Müasir iqtisadiyyat üçün xas olan nağdsız hesablaşmalar pul dövriyyəsinin təkmilləşdirilməsi üçün zəruri olan mexanizmlərdən biridir. Pulun elektron dövriyyəsi iqtisadi və sosial həyatda bir sıra problemləri kökündən həll etməyə imkan verdiyi üçün bu sahəyə diqqət də artırılır. Belə ki, nağdsız hesablaşmalar pul dövriyyəsini daha da sürətləndirir, şəffaflığa imkan yaradır. 

Bu baxımdan muxtar respublikamızda müasir elektron bankçılıq sahəsində fəaliyyətin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq cari ildə də nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilməkdədir.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən artıq muxtar respublika sakinləri ödəniş kartları vasitəsilə vergi və rüsumlarının, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumların, gömrük rüsumlarının, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarının, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsini elektron ödəniş formasında apara bilirlər.
Nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə maarifləndirici və stimullaşdırıcı tədbirlərə üstünlük verilir. Belə ki, iyun ayında Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində bir sıra nazirlik və idarə əməkdaşlarının iştirakı ilə maarifləndirici ­seminar-treninq keçirilib. Bu tədbirdə idarə ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Maliyyə, Vergilər nazirlikləri, Naxçıvan Poçt, Naxtel, “Mastercard” şirkətinin nümayəndələri, muxtar respublikada fəaliyyət göstərən banklar və mətbuat orqanları iştirak ediblər. Digər bir tədbir dünyanın aparıcı ödəniş texnologiyaları şirkətlərindən biri olan “Mastercard” ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün kampaniyaların təşkili olub. Hazırda davam edən bu kampaniyaya cari ilin may ayında “Cahan” AVM-də start verilib. Belə ki, “Master­card” istifadəçiləri “Cahan” AVM-də 30 manatdan artıq ödəniş etdikdə onlar yerindəcə təklif olunan hədiyyələrdən birinə sahib olurlar. Kampaniya çərçivəsində artıq 200-dən çox vətəndaşa müxtəlif hədiyyələr verilib. Bundan əlavə, təsərrüfat subyektləri arasında nağdsız ödənişlərə marağın artırılması məqsədilə yenə “Mastercard” ilə birgə sentyabr ayında kampaniya keçirilməsi nəzərdə tutulur. Kampaniyanın məqsədi nağdsız ödənişə üstünlük verən mağaza sahiblərinin mükafatlandırılmasıdır.
Başqa bir stimullaşdırıcı tədbir əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirlərinin keçirilməsi olub. Belə ki, bu tədbirlər çərçivəsində, ümumilikdə, muxtar respublika üzrə 1 iyun 2018-ci il tarixə nağdsız ödənişə üstünlük verən 1844 fiziki şəxsə 120 min manat dəyərində müxtəlif hədiyyələr paylanılıb, o cümlədən 2018-ci ilin ilk altı ayı ərzində 312 fiziki şəxsə 20 min manat dəyərində müxtəlif qiymətli hədiyyələr verilib.
Muxtar respublikamızda elektron ödəniş sistemlərinin inkişaf etdirilməsi üçün vacib olan POS-terminalların quraşdırılması da ­diqqət mərkəzindədir. Cari ilin ilk 6 ayı ərzində muxtar respublika ərazisində 9 POS-terminal quraşdırılaraq 1 iyul 2018-ci il tarixə onların sayı 1269-a çatdırılıb. Nəticədə, 2018-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 18 milyon 128 min manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 212 min manat çoxdur. Aparılan nağdsız ödənişlərin 5 milyon 831 min manatı POS-terminallar, 12 milyon 297 min manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.
Bununla yanaşı, vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə cari ilin altı ayı ərzində 5 yeni bankomat quraşdırılaraq ümumi sayı 109-a çatdırılıb. Bu dövrdə təkcə “Naxçıvanbank” ASC tərəfindən 9 yeni ödəniş terminalı əhalinin istifadəsinə verilib.
Hazırda muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların ümumi sayı 269 min 98-ə çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 min 931 ədəd çoxdur.
İqtisadiyyat Nazirliyi ilə birgə özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada ödənilməsinin təşviq edilməsi istiqamətində sahibkarlıq subyektləri ilə maarifləndirmə işləri aparılıb. Görülmüş işlərin nəticəsində hüquqi şəxslər tərəfindən işçilərin əmək­haqlarının kart vasitəsilə ödənməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Elektron ticarət nağdsız ödənişlərə əsaslanan və müasir dövrdə daha çox populyarlıq qazanan iqtisadi fəaliyyət növlərindən biridir. Muxtar respublikada istehsal olunan mal və məhsulların elektron ticarət vasitəsilə satışının təşkil olunması məqsədilə milli dəyərləri əks etdirən əşyaların, əl işlərinin internet kataloqunun hazırlanması və elektron satışlarının təşkil edilməsi üzrə dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində 37 ixracpotensiallı müəssisəyə aid 339 çeşiddə məhsulun və 484 əl işi sənət əsərinin internet kataloqu hazırlanaraq ­biznesmerkez.info.az, nsk.orq.az və pronak.az saytlarında yerləşdirilib.
Naxçıvan sürətlə inkişaf edir və bu gün muxtar respublikamızın ödəniş infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir və informasiya texnologiyaları sahəsində ən son nailiyyətlərə əsaslanır. Bunlar da, öz növbəsində, nağd pul dövriyyəsinin məhdudlaşdırılmasının, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin mühüm şərtlərindəndir.

 Əli CABBAROV