bildik. Çox arzulayırdıq ki, Əlincə qalasına da gedək. Təəssüf, buna da vaxt imkan vermədi. İnşallah, növbəti səfərimizdə mütləq o möhtəşəm qalanı ziyarət edəcəyik. Həm də gözümüz Duzdağ Fizioterapiya Mərkəzində qaldı. Orada cəmi bir neçə dəqiqə olduq. Gördüklərimiz, insanların müalicəsi və istirahəti üçün yaradılmış şərait, doğrudan da, valehedicidir. Türkiyəli qardaşlarımız demişkən, 10 numaralıq bir yerdir. Yolunuz düşərsə, mütləq baş çəkin. Görün, Allah Naxçıvana hansı sərvətləri bəxş edib.

Hə, lap yadımızdan çıxmışdı. Naxçıvanda hətta işıqforlar da danışır. Özü də Naxçıvan ləhcəsi ilə...

Naxçıvan həm də Birinci və İkinci Qarabağ müharibəsində böyük şücaətlər göstərmiş, torpaqlarımızın azad olunmasında misilsiz xidmətləri olan qəhrəman oğulların məskənidir. Yüzlərlə şəhid verib bu diyar. Allah hər birinə rəhmət eləsin. Yolunuz həmişə açıq olsun, əziz Naxçıvan camaatı! Həmişə yeniliklər yaradın ki, biz də başqalarına nümunə göstərə bilək. Allah qismət eləsin ki, bir də gələk, bir də görək, bir də sevinək! Yaratdıqlarınızın hamısı Azərbaycanımızın adınadır!

Nicat DAĞLAR

Missiya.TV-nin baş redaktoru

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR