30 Noyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində birəsrlik tarixi boyunca mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illiyi münasibətilə tədbir keçilib.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyevin, dövlət müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbiri açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə təminat verən Qars müqaviləsi beynəlxalq tarixi, siyasi və hüquqi sənəd olması baxımından bu gün də böyük əhəmiyyət daşımaqdadır. Bununla bağlı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamda Azərbaycan Respublikası və Naxçıvan üçün bu taleyüklü müqavilənin tarixi əhəmiyyəti geniş şəkildə öz əksini tapmışdır. Bu Sərəncam muxtar respublika rəhbəri tərəfindən sözügedən müqavilənin hüquqi-siyasi əhəmiyyətinə verilən qiymətdir.
Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev bununla əlaqədar demişdir ki, Azərbaycanın ovaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul olunmuşdur. Ulu öndər Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.
Bildirilib ki, hələ ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən, Naxçıvana qarşı ermənilərin iddialarının daha da artdığı bir vaxtda bir neçə dəfə Türkiyə Cümhuriyyətinə rəsmi və işgüzar səfər etmiş, Türkiyə Cumhuriyyətinin ozamankı Prezidenti Turqut Özalla, və Baş nazir Süleyman Dəmirəllə danışıqlar aparmış, Qars müqaviləsini gündəmə gətirmiş, bu barədə yeni protokollar imzalamışdır. Görüşlər zamanı Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyində Qars müqaviləsinin rolu geniş şəkildə müzakirə edilmişdir. 100 il sonra məhz Ali Baş Komandan Prezident cənab İlham Əliyev 15 iyun 2021-ci il tarixi Şuşa Bəyannaməsində Azərbaycanın Qars müqaviləsinə sadiqliyini təsdiq etməklə Qafqazda və dünyada ədalətli lider dövlətin, regionda sülhün və sabitliyin əsas etibarlı qarantının məhz Türkiyə olduğunu bir daha nümayiş etdirmiş oldu. Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa Bəyannaməsi nəinki Azərbaycan-Türkiyə birliyini, qardaşlığını, əməkdaşlığını daha da möhkəmləndirəcək, hətta iki ölkənin birgə müdafiə olunmasını, bir-birini qorumasını və hərtərəfli dəstəkləməsini təmin edəcəkdir.
Çıxışda Naxçıvan Muxtar Respublikasının regionda mühüm geopolitik əhəmiyyətə malik olmaqla yanaşı, bu gün həm də region üçün iqtisadi, ticarət, nəqliyyat, turizm kimi mühüm sahələrdə də rol oynamasından bəhs olunub.
Tədbir digər çıxışlarla davam etdirilib.

AZƏRTAC

*  *  *

AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən növbəti interaktiv dərs Qars müqaviləsinin imzalanmasının 100 illiyinə həsr olunub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev dərsdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda mövcud olan ağır siyasi vəziyyət, xarici qüvvələrin Naxçıvanla bağlı planları, Moskva və Qars müqavilələrinin imzalanmasını labüd edən səbəblərdən bəhs edib. Akademik 1918-1920-ci illərdə erməni daşnaklarının Naxçıvanı Azərbaycandan qoparmaq üçün izlədikləri qeyri-leqal siyasi xətt, törədilən qırğınlar haqqında ətraflı məlumat verib. Naxçıvan əhalisinin daşnaklara qarşı inadlı müqaviməti, Behbud ağa Şahtaxtinskinin fəaliyyətinin Naxçıvan dövrü, Türkiyənin bu məsələdəki dəstəyi və rolu, zəruriləşən muxtariyyət məsələsi dərsin aparıcı xəttini təşkil edib.
Akademik şagirdlərə 1921-ci ildə Naxçıvanda keçirilən referendumun muxtariyyət statusunun qazanılmasındakı, Moskva və Qars müqavilələrində Naxçıvanla bağlı müddəanın qeyd olunmasındakı əhəmiyyətini izah edib, onlara tarixi Qars konfransı haqqında məlumat verib. Konfransda Türkiyə heyətinin dayanıqlı mövqeyindən, Rusiyanın müzakirə olunan əraziləri özünə birləşdirmək niyyətlərindən söz açıb. O aparılan müzakirə və mübahisələrin ardından imzalanan Qars müqaviləsinin mühüm əhəmiyyəti, sazişlə təsbit edilən ərazilər, eləcə də ermənilərin, ermənipərəst qüvvələrin fiaskoya uğrayan siyasətindən bəhs edərək bildirib ki, Qars müqaviləsinin V maddəsi və III əlavəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsini təsdiqləmiş, onun sərhədlərini qəti şəkildə müəyyənləşdirmişdir.

“Müddətsiz imzalanmış müqavilə ilə Ermənistan Naxçıvanı Azərbaycan ərazisi kimi tanıdı, Naxçıvan vilayətinin Azərbaycanın himayəsinə verildiyini və Azərbaycanın müdafiəsini qəbul etdiyini təsdiqlədi”, – deyən alim Qars müqaviləsini türk diplomatiyasının mühüm qələbəsi adlandırıb.
İnteraktiv dərsdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvanın muxtariyyət əldə etməsində Moskva və Qars müqavilələrinə böyük əhəmiyyət verdiyi vurğulanıb, dahi rəhbərdən və türk lideri Mustafa Kamal Atatürkdən sitatlar gətirib. Qars müqaviləsinin 100 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 2021-ci il 8 fevral tarixli Sərəncam və təsdiq olunan Tədbirlər Planının tarixi keçmişimizə dəyər verən mühüm siyasi sənəd kimi təhlil edilib.
Bölmənin sədri interaktiv dərs zamanı bildirib ki, 1921-ci ildə imzalanmış Qars müqaviləsi bütün XX əsr boyu öz müsbət rolunu oynamış və XXI əsrdə də bu davam edir. 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi – Müttəfiqlik müqaviləsi iki dost və qardaş ölkənin Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi. Şuşa Bəyannaməsi tarixi varisliyi göstərməklə Qars müqaviləsinin həyatiliyini və uzun­ömürlülüyünü bir daha təsdiqlədi.
Akademik İsmayıl Hacıyev sonda diqqətə çatdırıb ki, hər bir gənc tarixi həqiqətləri dərindən öyrənməli, əsl vətənpərvər kimi yetişməyi həyatının əsas amalı kimi müəyyənləşdirməlidir, çünki bu günün savadlı məktəblisi Azərbaycanın sabahkı inkişafının qarantıdır.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

*   *   *

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Naxçıvan” Universitetinin tələbələrinin iştirakı ilə Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş “Qars müqaviləsi və Naxçıvan” mövzusunda açıq dərs keçilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncamda bildirilir ki, 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan Sovet Sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir.
Diqqətə çatdırılmışdır ki, 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsi Naxçıvanın ərazi mənsubiyyətini bir daha təsdiqləyərək, onun sərhədlərini qəti surətdə müəyyənləşdirmişdir. Beləliklə, Moskva və Qars kimi beynəlxalq müqavilələrdə Naxçıvanın taleyi həll olunmuşdur. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit etmişdir. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.
Qeyd olunub ki, Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir.
Açıq dərsin sonunda mərkəzdə yaradılan “Ümummilli lider Heydər Əliyev”, “Şərq qapısı” – 100, “İsmayıl Hacıyev” – 70, “Qars müqaviləsi” – 100, “Yeni nəşrlər”, “Oxunması zəruri olan kitablar” adlı başlıqlardan ibarət sərgiyə, həmçinin mərkəzin çap materialları fonduna baxış olmuş, tələbələrin sualları cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR