03 Dekabr 2021, Cümə

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin birgə təşkilatçılığı, Avropa və Asiya ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Naxçıvanda Mühasiblərin və auditorların VII Avrasiya forumu keçirilib. Forum iştirakçıları tədbirdən öncə ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra forum iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar qonaqlarda böyük maraq yaradıb.

Ümumilikdə, 9 ölkənin peşəkar mütəxəssislərinin və yerli qurumların nümayəndələrinin iştirak etdiyi forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev açaraq bildirib ki, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Dövlət təşkilatları, hüquqi, fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili, aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində tədbirlər görülərək maliyyə, büdcə, vergi, mühasibat uçotu və audit fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verilir.

Qeyd edilib ki, bu gün maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının artırılmasına diqqət yetirilir, Maliyyə hesabatlarının beynəlxalq standartları, mühasibat uçotunun beynəlxalq standartları və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil edilir və digər zəruri tədbirlər həyata keçirilir. Muxtar respublikada maliyyə və mühasibat işi sahəsində çalışanların peşə hazırlığının təkmilləşdirilməsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi fəaliyyət göstərir.

Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxışında bildirib ki, son 20 ilin statistikası Naxçıvanda iqtisadiyyatın bütün sahələrində dinamik inkişafı bir daha təsdiq edir. Təqdirəlayiq haldır ki, muxtar respublika bu üstünlüyü blokada şəraitində, ölkəmizin 20 faizi işğal altında olduğu bir dövrdə əldə etmişdir. Təbii ki, bütün bunlara ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, bu xəttin uğurla davam etdirilməsi nəticəsində nail olunub.

Bu forumun təşkilinin ölkələrimiz arasında beynəlxalq əməkdaşlığın inkişafına, maliyyə, uçot və audit sisteminin təkmilləşdirilməsinə kömək edəcəyini vurğulayan Ziyad Səmədzadə bildirib ki, əsas məqsəd qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət, maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə, sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsi sahəsində peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq institusional mexanizmlərin fəaliyyət istiqamətlərini dəqiqləşdirmək, bu sahədə beynəlxalq standartların tətbiqi, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etməkdən ibarətdir.
Forumda mühasib və auditorların fəaliyyət prinsiplərinə uyğun 4 panel üzrə mühasibat uçotunun təkmilləşdirilməsində dövlət tənzimlənməsinin rolu, maliyyə hesabatlarında şəffaflıq problemləri, müasir çağırışlar: vergi və maliyyə hesabatlılığı, vergi qanunvericiliyi və maliyyə hesabatlarının beynəlxalq standartları, mühasibat uçotu sahəsində qanunvericilik, maliyyə hesabatlarının beynəlxalq standarlarının tətbiqi və digər mövzuları əhatə edən təqdimatlar olub.
Sonra forum iştirakçıları üçün “Duzdağ” otelində Qala gecəsi təşkil edilib. Qala gecəsində Böyük Britaniyanın Maliyyə Menecerləri İnstitutunun icraçı direktoru Garry Carterin təbriki videoslayd vasitəsilə çatdırılıb, aid sahələr üzrə çalışan peşəkar əməkdaşlara müxtəlif nominasiyalar üzrə mühasibat dünyasının oskarı sayılan, İCB Global tərəfindən Luca Pacolinin şərəfinə təsis edilmiş LUCA– mühasibatlıq, maliyyə və ümumilikdə, iqtisadiyyat sahəsində nailiyyətləri tanıyan və tanıdan beynəlxalq mükafat təqdim olunub. Həmçinin Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının keçirdiyi tədbirlərdə maraqlı təqdimatları, fəallığı ilə seçilən namizədlərə ayrı-ayrı nominasiyalar üzrə mükafatlar, eyni zamanda xarici ölkə təmsilçilərinə “Fəxri qonaqlar” nominasiyası üzrə hədiyyələr verilib. Naxçıvanın müasir inkişaf salnaməsindən bəhs edilən videoçarx, Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin ifasındakı rəngarəng rəqs və musiqi nömrələri forum iştirakçılarında xoş təəssürat yaradıb.
Mühasiblərin və auditorların VII Avrasiya forumu çərçivəsində beynəlxalq mühasib təşkilatları ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Forum iştirakçıları Prezident cənab İlham Əliyevə müraciət ünvanlayıb.
Forum iştirakçıları səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzində olub, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları-bal satış yarmarkası”nda da iştirak ediblər, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə kompleksləri, Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq forum iştirakçılarında muxtar respublikamızın tarixi, mədəniyyəti, turizm potensialı barədə zəngin təəssürat yaradıb.
Mühasiblərin və auditorların VII Avrasiya forumunun iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibələrində forumun əhəmiyyəti barədə danışıb, muxtar respublikanın hərtərəfli inkişafından söz açıblar.

Ziyad Səmədzadə – Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) Məsləhət Şurasının üzvü, Milli Məclisin deputatı, akademik: – Respublikamızın və dünyanın bir çox ölkələrinin nümayəndələri, iqtisadçıları ilə birlikdə Naxçıvanda gördüklərimiz bizi çox sevindirdi. Bildiyimiz kimi, Naxçıvan Azərbaycanın çox dinamik inkişaf edən, ildən-ilə sosial-iqtisadi göstəricilərini artıran, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində konkret ciddi addımlar atan bir diyarıdır. Burada böyük quruculuq işlərinin həyata keçirilməsi hamımızın sevincinə səbəb olur. Bu uğurlar Azərbaycanın ümumi iqtisadi inkişafına böyük töhfə verib.
Onu da deyim ki, bu beynəlxalq forum olduqca dəyərlidir. Belə ki, bu gün dünyanı narahat edən ən vacib problemlərdən biri şəffaflıq, korrupsiyaya qarşı mübarizə, uçotun şəffaflığının təmin olunmasıdır. Məhz bu istiqamətdə keçirilən forum Prezident cənab İlham Əliyev tərəfindən respublikamızda müəyyən edilmiş inkişaf strategiyasına, heç şübhəsiz ki, müsbət təsirini göstərəcək.
Naxçıvanlılara bütün bu işlərdə uğurlar arzulayıram. Bu gün biz fəxr edirik ki, qalib ölkənin əməkdaşıyıq. Naxçıvan uzun illər blokadada yaşayıb, çətinliklərlə üzləşib, lakin düşmən naxçıvanlıların iradəsini qıra bilmədi, 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində parlaq qələbənin qazanılmasında naxçıvanlı igid oğulları böyük qəhrəmanlıqlar göstərdilər. Hesab edirəm ki, bizim bu gəlişimiz çox əlamətdar oldu, heç şübhəsiz, burada gördüklərimizi, şahidi olduğumuz yenilikləri dostlarımıza, bütün Azərbaycan cəmiyyətinə çatdırmaqda da forumun əhəmiyyəti böyükdür. Təbii ki, belə beynəlxalq tədbirin Azərbaycanın bu qədim diyarında təşkilinin dərin əsasları vardır. Əvvəla, burada çox əlverişli ab-hava vardır, Naxçıvanın maliyyə sistemində böyük uğurlar əldə edilmişdir, forumda da deyildiyi kimi, muxtar respublikada vergi borcu yoxdur. Bu da o deməkdir ki, burada işə məsuliyyət, şəffaflıq vardır. Şəffaflığın təmin edilməsi üçün muxtar respublika rəhbəri çox böyük işlər görüb. Məhz bütün bu üstün cəhətlərə görə forumun Naxçıvanda keçirilməsi qərara alındı, tədbir çərçivəsində biz yerli nümayəndələrlə yanaşı, xarici mütəxəssislər də bir daha bu diyarın inkişafını əyani surətdə gördü.

Vahid Novruzov – Azərbaycan Respublikası Auditorlar Palatasının sədri: – Biz, bütün forum iştirakçıları, bütövlükdə, şəffaflıq probleminə, maliyyə hesabatlarının təkmilləşdirilməsinə həsr olunmuş çoxsaylı, maraqlı məruzələr dinlədik. Onu da qeyd edim ki, təşkilatımızın iştirakı ilə Naxçıvan şəhərində artıq bu, keçirilən üçüncü forumdur. Birinci seminar-müşavirə 2002-ci ildə reallaşıb. Sonrakı illərdə Naxçıvanda şəffaflığın artırılmasına, auditor xidmətinin inkişafına böyük diqqətin yetirilməsinin şahidi olmuşuq. Aparılan tədqiqatlar da göstərir ki, möhtərəm Prezidentimizin “Şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır” fikrinin reallaşması istiqamətində işlər muxtar respublikada uğurla həyata keçirilir. Biz auditorlar palatası olaraq muxtar respublikada auditor xidmətinin inkişafı ilə əlaqədar öz səlahiyyətlərimiz daxilində kadr hazırlığında, metodik təminatda lazımi köməkliyimizi göstəririk və hesab edirəm ki, bundan sonra bu istiqamətdə iş daha sistemli, daha ardıcıl şəkildə həyata keçiriləcək.

Mehriban İmanova – Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru: – Bu gün bütün naxçıvanlıların həyatında olduqca əlamətdar günlərdən biridir. Diyarımız növbəti beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edir. Mühasiblərin və auditorların VII Avrasiya forumu öz maraqlı müzakirələri, əhəmiyyətliliyi ilə yaddaşlarda qalacaq. Forumun əsas məqsədi Azərbaycanda mühasibat uçotu və auditin inkişafına təkan vermək, aktual məsələlərlə bağlı geniş təcrübə mübadiləsi aparmaqdan ibarətdir. İnanırıq ki, peşəkar mühasib təşkilatı olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası ilə sıx əməkdaşlığımız, eləcə də beynəlxalq mühasib təşkilatları ilə imzaladığımız memorandum Maliyyə Tədris Mərkəzinin gələcəyi üçün işıqlı yollar açacaq.

Tata Beridze – Gürcüstanın Mühasiblər Birliyinin direktoru, Gürcüstan Maliyyəçilər və Mühasiblər İnstitutunun sədri, ICFM & ICB-nin Gürcüstanda nümayəndəsi: – Forum çərçivəsində Azərbaycanın bu qədim diyarı ilə yaxından tanış olmaq imkanımız yarandı. Biznes Mərkəzində panellərarası fasilədə müşahidə etdiklərimə əsasən deyə bilərəm ki, muxtar respublikanın güclü iqtisadi imkanları vardır, istehsal olunan məhsulların müxtəlifliyi buradakı geniş biznes mühitindən xəbər verir. Naxçıvan həm qədim tarixi, həm müasir görkəmi, fərqli landşaftı ilə böyük marağımıza səbəb oldu. Forumun “Arıçılıq məhsulları-bal satış yarmarkası”na təsadüf etməsi də çox gözəl oldu, yarmarkada sərgilənən arıçılıq məhsulları bir-birindən maraqlı idi. Dəvət üçün, tədbirin təşkilinə görə öz minnətdarlığımı bildirirəm.

Nuriyyə Novruzova: – Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının sədri: – Bir peşəkar mühasib təşkilatı kimi uzun müddətdir, belə beynəlxalq tədbirlər keçiririk. Fikirləşdik ki, VII forum məhz Naxçıvanda reallaşdırılsın. Tədbir xarici qonaqlarımızın Naxçıvanla yaxından tanış olmaları üçün böyük fürsət yaratdı, onlar bu qədim diyarımızın bütün gözəlliklərini öz gözləri ilə gördülər. Forumun yüksək səviyyədə təşkilinə görə, bizimlə birgə bu işə böyük dəstək verdiyi üçün Muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm.

“Eyni mədəniyyətin, dilin, oxşar adət-ənənələrin olduğu bu şəhər, həqiqətən, insanda bir doğmalıq hissi yaşadır”, – deyən müsahibimiz, Gülgün Öztürkün də forum təəssüratları zəngindir: – Artıq iki gündür, Naxçıvandayıq. Bura ilk dəfədir, gəlməyimə baxmayaraq, bizə olan səmimi yaxınlığın, qonaqpərvərliyin müqabilində heç bir özgəlik hiss etmirəm. Səfərimiz çərçivəsində Naxçıvanın tarixi abidələrinə ekskursiyalar etdik. Şəhərə daxil olduğumuz andan ilk diqqətimi cəlb edən şey şəhərin təmiz və çox sakit olması idi. Bununla yanaşı, bir-birindən maraqlı və fərqli dizaynda park və xiyabanların olması, hər tərəfdə abadlıq-quruculuq işlərinin aparılması da insanda xoş təəssüratlar yaradır. Burada adını çox eştdiyim, lakin səfər çərçivəsində tanış olduğum Duzdağ isə Uca Yaradanın Naxçıvana verdiyi ən gözəl nemətdir.

Türkiyə və Azərbaycan respublikalarının tarixi sarsılmaz dostluq əlaqələrindən söhbət açan müsahibimiz Hakan Ustabaşı deyir ki, bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. Mədəniyyətin beşiyi hesab etdiyimiz Naxçıvanla bağlı fikirlərimiz çox yüksəkdir. Artıq layihənin son günündəyik və bu maraqlı şəhərdən ayrılacağım üçün, sözün əsl mənasında, təəssüflənirəm. İnsanların qonaqpərvərliyi, mədəniyyətlərin, düşüncə tərzinin üst-üstə düşməsi insanı sevindirir.

Müsahibimiz Ukrayna vətəndaşı Aksana Saxnaçkayanın dediklərindən: – Başdan-başa gözəlliklərlə dolu olan bu şəhərə ilk dəfədir, gəlirəm. İnanmazdım ki, bu iki gün müddətində bu qədər gözəl və maraqlı hadisələrin şahidi ola biləcəyəm. Burada maraqlı ekskursiyaların təşkil edilməsi səfərimizə başqa bir ab-hava qatdı, günümüz rəngarəng keçdi. Ekskursiya zamanı məndə ən çox maraq yaradan abidə isə Möminə xatın türbəsi oldu. İnsanı heyrətləndirən ən üstün məqam isə sözügedən abidənin əsrlərin, yüz illərin süzgəcindən keçərək müasir dövrümüzə gəlib çıxmasıdır. Gözəllik və cəlbediciliyi Naxçıvanın hər yerində görmək mümkündür.

Türkiyə vətəndaşı Müslüm Yılmaz Taner deyir ki, Azərbaycanın ən qədim şəhərlərindən biri olan Naxçıvana etdiyimiz bu səfər çərçivəsində bizimlə birlikdə doqquz ölkənin nümayəndələrinin iştirak etməsi də onu göstərir ki, Azərbaycanın dünya ölkələri ilə apardığı genişmiqyaslı siyasi əlaqələr bu gün də özünün ən uğurlu inkişaf yolundadır. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. İnanırıq ki, bu qədim və mədəniyyət nümunələri ilə zəngin olan diyar bunun kimi neçə-neçə uğurlu birgəliklərə, indi olduğu kimi bir çox taleyüklü təşəbbüslərə imza atacaq. Belə gözəl tədbirin təşkilinə görə bütün layihə iştirakçıları adından öz dərin minnətdarlığımı bildirirəm.

 Nail ƏSGƏROV
 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR