14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yaradılan şərait insanların yurda, torpağa bağlılıq hisslərini daha da gücləndirib

Babək rayonunun müasirliyə qovuşmuş kənd­lərindən biri də Zeynəddindir. Muxtar respublikamızın qədim yaşayış məntəqələrindən olan Zeynəddinin tarixini göstərən faktlardan biri ərazisində eradan əvvəl V-III minilliklərə aid “Dəyirman yeri” arxeoloji abidəsinin tapılmasıdır.

AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında Zeynəddin barədə yazılır ki, 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır.
Bu gün kənd qədimliyi ilə yanaşı, müasir görünüşü ilə də gələn qonaqların diqqətini cəlb edir. Son illərdə muxtar respublikada aparılan abadlıq-quruculuq işlərindən bu kəndə də xeyli pay düşüb. Müasir tələblərə cavab verən kənd mərkəzi, həkim ambulatoriyası, orta məktəb və musiqi məktəbi binalarının tikilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir. Kənddaxili yollar genişləndirilib, asfalt örtük salınıb. Kənd camaatının içməli suya olan tələbatını tam ödəmək üçün artezian quyuları qazılıb. Elektrik enerjisinin verilməsində yaranan problemlərin aradan qaldırılması üçün yeni transformatorlar quraşdırılıb. Köhnə elektrik dirəkləri yeniləri ilə əvəz olunub.

Kənd sakini Yəhya Zeynalov deyir ki, əvvəllər əhali elektrik enerjisi sarıdan çox əziyyət çəkib. O qeyd edir ki, 90-cı illərin əvvəllərində saatlarla elektrik enerjisinin verilişini gözləyərdik. O vaxtlar gün ərzində cəmi 4-5 saat elektrik enerjisi verilirdi. Necə deyərlər, qışda soyuqdan əziyyət çəkərdik, yayda istidən. O zamanlar insanların əli torpaqdan soyumuşdu. Çünki sabaha inam yox idi. Ancaq yaxşı ki, bu çətin günlər tez bir zamanda arxada qaldı. Dahi rəhbər Heydər Əliyev Naxçıvana qayıdanda Zeynəddin kəndinin sakinlərinin də ürəyində sabaha ümid qığılcımları közərdi. Artıq hər kəs anladı ki, bu torpağın, bu diyarın əsl sahibi gəlib. Nə olursa-olsun, O, insanları darda qoymayacaq. Beləcə, yavaş-yavaş Zeynəddin kəndinin sakinlərinin gün-güzəranı da yaxşılaşdı. Torpaqların kəndliyə qaytarılmasından sonra hər kəs öz payına düşən torpaqda əkib-becərdi, gün-güzəran yaratdı. Övladlarımız yaxşı təhsil almağa başladılar. Bu gün ulu öndərin davamçılarının gördüyü işlər bütün muxtar respublika sakinləri kimi, zeynəddinlilər tərəfindən də minnətdarlıqla qarşılanır.
Əvvəllər kənd məktəbi deyiləndə uçuq-sökük tikililər, köhnə avadanlıqlar, kömür sobaları, qırıq taxta parçaları ilə örtülmüş pəncərələr yada düşürdü. Başqa sözlə, bu mənzərələr klassik kənd məktəbinin dəyişməz nümunəsi idi. Ancaq 1995-ci ildən sonra qurucu insanlar bu mənzərəni tamamilə dəyişdi. Elə bu dəyişiklikdən Zeynəddin kənd məktəbi də öz payını alıb. Kəndin gələcək perspektivi nəzərə alınaraq inşa edilən 612 şagird yerlik 2 mərtəbəli məktəb binasında 34 sinif, hərbi, kimya, biologiya kabinələri, iki kompüter sinfi, kitabxana vardır.
İllər öncə bir kompüterin belə olmadığı kənddə indi, demək olar ki, evlərin əksəriyyətində sürətli internetdən istifadə olunur. Məktəbdə informatika dərslərinin ən yüksək səviyyədə tədrisi nəticəsində şagirdlər müasir kompüter proqramlarından rahatlıqla istifadə edə bilirlər. Burada 17 dəst kompüter quraşdırılıb ki, bunlardan da 9-u internetə qoşulub. Təhsil ocağında mütəmadi olaraq interaktiv dərslər təşkil edilir, muzeylərlə məktəb arasında virtual əlaqə yaradılır.
Bu gün kəndin uşaq və yeniyetmələrinin, eləcə də gənclərin ən çox üz tutduğu ünvanlardan biri də məktəbin kitabxanasıdır. Hazırda kitabxana fondunda 8 min 125 dərslik və 3 min 525 bədii ədəbiyyat olmaqla, 11 min 650 kitab vardır. Xüsusən yuxarı sinif şagirdləri ilə söhbətlərimiz zamanı bir daha aydın olur ki, bu günün məktəblisi klassik və müasir dünya ədəbiyyatı, eləcə də Azərbaycan söz sənəti haqqında müfəssəl biliklərə malikdir.
Sevindirici haldır ki, hər il olduğu kimi, ötən buraxılış ilində də məktəbin şagirdləri ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstəriblər. İmtahanlarda iştirak edən məzunlardan 10 nəfəri ali məktəblərə qəbul olunub.
Təhsil ocağında müasir idman zalı da yaradılıb. Hər il rayonda keçirilən idman yarışlarında məktəbin şagirdləri yüksək nailiyyətlər qazanırlar. Ötən il də bu uğuru davam etdiriblər. Müxtəlif yarış növlərində güclərini sınayan məktəbin idmançı şagirdləri güləş yarışlarında 1-ci yeri, voleybol yarışlarında 2-ci yeri tutublar.
Uşaqların musiqi təhsilinə marağı nəzərə alınaraq orta məktəbin yanında yaraşıqlı musiqi məktəbi də tikilib. Burada qarmon, piano, skripka, kamança, qanun, nağara, tar və xanəndəlik ixtisasları öyrədilir.
Münbit torpaqların, su mənbələrinin olması kənd əhalisinin əkin-biçinlə və heyvandarlıqla məşğulluğuna şərait yaradır. Yaz fəsli gələndə gözoxşayan taxıl zəmiləri, çiçək açan bağçalar insanı valeh edir. İqtisadi səmərəlilik baxımından gəlirli sahələrdən olan üzümçülüyə bu kənddə maraq böyükdür. Ölkə rəhbəri cənab İlham Əliyevin “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 15 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində Babək rayonunda görülən işlər Zeynəddin kəndini də əhatə edib.
Yaşlı sakinlərdən olan Əsgər Əliyevin dediyinə görə, əvvəllər bu kənddə böyük üzüm sahələri olub. Elə indi də kənd camaatının əksəriyyətinin həyətyanı sahəsində məhsuldar üzüm bağları var. Zeynəddində üzümün bir çox sortları yetişdirilir. Bunlardan sarı və qara kişmişi, əsgəri, xəlili, haçabaş və digər sortları göstərmək olar. Üzümdən kişmiş, mövüc, doşab, sirkə hazırlamaq kənd əhalisinin əsas məşğuliyyətlərindəndir. Belə məhsullara ilboyu bazarda tələbat olur. Üzümçülüklə məşğul olan torpaq mülkiyyətçilərindən Aslan Məmmədov, Ölkə Hacıyeva və Mirhəbib Seyidov sırf kişmiş istehsalı ilə məşğul olurlar.
Kənddə meyvə-tərəvəzçilik də geniş inkişaf etmiş sahələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” kəndin bu sahə ilə məşğul olan torpaq adamları üçün geniş imkanlar açıb. Bunun nəticəsidir ki, kənddə meyvə bağları salınır, mövcud bağlardakı ağacların məhsuldarlığının artırılması məqsədilə seleksiya tədbirləri həyata keçirilir. Mövsüm boyu bir çox ailələrin bütün fərdləri tarla işlərinə cəlb edilirlər. Çünki iş o qədər çox olur ki, bunun öhdəsindən tək bir nəfər gələ bilmir. Kağlama, vərqoyma, dibdoldurma və sair kimi işlər çox əmək tələb etdiyindən evin hər bir sakininin köməyinə ehtiyac duyulur.
Zeynəddində olarkən buradakı gülçülük təsərrüfatına da baş çəkdik. Əsəd Abbasovun yaratdığı gülçülük sahəsi qısa bir müddətdə tanınıb. Gülçülük təsərrüfatı 2014-cü ilin aprel ayında yaradılıb və 4 min 600 kvadratmetr olan sahədə 8 istixanaya 9 növdə 50 min gül şitili əkilib. Təsərrüfatda güllərin damcı üsulu ilə suvarılmasının təşkili, temperaturun normada olmasının xüsusi aparatlar vasitəsilə tənzimlənməsi, torpağa edilən qulluq, xəstə­liklərə qarşı tədbirlərin diqqətlə aparılması məhsuldarlığı artıran amillərdəndir.
Sahibkar Əsəd Abbasov bildirir ki, 12 ildir, gül satışı ilə məşğuldurlar.Vaxtilə ölkəmizin paytaxtı Bakı şəhərindən, İrandan, Türkiyədən gül gətirib Naxçıvan şəhərindəki “Al çiçəyim” mağazasında satışını təşkil ediblər. Üç il öncə özləri təsərrüfat yaratmağa qərar veriblər. Ötən il Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürüb təsərrüfatı böyüdüblər. İstixanaları birləşdirərək, min kvadratmetr də artıraraq 5 min 600 kvadratmetrə çatdırıblar. İndi növbənöv güllər təkcə Naxçıvanda deyil, Bakı şəhərində də özünə yaxşı alıcı qazanıb. Amma onlar daha geniş bazarlara çıxmağı qarşılarına məqsəd qoyublar. Bu gün Rusiya Federasiyasının Moskva, Krasnodar şəhərlərində və Ukraynada da Naxçıvan gülləri satışa çıxarılır.
Bəli, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, Zeynəddin kəndinin sakinləri də rahat yaşayırlar. Bütün bu gözəl şəraiti isə dövlətimiz yaradıb. Yaradılan şəraitdən düzgün istifadə etmək, tikilənləri, qurulanları qorumaq isə hər birimizin vətəndaşlıq borcudur.

 Nail Əsgərov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272123
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1744
4121
9892
56769
3272123

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter