İqtisadiyyatın inkişafının mühüm şərtlərindən biri cəmiyyətin sosial-iqtisadi inkişafının bütün istiqamətləri üzrə nəzarət işinin təşkilidir. Bu baxımdan inzibati, iqtisadi və təsərrüfat nəzarət növləri ilə yanaşı, həyata keçirilən maliyyə nəzarəti çox mühüm idarəetmə mexanizmi kimi müasir dövrdə dünya iqtisadiyyatının inkişafında diqqəti cəlb edir. Ölkənin maliyyə resurslarından düzgün istifadə olunmasına yönəlmiş dövlət maliyyə siyasətinin bir hissəsi olan maliyyə nəzarəti, son nəticədə, uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. 

Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyata maliyyə nəzarətinin böyük əhəmiyyəti vardır. Ölkəmizdə də mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilən maliyyə nəzarəti iqtisadi fəaliyyət subyektlərinin, habelə müxtəlif orqanların fəaliyyətlərinin qanunauyğunluğunu təmin etmək, maliyyə resurslarının, xüsusən daha likvid vəsaitlərin qeyri-qanuni yollarla israf olunmasının qarşısını almaq, bu sahədə dövlət maraqlarının təmin olunması funksiyasını həyata keçirir.

Belə nəzarət orqanı kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli ­Fərmanına uyğun olaraq yaradılan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi qarşısında qoyulmuş vəzifələr də müasir Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası yolunda atılmış mühüm islahatlardan biridir. Bununla yanaşı, 2017-ci ilin fevral ayından fəaliyyətə başlayan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət ­Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi də muxtar respublikanın icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə olmaqla, öz işini qurmaqla qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə çalışır. Muxtar respublikamızda kredit, sığorta, lisenziyalaşdırılan ödəniş sistemləri, habelə qiymətli kağızlar bazarı, ­investisiya fondlarının fəaliyyətinə nəzarət olunması, müvafiq yoxlamalar aparılması və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hesabatların alınması idarənin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bundan başqa, idarə muxtar respublikadakı maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının müdafiəsini və bu hüquqların pozulmasının qarşısını almaq, nəzarət subyektlərinin fəaliyyətinin şəffaflığını təmin etmək, qiymətli kağızların emissiyası və tədavülünə, qiymətli kağızların dövriyyədən çıxarılmasına, aksiz markaların dövriyyəsinə, idman mərc oyunlarının təşkili və keçirilməsinə, habelə lotereyaların və stimullaşdırıcı kampaniyaların keçirilməsinə nəzarət edir. Son dövrlər dünya maliyyə bazarlarında manipulyasiya yolu ilə valyutaların və iri şirkətlərin qiymətli kağızları üzərindən qazanc əldə olunması hallarının yayılması bu sahəyə də olan nəzarəti aktuallaşdırıb. Palata və onun Naxçıvan Muxtar Respublikasındakı idarəsi həmin sahədə də nəzarət funksiyasını yerinə yetirir. ­Göründüyü kimi, bu qurum qarşısında qoyulmuş vəzifələr kifayət qədər genişdir və muxtar respublikamızda maliyyə bazarlarının fəaliyyətini təhlil etmək və proqnozlaşdırmaq, bunun əsasında bu sahənin inkişafı ilə bağlı təkliflər hazırlamaq kimi mühüm məsuliyyətli işlər onların qarşısında durur.
Ümumilikdə, ölkəmiz üçün nisbətən yeni qurum olsa da, yarandığı dövrdən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi xeyli təcrübə əldə edib. Təkcə cari ilin birinci yarımili üzrə görülmüş işlərə nəzər saldıqda, muxtar respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafında bu qurumun da payı olduğunu görürük. Belə ki, idarənin rəisi Tapdıq Əliyevdən aldığımız məlumata əsasən bu dövrdə idarə tərəfindən daxili istehsal olan alkoqollu içkilər və tütün məmulatları üzrə cəmi 63 milyon 200 min ədəd aksiz markası istehsalçılara təhvil verilib. Cari ilin yanvar-iyun ayları ərzində 55 ədəd ipoteka kağızının dövlət qeydiyyatı aparılmış, 44 ədəd ipoteka kağızı isə əlavə dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən daxil olmuş müraciətə əsasən 9 ədəd ipoteka kağızına xitam verilmişdir. Həmçinin bu müddət ərzində muxtar respublikadakı bir sıra açıq səhmdar cəmiyyətlərin qiymətli kağızlarının dövriyyədən çıxarılması və bir səhmdar cəmiyyətin səhm buraxılışı ilə müraciəti araşdırılıb, qanuni olaraq rəsmiləşdirilib.
Bunlardan əlavə, cari ilin ilk yarısında “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən ani stimullaşdırıcı lotereya kampaniyası idarə tərəfindən qeydiyyata alınıb və qanunvericiliyin tələblərinin pozulmaması nəzarətdə saxlanılıb. Ayrıca olaraq, muxtar respublikada sığorta sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət edilib. 2018-ci ilin birinci yarımili ərzində muxtar respublikada fəaliyyət göstərən sığorta təşkilatlarından müvafiq hesabatlar alınmış və şikayət ərizəsi ilə müraciət etmiş vətəndaşların ərizələri qanunvericiliyə uyğun olaraq araşdırılmış və vətəndaşlara bu barədə məlumat verilmişdir.
İdarə bank sektorunda çalışan işçilərin bilik və təcrübələrinin artırılmasında da verilmiş tapşırıqların yerinə yetirilməsinə diqqət göstərir. Belə ki, cari ilin may ayında Naxçıvan Biznes Mərkəzində Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən “Çirkli pulların yuyulmasına qarşı tədbirlər” mövzusunda 50 nəfərin iştirakı ilə təlim ­keçirilmişdir.
Müasir dövrdə muxtar respublika iqtisadiyyatı çoxşaxəli olub, dinamik inkişafa malikdir. Belə ki, kredit qoyuluşlarına nəzər salsaq, 1 iyul 2018-ci il tarixə burada fəaliyyət göstərən banklar və kredit təşkilatlarının kredit qoyuluşu 105 milyon 544 min manat təşkil etmişdir. Təkcə cari ilin ilk 6 ayında 26 milyon 438 min 100 manat kredit verilmişdir. Kreditləşmə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 718 min manat artım qeydə alınmışdır. İdarəmizin və aidiyyəti idarə və nazirliklərin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların işləkliyi vəziyyəti mütəmadi yoxlanılmış, maarifləndirici tədbirlər həyata keçirilmişdir. Əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə nağdsız ödənişlərə ­üstünlük verən vətəndaşların mütəmadi mükafatlandırılması tədbirləri də həyata keçirilmişdir. Bütün bunlar isə muxtar respublikada mütərrəqi ödəniş texnologiyaları infrastrukturunun yaradılması, vətəndaşlar üçün bank xidmətlərinin əlçatan olması və real sektorun dəstəklənməsi ilə mümkün olub. Bu sahədə əldə olunmuş nailiyyətlərin daha da artırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi qarşıdakı dövrdə də üzərinə düşən vəzifələri dəqiq və vaxtında yerinə yetirməyə səy edəcəkdir.

 Əli CABBAROV