Muxtar respublikamızda uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində həyatın bütün sahələrində böyük canlanma yaranıb. Sahibkarlığın inkişafına geniş imkanlar açılması yeni-yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifahının günü-gündən daha da yüksəlməsinə xidmət edir. Şübhəsiz, bütün bunlar vergiödəyicilərinin sayında və büdcə daxilolmalarında olan sürətli artımda özünü açıq şəkildə göstərir. Bu baxımdan vergiödəyiciləri tərəfindən qanunvericiliklə müəyyən edilən vergilərin dövlət büdcəsinə tam və vaxtında ödənilməsinə nəzarət edilməsi vergi orqanlarının qarşısında böyük məsuliyyət qoyur.

Son illərdə paytaxt Naxçıvan şəhərində vergilər sahəsində irəliləyişlərə nail olmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Ticarət obyektlərində nəzarət-kassa aparatlarının quraşdırılması, POS-terminalların sayının ilbəil artırılması və istifadəsinin təmini, elektron qaimə-fakturaların və asan imzanın tətbiqi vergidənyayınma hallarının qarşısının alınmasına, ödəniş məbləğinin dəqiq aparılmasına, vaxt və maddi itkilərin aradan qaldırılmasına yol açıb. Artıq bütün görülən tədbirlər öz bəhrələrini verməkdədir. Bunu cari ilin 6 ayının nəticələrində də aydın şəkildə görmək mümkündür. Belə ki, bu ilin bəhs olunan dövründə Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoza 108,2 faiz əməl olunub ki, bu da nəzərdə tutulduğundan 547 min 300 manat artıq vəsait deməkdir. Hesabat dövrü ərzində 292 vergi­ödəyicisi qeydiyyata alınıb, onlardan 275-i fiziki, 15-i hüquqi şəxs olub. Vergiödəyicilərinə bankda hesab açmaq üçün 175 şəhadətnamə dublikat verilib.

Bu gün vergilər sahəsində ən mühüm amillərdən biri də vergi potensialının yerlərə getmədən müəyyən edilməsidir ki, bu da, öz növbəsində, keçirilən kameral vergi yoxlamalarına diqqətin daha da artırılması və səmərəliliyin yüksəldilməsi zərurətini ortaya çıxarır. Cari ildə idarə tərəfindən 13 vergi­ödəyicisində kameral vergi yoxlamaları aparılıb, ki, bunun da nəticəsində 6595 manat əlavə vəsait hesablanıb.
Təbii ki, əsas vergi sahibkarlıq subyektlərinin, eləcə də iri şirkətlərin payına düşür. Mağazalarda, ictimai iaşə obyektlərində və digər müəssisələrdə bu məqsədlə nəzarət-kassa aparatları quraşdırılıb və istifadəsi təmin edilib. Ümumilikdə, bu günədək 938 obyektdən 933-də nəzarət-kassa aparatı quraş­dırılıb, 5 obyektdə isə yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulur. Xatırlatmaq yerinə düşər ki, əvvəllər bu sahə ilə bağlı xeyli sayda nöqsanlar var idi. Ticarət obyektində ya nəzarət-kassa aparatı olmur, ya da satıcılar bilərəkdən onu ortaya çıxarmaq istəmirdilər. Ancaq son illərdə istər yüksək dövlət orqanları, istərsə də tabeli qurumlar tərəfindən bu halların aradan qaldırılması istiqamətində bir sıra işlər görülüb. Aparılan tədbirlərin nəticəsidir ki, indi hər bir vergiödəyicisi öz üzərinə düşən məsuliyyəti yaxşı dərk edir, vergilər də vaxtlı-vaxtında dövlət büdcəsinə daxil olunur.
Nağdsız ödəmələrin səviyyəsinin artırılması və nağd əməliyyatların minimuma endirilməsi vergi orqanının qarşısında əsas vəzifə hesab olunur. Bu istiqamətdə əsas iş POS-terminalların quraşdırılmasıdır. Ümumilikdə, indiyədək Naxçıvan şəhərində 575 POS-terminal quraşdırılıb ki, bunun da 54-ü cari ilin 6 ayının payına düşür. Həmçinin POS-terminallardan istifadə vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə mütəmadi monitorinqlər keçirilib. Nəticədə, POS-terminallar üzrə nağdsız dövriyyənin həcmi 1 milyon 677 min 398 manat olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 321 min manat çoxdur.
Vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması vergi orqanlarının qarşısında qoyulmuş mühüm vəzifədir. Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən bu sahə daim diqqət mərkəzində saxlanılır və bir sıra işlər həyata keçirilir. 2018-ci ildə bu istiqamətdə aparılan araşdırmalar, eləcə də maarif­ləndirmə işlərinin görülməsi nəticəsində öz əmlaklarını icarəyə verən şəxslər tərəfindən əldə etdikləri gəlirlərə görə ödəməli olduqları vergilərdə artımlara nail olunub. Belə ki, bu ilin 6 ayında 1271 ödəyici tərəfindən 36 min 396 manat icarə haqqından vergi daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8042 manat artıqdır. Bundan başqa, idarə tərəfindən hesabat dövründə vergi­ödəyiciləri ilə 2 görüş və maarifləndirmə tədbiri keçirilib, 1222 nəfərə elektron bəyannamə xidməti göstərilib. Aparılan maarifləndirmə və nəzarət tədbirləri nəticəsində repetitor fəaliyyəti ilə məşğul olan 104 nəfər, eləcə də ayrı-ayrı fəaliyyət növləri üzrə sabit vergini ödəyən 119 şəxs qeydiyyata alınıb, vergi ödənişlərinin tam və vaxtında ödənilməsi diqqətdə saxlanılıb.
Vergi ordumuzun qüdrəti, asayiş keşikçilərinin təminatı, ümumilikdə isə əhalinin vergiyə bağlı təbəqəsinin sosial təminatı deməkdir. Ona görə də bu sahədə aidiyyəti təşkilatlarla yanaşı, hər bir vətəndaş da üzərinə düşən məsuliyyəti dərk etməli, parlaq gələcəyimiz naminə hər birimiz öz töhfəmizi verməliyik.

 Nail ƏSGƏROV