22 Oktyabr 2019, Çərşənbə axşamı

2012-ci il baş vermiş maraqlı hadisələr, əlamətdar günlər və görülmüş işlərlə yaddaqalan oldu. Dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda ötən ilin yekunlarına nəzər saldıqda görürük ki, ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında davam edən iqtisadi sabitlik və mədəni quruculuq hər birimizin həyatında dərin izlər buraxıb.

İşgüzar insanlar sosial-mədəni həyatın zənginləşməsinə yönəlmiş hər bir quruculuq addımının nə qədər çətin mərhələlərdən keçdiyini yaxşı bilirlər. İndiki liberal, yəni sərbəst iqtisadi fəaliyyət və söz azadlığı dövründə işgüzar insanların sayı da əvvəlki vaxtlarla müqayisədə dəfələrlə çoxdur. Başqa sözlə, indiki bazar iqtisadiyyatı və sərbəst sahibkarlıq şəraitində hər bir kəs cəmiyyətə faydalı olan biznes ideyaları ilə qısa müddətdə yaxşı gəlir əldə edib iş sahibi kimi tanına bilər. Eyni imkanlar demokratik cəmiyyət quruculuğunun məhsulu kimi azad söz sahibi olmaqla da yaranmışdır. Yəni bu yazını oxuyan hər bir oxucumuz istəsə, fikirlərini sosial şəbəkələr vasitəsilə bir an içində bütün dünyaya çatdıra bilər. Amma zamanın və texnologiyanın yaratdığı fürsətlər nə qədər artsa da, iqtisadi həyatda hər şey düşünülən kimi sadə və itisürətli deyil. Cəmiyyətdə mənafelərin gündən-günə dərinləşməsi, insanların sosial-mədəni tələbatlarının artması, qloballaşmanın yaratdığı kəskin beynəlxalq rəqabət, bir çox iri dövlətləri bürümüş maliyyə-iqtisadi böhranların təsirlərindən qorunmaq kimi onlarla belə faktlar bu yazıda göstərə biləcəyimiz çətinliklərin cüzi bir hissəsidir.

Ardını oxu...

Muxtar respublikada daha yaxşı manevr etmək imkanlarına malik müasir maşın-mexanizmlər və ağırtonnajlı yük avtomobillərinin sayı xeyli artıb. Həmin texnikalara yüksək keyfiyyətli servis xidmətləri göstərilməsi ciddi önəm verilən məsələlərdən biridir. Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti diqqətçəkicidir. Müəssisə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb.

Naxçıvan şəhərində yaradılan müəssisənin ərazisi 6827,5 kvadratmetrdir. Burada inzibati bina, yeməkxana, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsinə hərtərəfli şərait yaradılıb.
Yük və minik avtomobillərinin təmiri sexində Almaniya istehsalı olan avadanlıqlarla təmin edilmiş avtomobillərin diaqnostik müayinə mərkəzi yaradılıb. Kompyuterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir.
Boya sexində yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün Almaniya istehsalı olan havalandırma və istilik sistemi ilə təmin olunan, kompyuterlə idarə edilən xüsusi qurğu quraşdırılıb. İlkin olaraq avtomobillərdən nümunələr götürülüb müəssisənin laboratoriyasında analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, nazirlik və onun yerli vergi orqanları tərəfindən bu ilin ilk on bir ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 286 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 77 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 78 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi, 6 vergi ödəyicisində 19 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 35 vergi ödəyicisinin “fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 42 vergi ödəyicisinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 26 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib.
Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri zamanı 22 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərdiyi aşkar olunub. Qeyd olunan dövr ərzində 214 obyektdə nəzarət-kassa aparatları quraşdırılıb.
Bəhs olunan dövrdə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 105 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb, müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 114887 manat dövriyyə artımına nail olunub.
Cari ilin qeyd olunan dövrü ərzində təkcə ticarət, iaşə, tikinti və xidmət sahələrində fəaliyyət göstərən 459 işəgötürən hüquqi və fiziki şəxslərdə 159 yeni əmək müqaviləsinin və 833 əmək müqaviləsində müvafiq düzəlişlər aparılaraq əməkhaqlarının real səviyyədə bağlanmasına nail olunub.
Operativ vergi nəzarəti tədbirləri davam etdirilir.

 

Xəbərlər şöbəsi

Ağbulaq kəndi Şahbuz rayonunun ucqar dağlıq ərazidə yerləşən yaşayış məntəqələrindən biridir. Son illər muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən bu kənd də bəhrələnib. Belə ki, ötən ildən başlayaraq Ağbulaq kəndində bir neçə quruculuq tədbirinə start verilib. 

Obyektlərdən biri kənddə təhsilin səviyyəsini yüksəltmək məqsədilə inşa olunan 216 şagird yerlik müasir məktəb binasıdır. Üçmərtəbəli məktəb binasında tikinti işləri başa çatdırılıb, binanın daxilində suvaq işləri yekunlaşdırılıb.
Üçmərtəbəli kənd mərkəzində də inşaat işləri keyfiyyətlə həyata keçirilib. Burada kənd inzibati ərazi dairəsi üzrə nüma­yəndəlik, kənd kitabxanası, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi, rabitə evi fəaliyyət göstərəcək. Kənd mərkəzində tibb məntəqəsi üçün də otaqlar nəzərdə tutulub.
Kompleks quruculuq tədbirləri çərçivəsində Ağbulaqda yeni xidmət mərkəzinin inşası da başa çatdırılıb. Burada sakinlər sənaye, ərzaq və təsərrüfat malları mağazalarının, ət satışı dükanının, bərbərxananın və qadın gözəllik salonunun fəaliyyətindən istifadə edəcəklər. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları onlara yaradılmış şəraitdən səmərəli istifadə edərək obyektlərin vaxtında təhvil verilməsi üçün səy və bacarıqlarını əsirgəməyiblər. Bu səbəbdəndir ki, həyata keçirilən qurucu­luq tədbirlərində keyfiyyət amilinə diqqət yetirilib. Hazırda hər 3 obyektdə son tamamlama işləri görülür.
Onu da qeyd edək ki, Ağbulaq kəndinin geniş turizm potensialına malik olduğu və əlverişli iqlim şəraiti nəzərə alınaraq, ötən ildən adıçəkilən yaşayış məntəqəsində həm də Turizm və İstirahət Kompleksi yaradılır. Kompleks üçün ayrılmış ərazidə iki yaşayış, yeməkxana və texniki-məişət binası tikilib. Yaşayış binalarının hər biri ikimərtəbəlidir. Kompleksin yeməkxana binası 2 hissədən ibarətdir. Burada mətbəx və 144 yerlik yemək salonu yerləşəcək, inzibati hissədə isə kitabxana, tibb və iş otaqları kompleksdə dincələnlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, kompleks ilin bütün fəsillərində müasir ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcək. Obyektdə tikinti işləri davam etdirilir.

 

Xəbərlər şöbəsi

Türkiyəli mütəxəssislər tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin əməkdaşları üçün təlim kursu keçilib. Türkiyə Gömrük Laboratoriyalarının müdiri Öndər Göçmən, İstanbul Gömrük Laboratoriyasının müdiri Yaşar Çiftci, gömrük kimya mütəxəssisi Berat Qaramanın iştirakı ilə təşkil olunan təlim kursu üç gün davam edib.
Qeyd edək ki, Naxçıvanda yeni yaradılan Gömrük Ekspertizası İdarəsinin fəaliyyətinin dəstəklənməsi, lazımi köməkliklərin göstərilməsi ilə bağlı razılıq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədovun iştirakı ilə 23-24 avqust 2012-ci il tarixdə İstanbul şəhərində Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında keçirilən ikitərəfli görüşdə əldə olunmuşdu.
Təlim kursunun ilk günü türkiyəli mütəxəssislər Naxçıvan Gömrük Ekspertizası İdarəsinin maddi-texniki bazası ilə yaxından tanış olublar. Qonaqlara laboratoriyada ekspertizası aparılacaq qida məhsulları və digər analizlər haqqında ümumi məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Mütəxəssislər Türkiyə gömrük laboratoriyalarının tarixi, iş prinsipi və uğurları haqqında ətraflı məlumat veriblər.
Kursun ikinci günü nəzəri biliklərin təcrübədə tətbiqi məqsədilə mövcud cihazlardan istifadə, analizlərin aparılması və nəticələrin ümumiləşdirilməsi, yekun rəyin verilməsi qaydaları tədris olunub. Yoğurt və kərə yağından götürülmüş nümunələrdə turşuluq və yağlılıq analizləri aparılıb. Mütəxəssislər istifadə etdikləri analiz metodlarını əyani şəkildə təlim iştirakçılarına göstəriblər.
Kursun sonuncu günü təlimin yekunu müzakirə edilib. Türkiyəli mütəxəssislər malların gömrük ekspertizası zamanı diqqət yetirilməsi zəruri olan məsələləri bir daha xatırladaraq Türkiyə gömrük xidməti tərəfindən Naxçıvan Gömrük Ekspertizası İdarəsinin işinə bundan sonra da əməli köməklik göstəriləcəyini, qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.


Rahil TAHİRLİ
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR