Ötən həftə Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı və yerli istehsal məhsullarının növbəti satış yarmarkasında 300-dən çox məhsul istehsalçısı satışa 60 tona yaxın mövsümi kənd təsərrüfatı məhsulu çıxarmışdı. Yarmarkada muxtar respublikanın 19 istehsal müəssisəsi tərəfindən 94 adda, 163 çeşiddə məhsul da təklif edilirdi. Qiymətlər də alıcıların ürəyincə idi.
Satış yarmarkasında Naxçıvan şəhər sakini Sevinc Heydərova ilə həmsöhbət olduq. O dedi ki, məhsul bolluğu qiymətlərin aşağı düşməsi ilə nəticələnib. Müsahibimiz belə yarmarkaların müntəzəm olaraq təşkil edilməsindən razılığını bildirdi.
Fürsətdən istifadə edib məhsul istehsalçıları ilə də həmsöhbət olduq. Yarmarkaya Ordubad rayonundan tərəvəz məhsulları gətirmiş Eldar Əliyev burada torpaq mülkiyyətçiləri üçün əlverişli şəraitin yaradıldığını bildirdi. Dedi ki, meyvə-tərəvəz məhsullarına yarmarkada maraq böyükdür və çəkdiyimiz zəhmət hədər getmir.
Digər müsahibimiz Kəngərli rayonundan yarmarkaya gələn Kənan Süleymanov oldu. Bildirdi ki, bu il təsərrüfatında meyvə daha bol olub. Yarmarkaya gətirdiyi məhsulun çoxunu artıq satıb və yaxşı qazanc əldə edib. O, belə satış yarmarkalarının təşkilini topaq mülkiyyətçilərinə böyük qayğı kimi dəyərləndirdi.
Qeyd edək ki, belə yarmarkaların keçirilməsində məqsəd zəhmət adamlarının yetişdirdikləri məhsulların bazara çıxarılmasına kömək etmək, süni qiymət artımının qarşısını almaqdır. Bundan isə həm satıcı qazanır, həm də alıcı.

 Gülcamal TAHİROVA