03 Dekabr 2020, Cümə axşamı

Bərpaolunan enerji mənbələrindən istifadə bütün dünyada olduğu kimi, muxtar respublikamızda da təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsinin ən yaxşı yollarından biri hesab olunur. Bu baxımdan Günəş, külək, su və bioenerji kimi alternativ enerji mənbələrindən daha çox istifadə məsələləri iqtisadiyyatın inkişafı ilə aktuallıq qazanır ki, bu da, son nəticədə, enerji təhlükəsizliyimizə öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi problemi öz aktuallığını həmişə qoruyub saxlayıb. Müasir dövrdə bu, yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadə ilə öz həllini uğurla tapmaqdadır. Bu baxımdan Naxçıvanın böyük hidroenerji ehtiyatları ilə yanaşı, ekoloji cəhətdən təmizliyi və təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addım olub. Günəş Elektrik Stansiyası Naxçıvanın enerji asılılığından tamamilə azad olması və onun elektrik enerjisi idxalçısından ixracatçıya çevrilə bilməsi yolunda son illərdə muxtar respublikada həyata keçirilmiş enerjiyönümlü layihələr arasında əhəmiyyəti ilə seçilməkdədir. Digər tərəfdən, bu layihə həm də onunla əhəmiyyətlidir ki, Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa­olunan enerji mənbələrindən istifadənin ümumi enerji istehsalında 60 faizdən çox olması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ən yüksək ümumi bal toplayaraq lider mövqeyə çıxmasında mühüm amillərdəndir.

2015-ci ildə Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikilmiş Naxçıvan Günəş Elektrik Stansiyası ilk olaraq 20 meqavat güclə istismara verilib. Daha sonra 2017-ci ildə stansiyanın layihə gücü əlavə 2 meqavat artırılaraq 22 meqavata çatdırılıb. 2017-ci il ərzində muxtar respublikada istehsal edilmiş 431 milyon 691 min kilovat-saat elektrik enerjisinin 31 milyon 313 min kilo­vat-saatı Günəş Elektrik Stansiyasında istehsal edilərək enerji sisteminə ötürülüb ki, bu da ümumi istehsalın 7,25 faizini təşkil edib. Nəzərə alsaq ki, bu qədər enerji hasilatı bir zamanlar, yəni ölkəmizin müstəqilliyinə qədərki dövrdə Naxçıvanda tək elektrik enerjisi mənbəyi olmuş Araz Su Elektrik Stansiyasının verdiyi enerjinin, təxminən, yarısı qədərdir, onda Günəş Elektrik Stansiyasının strateji əhəmiyyətini bir daha görmək mümkündür.
Hazırda Naxçıvanın çox böyük elektrik enerji potensialı vardır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsinə daxil olan səkkiz ədəd elektrik stansiyasının ümumi qoyuluş gücü, ümumilikdə, 239,4 meqavat təşkil edir. Cari ilin ilk 6 ayında Günəş Elektrik Stansiyasında 17 milyon 302 min kilovat-saat elektrik enerjisi istehsal olunub.
Günəş Elektrik Stansiyasının əhəmiyyəti bir də onunla seçilir ki, o, Naxçıvanın enerji resurslarının bərabər paylanılmasında və şəbəkələrin həddən artıq yüklənməsinin qarşısının alınmasında çox əlverişlidir. Naxçıvanda günəşli günlərin sayının çoxluğu, burada müxtəlif məqsədlər üçün sərf edilən enerji sərfiyyatının yay fəslində daha çox olması bu baxımdan stansiyanın əhəmiyyətliliyini ortaya qoyur. Belə ki, Günəş Elektrik Stansiyası yay aylarında isti hava şəraitinə görə daha çox yüklənməyə məruz qalan digər stansiyaların işinin yüngülləşdirilməsinə kömək edir.
Naxçıvan Günəş Elektrik Stansiyası ən son texnoloji yeniliklər əsasında qurularaq fəaliyyət göstərir. 36 hektar ərazidə tikilmiş stansiyada ən müasir “şüşə-şüşə” tipli günəş panelləri quraşdırılıb, onun fəaliyyəti tamamilə kompüterləşdirilib. Buradakı invertorlar, transformator, komutasiya aparatları və digər elektrik avadanlıqları ilə təchiz olunmuş 13 transformator yarımstansiyası quraşdırılıb. Havaların istiləşməyə başladığı günlərdən etibarən stansiyanın yay rejiminin tətbiqi buradakı bütün avadanlıqların avtomatik soyutma sisteminə keçməsini təmin edib ki, bu da təhlükəsizlik və faydalı iş əmsalının artması deməkdir.
Naxçıvan Günəş Elektrik Stansiyası təkcə muxtar respublikamızın deyil, eləcə də ölkəmizin və yaxın regionun uğurlu layihələrindəndir. Belə layihələrlə müstəqil ölkəmizdə bir daha sübut olunub ki, sahib olduğumuz təbii sərvətlərlə biz artıq bütün sahələrdə öz sözümüzü deməyə, ölkəmizin iqtisadi gücünü artırmağa qadirik.

 Əli CABBAROV

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR