Sahibkarlığın inkişafı iqtisadi tərəqqinin əsas meyarlarındandır. Çünki istənilən bölgənin tərəqqisi sahibkarlığın inkişafı ilə birbaşa bağlıdır. İllərdir, dünya təcrübəsi də göstərir ki, bazar iqtisadiyyatı şəraitində bu sahəni inkişaf etdirmədən heç bir tərəqqidən, yeniliklərin tətbiqindən, ümumilikdə isə hərtərəfli inkişafdan danışmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev deyirdi: “Sahibkarların səmərəli işləməsi Azərbaycanın iqtisadi inkişafını təmin edən amildir. Ona görə də biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.
Təbii ki, ulu öndərimizin sahibkarlığa bu cür yanaşması ölkəmizdə özəl sektorun formalaşmasına böyük təsir göstərmişdir. Bazar iqtisadiyyatına keçidin uğurla başa çatdırılması sahibkarlıq subyektlərinin sayının daha da artmasına gətirib çıxarmış, nəticədə, milli iqtisadiyyatda özəl sektorun payı xeyli yüksəlmişdir. Bu yüksəlişi təmin edən əsas meyarlardan biri də dövlətin özəl sektorun inkişaf etdirilməsinə göstərdiyi diqqət və işgüzar mühitin yaradılmasıdır.