Ordubad rayonunun Sabirkəndində arıçılıq təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev açıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev, İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Hicran Abışov, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov, Dövlət Baytarlıq Xidmətinin aparıcı məsləhətçisi Hüseyn Məmmədov, Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Süleyman Rüstəmov, Naxçıvan Dövlət Universitetinin dosenti Mirmahmud Seyidli muxtar respublikada arıçılığın inkişafı ilə bağlı mövzularla çıxış ediblər.
Qeyd olunub ki, muxtar respublikada qədim və çox əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən dövlət qayğısı öz bəhrəsini verib. Son illər ərzində arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kredit verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb. Naxçıvanda arıçılığın inkişafı sahəsində görülən tədbirlərin nəticəsidir ki, əgər 2000-ci ildə arı ailələrinin sayı 12 min idisə, 2017-ci ildə bu rəqəm 71 min 66 olub.

Bu gün muxtar respublikada 4800-dən çox sahibkar arıçılıqla məşğuldur. 2017-ci ildə muxtar respublikada 1424 ton bal istehsal edilib. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı” isə yerli və ənənəvi arı cins­lərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstə­liklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına, ana təbiətin yenidən etibarlı qorunmasına şərait yaradıb.
Vurğulanıb ki, muxtar respublikamızda arıçılıqla 4070-dən çox sahibkar məşğul olur ki, onlardan 549 sahibkarın 20 ailədən 250 ailəyə qədər arı ailəsi vardır.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara arıçılığa aid yaddaş kitabçaları təqdim edilib.

Abbas Seyid