Bu gün özünün inkişaf dövrünü yaşayan muxtar respublikamızda artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, səmərəli məşğulluq təmin edilir.
İqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərin qeydə alınaraq təhlili və müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara olan tələbat rəsmi statistikanın təkmilləşdirilməsini də şərtləndirir. Bu istiqamətdə muxtar respublikada rəsmi statistikanın inkişaf etdirilməsi və statistika sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 2 mart tarixli Sərəncamı ilə “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Dövlət proqramının tədbirlər planı 5 bölmədən ibarətdir. Bölmələrə sosial statistika, iqtisadi statistika, çoxsahəli statistika, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi daxildir. 29 tədbiri özündə birləşdirən tədbirlər planının aidiyyəti strukturlarla əlaqələndirilməsi və icrasının yekunu Dövlət Statistika Komitəsinə tapşırılıb.

Dövlət proqramına daxil edilmiş tədbirlərin icrası nəticəsində:
- iqtisadiyyatın strukturunun və sahələrarası əlaqələrin təhlilinə imkan verən yeni statistik məlumatların, kənd təsərrüfatının dinamikası, strukturu, inkişaf meyilləri, maddi­-texniki bazası, işçi qüvvəsi barədə müfəssəl, ev təsərrüfatlarında istehsal da daxil olmaqla, sənaye məhsullarının istehsalına dair statistik məlumatların əldə edilməsi, sənaye müəssisələrində mövcud olan istehsal avadanlıqlarının vəziyyəti, yaşı və onlardan istifadə ilə bağlı məlumatların hazırlanması;
- pərakəndə ticarət dövriyyəsinin yerli və idxal malları üzrə strukturuna dair statistikanın formalaşdırılması, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi, növü, dövriyyəsi, sərnişindaşımalar, sərnişindaşımalarda istifadə olunan nəqliyyat vasitələri, daşınmalardan əldə olunan gəlir və sair göstəricilər üzrə statistik məlumatların hazırlanması, turizm statistikası üzrə göstəricilər sisteminin əhatə dairəsinin genişləndirilməsi;
- mikro, kiçik və orta sahibkarlıq statistikası üzrə göstəricilər sisteminin hazırlanması və məlumat bazasının yaradılması;
- muxtar respublikanın şəhər və rayonları üzrə işçi qüvvəsi barədə, əlillərin məşğulluğuna dair cins tərkibi, yaş qrupları, təhsil səviyyəsi, əlillik dərəcəsi və sair göstəricilər üzrə, reproduktiv yaşda olan əhalinin və uşaqların həyat keyfiyyətini xarakterizə edən statistik məlumatların, əhalinin müxtəlif sosial-demoqrafik qrupları bölgüsündə gündəlik fəaliyyətlər üzrə vaxt sərfiyyatına dair məlumatların hazırlanması;
- əhalinin fasiləsiz təhsildə iştirakı üzrə məlumatların hazırlanması, peşə təhsili səviyyəsində kadr hazır­lığı ilə əmək bazarının tələbləri arasında tarazlığın qiymətləndirilməsi;
- telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair qarşıya qoyulmuş hədəflərə çatma vəziyyətinin statistik qiymətləndirilməsi, mövcud kitabxanalar, kitab fondu və ondan istifadə ilə bağlı məlumatların hazırlanması;
- kənd təsərrüfatı ilə məşğul olan ailə kəndli və ev təsərrüfatlarının elektron məlumat bazalarının ­yaradılması;
- statistik məlumatların hazırlanmasına sərf olunan vaxtın və xərclərin kağızsız texnologiyanın tətbiqi yolu ilə azaldılması, sənədlərlə işin təşkilində səmərəliliyin yüksəldilməsi, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi təmin ediləcəkdir.
Hazırda dövlət proqramında 2018-ci ildə yerinə yetirilməsi müəyyənləşdirilmiş tədbirlərin icrası həyata keçirilməkdədir. Belə ki, cari ilin ötən dövründə tədbirlər planının 5.1.1. bəndinə əsasən muxtar respublika üzrə işçi qüvvəsinə dair rüblük seçmə statistik müayinənin və 5.3.1. bəndinə əsasən ev təsərrüfatları büdcələrinin tədqiqatına dair rüblük seçmə statistik müayinənin keçirilməsi təmin edilib. Bundan başqa, tədbirlər planının 5.5.3. bəndində nəzərdə tutulmuş Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin “Statistik Məlumatlar Sistemi”nin elektron bazası və pro­qram təminatının hazır­lanması və tətbiqi istiqamətində hazırlıq işlərinə başlanılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti