Xarici iqtisadi əlaqələr bütün dövrlərdə ölkələr üçün vacib amil olub. Çünki bir ölkənin və yaxud ayrılıqda bir regionun hərtərəfli sosial-iqtisadi-mədəni inkişafı məhdud çərçivədə mümkün deyil. Tarixə nəzər salsaq, görərik ki, uzaq keçmişlərdən müxtəlif xalqlar özlərinə məxsus iqtisadi, elmi və mədəni nailiyyətləri digər dövlətlərlə bölüşərək qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olublar. 

Müasir dövrdə isə bu cür əlaqələr daha aktual məna kəsb edir. Ancaq bunu da qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsi sadə məsələ deyil. İlk növbədə, belə əlaqələrin qurulması maraqlı tərəfdən müstəqil siyasətin yürüdülməsini tələb edir. Çünki qloballaşmış dünyada hər bir ölkənin beynəlxalq çərçivədə öz maraqları var. Bu maraqların təmin olunması isə o zaman mümkün olur ki, istənilən dövlət öz xalqının milli mənafeyi üçün qəti və müstəqil qərarlar qəbul etməyi bacarsın. Dolayısı ilə, yalnız müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşa çevrilə bilən tərəflər bu və ya digər əlaqələrin qurulmasına öz töhfələrini verə bilərlər. Digər tərəfdən, bu gün xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur. Bu nüfuz beynəlxalq arenada bir çox problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi və etibarlı dost kimi təsdiq edə bilmişdir”.

Bu gün beynəlxalq aləmdə ən çox diqqət edilən məsələlərdən biri xarici əməkdaşlıqda ticarət əlaqələrinin həcminin genişləndirilməsidir. Çünki iqtisadi əlaqələr çox mühüm humanitar və siyasi əhəmiyyətə malikdir. Belə ki, həmin əlaqələr bir ölkənin dünya bazarındakı yerinin müəyyənləşdirilməsindən tutmuş qlobal iqtisadi məkana inteqrasiyasına qədər böyük rol oynayır. Eyni zamanda xarici iqtisadi əməkdaşlıq dostluq əlaqələrinin nəticəsi kimi də diqqət çəkir. Buna görə də müasir dövrdə dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa, bunun üçün xarici iqtisadi əlaqələrin yaradılmasına çalışırlar. Bundan əlavə, qarşılıqlı mənfəət əsasında idxal-ixrac əməliyyatlarının aparılması beynəlxalq bazarın canlandırılmasına səbəb olur ki, bu da cəmiyyətin ümumi inkişafına öz töhfəsini verir.
Naxçıvan Muxtar Respublikası da muxtar dövlət kimi bu gün beynəlxalq aləmdə iqtisadi əlaqələrinin gündən-günə genişlənməsi ilə diqqəti cəlb edir. Vurğulamaq lazımdır ki, muxtar respublikada beynəlxalq iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ilk addımlar ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə atılıb. Belə ki, qonşu İran İslam və Türkiyə respublikaları ilə yaradılmış hərtərəfli əlaqələr iqtisadi sahədə də öz uğurlu nəticələrini göstərib. Həmin əlaqələrin yaradılması ilk vaxtlarda idxal məhsulları üzərində qurulsa da, sonrakı dövrlərdə milli iqtisadiyyatın inkişafı, bunun da nəticəsində yerli məhsulların istehsal həcminin artması aparılan əməliyyatlarda müsbət balansın yaranmasına imkan verib. Nəticədə, xarici ticarət dövriyyəsinin ildən-ilə artımı 2009-cu ildən müsbət saldonun qeydə alınmasına səbəb olub və növbəti illərdə dövriyyə həcminin genişlənməsinə paralel olaraq müsbət saldonun payı da artıb.
Sevindirici haldır ki, ötən dövrdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafı digər sahələrdə olduğu kimi, xarici iqtisadi əlaqələrin genişləndirilməsinə də öz təsirini göstərib. Belə ki, hazırda Türkiyə və İranla yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Litva, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə də Naxçıvandan məhsullar ixrac olunur. İxrac potensialını artırmaq məqsədilə qəbul olunan mühüm qərarlardan biri muxtar respublika ilə Türkiyə Respublikası arasında əldə olunmuş razılığa əsasən Naxçıvan məhsullarının qardaş ölkəyə idxal rüsumları ödəmədən ixrac edilməsidir. Digər tərəfdən, son illərdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, qarşılıqlı etimada əsaslanan işgüzar görüşlərin təşkili və digər tədbirlər muxtar respublikanın xarici ticarət əlaqələrinin genişlənməsində mühüm addım kimi ­dəyərləndirilməlidir.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında muxtar respublikada 249 milyon 147 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 145 min 500 ABŞ dolları təşkil etmiş, 193 milyon 143 min 300 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Göründüyü kimi, muxtar respublika iqtisadiyyatının davamlı inkişafı xarici iqtisadi əlaqələrin səviyyəsini ildən-ilə daha da artırır. Bu isə diyarımızın dünya iqtisadiyyatına sürətli inteqrasiyasını səciyyələndirməklə yanaşı, həm də Naxçıvanın Azərbaycanın xarici siyasəti çərçivəsində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş və dost kimi təsdiq etməsinin göstəricisidir.

 Səbuhi HƏSƏNOV