12 Dekabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2012-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda agentliyin Baş direktoru Hikmət Əsgərov məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, muxtar respublikada 2012-ci ildə əhali arasında sığorta mədəniyyətinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində 2011-ci illə müqayisədə sığorta tədiyyələrinin toplanması həcmi 2,2 dəfə, bağlanmış sığorta müqavilələrinin sayı 1,3 dəfə artmışdır. Ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 20474 ədəd sığorta müqaviləsi artıq bağlanmışdır. Ötən il 2011-ci illə müqayisədə əmlak sığortası üzrə 16578 ədəd, şəxsi sığorta üzrə 3896 ədəd artıq sığorta müqaviləsi bağlanmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon, (şəhər) Dövlət Sığorta agentlikləri tərəfindən 2012-ci ildə sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 602 müqavilə bağlanmış, 306,7 min manat sığorta tədiyyəsi toplanmışdır. İstehlak krediti götürənlərin 2602 nəfəri ilə fərdi qəza və xəstəlik sığortası müqaviləsi, ipoteka krediti götürən vətəndaşlarla 42 ipoteka əmlak, 46 ipoteka həyat sığorta müqaviləsi bağlanılmışdır.
2012-ci ildə sənayedə, tikintidə, nəqliyyatda, dövlət və qeyri-dövlət müəssisələrində, sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olan işəgötürənlərlə iş aparılmış, 514,4 min manat sığorta haqqı toplamaqla, 44 mindən artıq işçinin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstə­liklərindən peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası təmin olunmuşdur. Bu sığorta növü üzrə, ümumilikdə, 2012-ci ildə 2011-ci illə müqayisədə 21 faiz artıq sığorta tədiyyəsi toplanmışdır.

Ardını oxu...

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə açaraq məruzə ilə çıxış edən nazir Hafiz Yaqubov bildirmişdir ki, 2012-ci ildə muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət ekoloji siyasəti uğurla davam etdirilmişdir.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə ekoloji ödənişlərin təyin edilməsi, icrasına nəzarət diqqətdə saxlanılmışdır. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 27 müəssisəyə 28 min 764 manat məbləğində ekoloji ödəmə haqqı tətbiq edilmiş, ötən müddət ərzində ödənişin tam icrasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə ekoloji monitorinqlər aparılmışdır. Muxtar respublikanın daxili sularında 32 monitorinq-yoxlama aparılmışdır.
Ekologiya sahəsində Azərbaycan Respublikasının mövcud qanunlarına uyğun olaraq, muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanunazidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 35 yoxlama-reyd keçirilmiş, 12 qanunazidd hal aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
“Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 3 hektar, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisində 3,5 hektar, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazisində 2 hektar meyvə (cəviz, badam, şaftalı, alma, armud) bağları salınmışdır”, – deyən Hafiz Yaqub­ov bu tədbirlərin “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun icra olunduğunu bildirmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilən kollegiya iclası keçirilib. İclası giriş sözü ilə nəqliyyat naziri Mirsənani Seyidov açaraq məruzə edib.
Nazir bildirib ki, İran İslam Respublikasının “Ədl Seyr İranian” nəqliyyat şirkəti ilə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsi arasında bağlanan müqaviləyə əsasən, Naxçıvan-Urmiya-Naxçıvan marşrutu 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Bu marşrutun açılması Şərur və Kəngərli rayonlarının əhalisinin həmin marşrutdan rahat istifadə etməsinə imkan yaradıb. İran İslam Respublikasının ərazisindən keçməklə Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobus marşrutunun Naxçıvan əhalisi üçün xüsusi əhəmiyyətini nəzərə alan nazirlik bu marşrutun fəaliyyətini diqqət mərkəzində saxlayır. Həmin marşrut üzrə işləyən TEMSA markalı avtobuslar cari təmir edilib, bəzi hissələri dəyişdirilərək işlək vəziyyətə gətirilib.
Ötən il bu avtobuslarla Naxçıvandan Bakıya 64277 nəfər, Bakıdan Naxçıvana isə 40457 nəfər sərnişin daşınıb. 299 nəfər fiziki və hüquqi şəxs lisenziyaya cəlb edilib, 514 nəqliyyat vasitəsinə lisenziya kartları verilib. Bu müddət ərzində vergiyə cəlb olunan 13231 avtonəqliyyat vasitəsinə fərqlənmə nişanı verilib. Fərqlənmə nişanı verilən avtonəqliyyat vasitələri tərəfindən 221580,50 manat vergi ödənilib. Lisenziya almış avtomaşınların texniki müayinədən keçirilməsindən əldə olunan 47037,60 manat vəsait nazirliyin xüsusi hesabına, lisenziya haqqı olaraq toplanan 44850 manat vəsait isə büdcəyə köçürülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyində 2012-ci ilin yekunlarına dair iclas keçirilmişdir. İclasda agentliyin direktoru Qardaşxan Əliyev çıxış edərək bildirmişdir ki, agentlik dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət, aşkarlıq və şəffaflıq prinsipini təmin etmək, dövlət vəsaitlərindən qənaətlə və səmərəli istifadə olunmasına zəmin yaratmaq, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi bazanı təkmilləşdirmək, satınalan təşkilatlara dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə müəyyən işlər görmüş, bu istiqamətdə öz fəaliyyətini genişləndirmişdir. 

