Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq təminatı iqtisadi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlıqda qüvvəli və qaba yem ehtiyatının əldə edilməsində mühüm rol oynayır. Bu baxımdan taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulmuşdur.

Muxtar respublikada taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi cari ilin ötən dövrü ərzində də davam etdirilib. Torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslər nəzarətdə saxlanılıb. Yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il əvvəlki illə müqayisədə daha çox taxıl məhsulu əldə olunur.

Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, 2018-ci ilin məhsulu üçün 32 min 483 hektar sahədə taxıl əkilib. Bunun da 30 min 925 hektarı payızlıq, 1558 hektarı yazlıq taxıldır. Taxıl zəmilərinin 22 min 632 hektarında buğda, 9851 hektarında isə arpa əkilib.
Aqrar sektorda həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir, bu isə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəmin­etmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Məhz bu baxımdan taxılın strateji məhsul kimi mühüm əhəmiyyəti nəzərə alınaraq 2000-ci ildən ötən müddət ərzində taxılçılıqla məşğul olan 124 sahibkarlıq subyektinə 794 min 400 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.

Strateji əhəmiyyətli məhsulun tədarük olunub keyfiyyətlə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzindədir. Muxtar rеspublikada fəaliyyət göstərən və gündəlik istehsal gücü 442 ton olan taxıl еmalı müəssisələrinə iyun-iyul aylarında 4410 ton taxıl tədarük edilib. Qeyd edək ki, “Naxçıvan Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tаxıl аnbаrında yerli tədarükdən əlavə 5129 ton taxıl ehtiyatı mövcuddur.
Un və un məhsullarının keyfiyyəti də daim nəzarətdə saxlanılıb və bu müddət ərzində 511 halda, о cümlədən 279 çörək, 181 halda unlu qənnadı məhsulları, 41 halda un, 5 halda buğda, 5 halda kəpək nümunəsi götürülərək labоratоriya müayinələrindən keçirilib. Bu cür məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una və çörəyə tələbatı ödənilir.
Qeyd edək ki, əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsalla ödənilməsi Ali Məclisin Sədri tərəfindən vacib məsələ kimi qarşıya qoyulub. Ona görə də taxılçılığın inkişafı istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti