15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Bu gün mətbəximizdə ən çox istifadə etdiyimiz ərzaq məhsullarından biri kartofdur. Hazırda strateji məhsul sayılan kartof çörəkdən sonra ən çox ehtiyac duyulan qida növüdür. Kartofçuluğun inkişafına muxtar respublikamızın torpaq mülkiyyətçiləri tərəfindən böyük maraq vardır.

Əvvəlcə onu qeyd edək ki, ötən əsrin sonlarında məlum ictimai-­siyasi vəziyyət digər sahələr kimi, muxtar respublikanın kənd təsərrüfatı sahəsinə də böyük təsir göstərmişdi. Mövcud vəziyyət muxtar respublikaya xaricdən bir çox kənd təsərrüfatı məhsullarının idxalını zəruri etmişdi ki, kartof da belə ərzaq məhsulları içərisində öncül yerlərdən birini tuturdu. Ancaq kənd təsərrüfatı sahəsində aparılan köklü islahatlar, ənənəvi yerli məhsulların becərilməsinə dövlətimiz tərəfindən hərtərəfli dəstəyin göstərilməsi qısa müddətdə muxtar respublikada kartofçuluğun da inkişafına mühüm təsir göstərib. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə qəbul edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)” bu sahədə yeni mərhələnin başlanmasına təkan verib. Ötən dövrdə proqramın uğurlu icrası bir çox torpaq mülkiyyətçilərinin kartofçuluğa olan marağını artırıb. Belə torpaq mülkiyyətçilərindən biri də Ordubad rayonunun Üstüpü kəndində yaşayan 62 yaşlı Tağı Nəcəfovdur. Sovetlər Birliyi dövründə uzun illər aqronom kimi çalışan Tağı Nəcəfov muxtar respublikada aparılan torpaq islahatlarından sonra sahibkarlıq fəaliyyətinə başlayıb.

Müsahibim deyir ki, Üstüpü kəndinin məhsuldar torpaqlara, həmçinin əlverişli iqlim şəraitinə malik olmasının nəticəsidir ki, burada yetişdirilən kənd təsərrüfatı məhsulları öz dad-tamı ilə seçilir. Elə bu səbəbdən də bu torpaqlarda bitən məhsullara alıcılar tərəfindən yüksək tələbat vardır. Kənd zəhmətkeşlərinin bazara çıxardığı kartof, kələm, lobya, min bir dərdin dərmanı olan bal dərhal özünə alıcı tapır. Barlı-bəhərli Üstüpü torpağının hər qarışına bələd olan Tağı Nəcəfov ailəsi ilə birlikdə hər il, təqribən, 5 hektar sahədə məhsul yetişdirir. Müsahibim deyir ki, Üstüpü kəndi ərazisində yerləşən, muxtar respublikanın yüksək zirvələrindən olan Yağlı dərənin yaxınlığındakı Nəbili yurdu yaylağında kartof əkini üçün iki hektardan artıq torpaq sahəmiz vardır. Elə il olur ki, həmin sahədən 90 tona yaxın məhsul götürürük. Yığılan məhsulun bir hissəsini qış üçün tədarük edir, kiçik olanları toxum üçün ayırır, qalanını isə kənd təsərrüfatı yarmarkalarında satışa çıxarırıq. Onun dediyinə görə, hətta becərdiyi sahələrdən çəkisi 970 qrama yaxın kartof da əldə edib.
Tağı Nəcəfov bildirir ki, bizim yerlər ta qədimdən kartofçuluğun inkişaf etdirildiyi yer kimi tanınıb, elə keçmişdən bu sahəyə xüsusi diqqət yetirilib. Onun dediklərindən:
– Mənim atam da təsərrüfatçı olub. Torpağa bağlılıq hissi mənə atamdan qalan mirasdır. Fikrimcə, insanı yaşadan su, hava qədər dəyərli nemətdir torpaq. Torpağın məhsuldar olmasını istəyirsənsə, gərək ona baş əyəsən, qulluq edəsən. Məhsuldar kartof istehsalı üçün, təbii ki, təkcə zəhmət bəs etmir, gərək bu bitkinin, necə deyərlər, dilini biləsən, aqrotexniki tədbirlərə dəqiq əməl edəsən. Bunun üçün ilk olaraq düzgün torpaq sahələri seçilməlidir. Həmçinin yüksək­keyfiyyətli kartofun əldə edilməsi səliqəli əkinin kombinasiyalarından da asılıdır. Toxumların bərabər və doğru dərinlikdə əkini olduqca vacibdir. Əkin və yığım arasındakı müddət bu məhsulun ən həssas mərhələsidir. Optimal cücərtinin inkişafında doğru torpaq seçimi ilə yanaşı, əkin müddətindəki temperatur və nəmlik də tələblərə cavab verməlidir. Torpaqdakı nəmlik toxumun cücərməsinə gözəçarpan dərəcədə təsir edir. Əgər torpaq çox qurudursa, bitkinin cücərməsi gecikəcək, nəmliyi çoxdursa, suya doymuş torpaqda toxum oksigenin çatışmazlığından çürüyəcəkdir.
Həmsöhbətim deyir ki, ata-babalarımızdan torpağın kartof əkininə hazır olduğunu yoxlamaq üçün bir qədər torpağı ovcumuzda yumrulayıb, bir metr hündürlükdən yerə atarıq. Əgər torpaq ovcumuzda ələ yapışmadan, rahat yumrulanıb, yerə atıldıqda dağılırsa, bu zaman sahə əkin üçün yararlıdır. Çiçəklənmə dövrünə qədər az su tələb edən bu bitki, çiçəklənmədən sonra ikiqat su tələb edir. Belə ki, çiçəklənmədən sonra bitki su ilə tam təmin olunmalıdır.
Bəs kartofu uzun müddət saxlamaq üçün nə etməliyik? – sualımızı müsahibimiz belə cavablandırır: “Kartofun yalnız gecyetişən növləri uzunmüddətli saxlama üçün yararlıdır. Sarı qabıqlı kartof daha çox qalıcıdır. Onu deşikləri olan taxta, yaxud karton qutularda, 3-5 dərəcə temperatur olan quru və sərin yerlərdə saxlamaq əlverişlidir. Temperatur sıfır dərəcə olduqda bitkidəki nişasta sürətlə şəkərə dönür və kartof şirinləşir. Kartof seçərkən mütləq diqqət etmək lazımdır ki, üzəri hamar, möhkəm və bir rəngdə olsun. Əgər bir tərəfində yaşıl rəng varsa, bu, o deməkdir ki, kartof işıqda saxlanılıb. Bu yaşıl rəngdə zəhərli maddə hesab olunan solanini isə mütləq kəsib təmizləmək lazımdır. Əks halda, bu bitkidən ağır zəhərlənmə baş verə bilər.
Kartofun faydalarına gəldikdə isə xalq təbabətində onun şirəsindən vərəm, tənəffüs orqanlarının, onikibarmaq bağırsağın xəstəliklərinin, mədə yarasının müalicəsində istifadə edilir. Tərkibində çoxlu K vitamini olduğuna görə mayeqovucu xüsusiyyətə malikdir. Bundan başqa, kartofun bir çox müalicəvi xüsusiyyətləri mövcuddur. Məsələn, kartofu çiy halda yastı formada doğrayıb yanıq, ekzema (dəri xəstəliyi) olan yerlərə qoyub onları sağaltmaq mümkündür. Kartof buxarı ilə astmatik xəstə­likləri də müalicə edirlər. Tərkibində olan B vitamini əsəbləri sakitləşdirir, yorğunluğu aradan qaldırır. Suda bişmiş kartofu əl və ayaqlara maska kimi çəkdikdə dərini yumşaldır və çatları sağaldır. Maqneziumla zəngin olduğu üçün saç və dərinin gözəlliyini qoruyur.
Bəli, “ikinci çörək” adlanan kartofu məişətdə heç bir məhsul əvəz edə bilmir. Bu ərzaq növü təkcə qida məhsulu kimi deyil, həm də nişasta, qlükoza, spirt istehsalında, habelə heyvandarlıqda çox gərəklidir. Buna görə də ərzaq təhlükəsizliyi ilə əlaqədar dünya miqyasında kartofçuluğun inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, 2008-ci il BMT tərəfindən “Kartof ili” elan olunmuşdu.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda da bu mühüm sahə diqqət mərkəzində saxlanılır. Hazır­da kənd təsərrüfatının bu sahəsi ilə məşğul olanlara güzəştli kreditlərin verilməsi kartofçuluğa marağı daha da artırıb. Bunun nəticəsidir ki, indi Tağı Nəcəfov kimi bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin sayı ildən-ilə daha da artır. İnanırıq ki, yaradılmış şərait kartofçuluğun daha da inkişafına şərait yaradacaq, əhalinin yerli məhsullarla ilboyu təminatına öz töhfəsini verəcəkdir.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276414
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1856
4179
14183
61060
3276414

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter