Şərur rayonunun təbii iqlim şəraiti tütünçülüyün inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğı, tütünçülüyə ayrılan subsidiya, eləcə də güzəştli şərtlərlə lizinq yolu ilə texnikaların verilməsinin nəticəsidir ki, rayonda tütünçülüyə maraq xeyli artıb. Cari ildə rayonda 12 hektara yaxın ərazidə tütün əkilib. Hazırda sahələrdə tütünün üçüncü qırımı həyata keçirilir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikada da tütünçülüyün inkişafına stimul olub. Tütünçülük məhsullarının ixracına geniş şərait yaradılıb. Ötən ildən etibarən Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Naxçıvanda istehsal edilən məhsullar Türkiyə ərazisinə rüsumsuz ixrac olunur. Bu da tütünçülüklə məşğul olan naxçıvanlı sahibkarların yaxşı qazanc əldə etməsinə şərait yaradır.

Xəbərlər şöbəsi