Dövlət vəsaitləri, o cümlədən büdcə vəsaitləri, kreditlər, qrantlar və dövlət müəssisələrinin xüsusi vəsaitləri hesabına keçirilən satınalmalarla əlaqədar müəssisə və təşkilatların tender komissiyalarına Dövlət Agentliyinin əməkdaşları tərəfindən tender prosedurlarının təşkili və keçirilməsinə dair metodik köməklik göstərilmiş, tender sənədlərinin hazırlanmasına dair geniş izahatlar verilmişdir. Dövlət satınalmaları zamanı yerli məhsulların satın alınmasına üstünlük verilməsi tövsiyə edilmişdir.
Qeyd olunmuşdur ki, 2012-ci il ərzində muxtar respublikanın müəssisə və təşkilatları tərəfindən 128 satınalma proseduru həyata keçirilmişdir. Bir satınalma zamanı bir mənbədən satınalma metodundan istifadə edilərək birbaşa müqavilə bağlanmışdır. Müsabiqə yolu ilə keçirilmiş digər 127 satınalma prosedurları üzrə bağlanmış satınalma müqavilələrinin qiyməti 49630424,00 manat təşkil etmişdir və satınalma predmetlərinin ehtimal olunan qiymətinin 2202032,00 manat və ya 4,25 faizinə qənaət edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. İclasda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nizami Məmmədov çıxış edərək bildirmişdir ki, ötən dövr ərzində muxtar respublikada dayanıqlı əhali məskunluğunun təmin edilməsi üçün böyük əmək sərf olunmuşdur.
Hazırda əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. 2012-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 348 min 182 kva­d­­­-ratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici ilə müqayisədə 20,7 dəfə çoxdur. 2012-ci ildə xidmətdə daşınmaz əmlakın dövlət reyestrinin bütün bölmələri üzrə 4559 əmlak üzərində yaranan hüquqların qeydiyyatı aparılmışdır. Hesabat dövrü ərzində hüquq sahiblərinə (yüklülü­yün qeydiyyatı ilə birlikdə) 4975 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir ki, bu da ötən illə müqayisədə 294 ədəd çoxdur.
2012-ci il ərzində xidmətdə 5028 daşınmaz əmlak üçün texniki sənədin tərtib edildiyini bildirən Nizami Məmmədov qeyd etmişdir ki, hesabat dövründə xidmət tərəfindən vətəndaşlara göstərilən müxtəlif növ xidmətlərdən 203899,00 manat vəsait qəbul olunaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hesabına ödənilmişdir. 2011-ci ilin müvafiq dövründə isə bu rəqəm 192515,43 manat olmuşdur. Xidmət üzrə 2012-ci ildə vətəndaşlara göstərilən müxtəlif növ xidmətlərdən 254106,00 manat dövlət rüsumu qəbul olunaraq dövlət büdcəsinə ödənilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 23281,00 manat çoxdur.
Nizami Məmmədov işdə buraxılan nöqsanlara da toxunmuş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR