Bu gün muxtar respublikada ­yaradılan əlverişli sahibkarlıq mühiti iqtisadi sahədə nailiyyətlər əldə olunmasına, bu sahənin inkişafına təkan verib. Yeni iş yerləri açılır, əhalinin maddi rifah halı daha da yaxşılaşır.
Babək rayonunda da istehsal etdik­ləri məhsulları ilə alıcı rəğbəti qazanan iş adamlarının hər biri göstərilən dövlət dəstəyindən yararlanaraq, istehlakçı etimadını qazanaraq öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa səy göstərir.
Bu il fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşündə yeni istehsal və xidmət sahələrinin yaradılması üçün Babək rayonunun Qahab kəndindən İqbal Qasımova, Nehrəm kəndindən Məhərrəm Niftəliyevə, Tofiq Hüseynova və Aşağı Buzqovlu Məhərrəm Eyvazova da güzəştli kreditlərin çekləri təqdim edilmişdi.
İqbal Qasımov aldığı 10 min manat güzəştli kredit hesabına yeni heyvandarlıq təsərrüfatı qurub. Əvvəlcə Nehrəm kəndində 40 xırdabuynuzlu heyvan alan İqbal bu gün onların sayını 80-ə çatdırıb. Mövsümdə 10 quzu satan sahibkar əldə etdiyi vəsait hesabına 2 iribuynuzlu mal-qara da alıb.
O deyir ki, təsərrüfatımı genişləndirmək çoxdankı arzum idi. Artıq buna nail ola bilmişəm. Kəndimizdən yuxarıda yaxşı örüş sahələri var. Ümumiyyətlə, muxtar respublikada aqrar sahənin dinamik inkişafı üçün münbit baza var və mən də bundan bəhrələnə bildim. İstəyirik ki, dövlətimizin göstərdiyi qayğının müqabilində biz də muxtar respublikamızda heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsinə öz töhfəmizi verək.
Qeyd edək ki, təsərrüfatçı otbiçən və yükdaşıyan maşınları hesabına ailə­sinin illik ruzisini təmin edə bilir. İşgüzar ailə başçısı taxılçılıqla da məşğul olur. Bu il 4 hektara yaxın sahədən 8 ton məhsul tədarük edən fermer ailə təsərrüfatını inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

Muxtar RZAZADƏ