Artıq yay tətilinin bitməsinə sayılı günlər qalıb və övladı məktəbli olan hər bir valideyni məktəb ləvazimatları, geyim forması almaq qayğısı bürüyüb. Məktəbli forması almaq üçün üz tutacağımız ünvan isə məlumdur: “Zümrüd Tikiş” Məhdud Məsuliyyətli Cəmiyyəti. Keyfiyyətli məktəbli formasının tikildiyi bu ünvan fəaliyyəti ilə muxtar respublikada alıcı rəğbəti qazanmış istehsal müəssisələrindən biridir. 

Bu günlərdə yolum həmin müəssisəyə düşmüşdü. Müəssisənin direktoru Mehrəngiz Əkbərova ilə söhbət zamanı o qeyd etdi ki, 1997-ci ildə 6 nəfər işçi ilə və cəmi 10-12 ədəd Rusiya istehsalı olan avadanlıqlarla fəaliyyətə başlamışıq.
Hazırda müəssisədə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılıb, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib.
Müəssisə rəhbəri deyir ki, 2010-cu ildə 560 min manat vəsait ayrılması sayəsində 2011-ci il sentyabrın 9-da gündəlik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə ­verildi.

Sifariş verilən xüsusi geyim formalarının kompleks şəkildə istehsal edilməsi məqsədilə 2013-cü ildə müəssisədə yeni – köynək istehsalı sahəsi yaradılıb. Bu məqsədlə biznes-plan hazırlanıb təqdim olunub. Layihənin reallaşması üçün Sahibkarlığın İnkişafı Fondundan 165 min manat güzəştli kredit ayrılıb. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki Əcəmi 39 ünvanında yerləşən binada yeni istehsal sahəsi yaratmaq üçün ­təmir-bərpa və yenidənqurma işləri aparılıb. Binada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, iaşə xidməti göstərilməsi üçün yeməkxana və inzibati heyət üçün ayrı-ayrı iş otaqları yaradılıb. Yaponiya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Türkiyənin “Talay makina” şirkəti ilə müqavilə bağlanıb. İstehsal gücü gündə 1000 ədəd köynək olan yeni istehsal sahəsi yaradılıb ki, bu da daxili bazarın tələbatını tamamilə ödəmə gücünə malikdir.
Onu da bildirək ki, müəssisə rəhbəri 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işə­götürən” müsabiqəsi üzrə ikinci yerə sahib olub.
Yeni tədris ili ilə əlaqədar təhsil müəssisələrindən qəbul edilən sifarişlər artıq təhvil verilib. Onu da qeyd edək ki, istehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki mağazalarda satılır. Eyni zamanda məktəbli formaları həm də hər il olduğu kimi, builki məktəbli yarmarkasında da müştərilərə təklif edilir.
Xüsusi geyim sahəsində olarkən öyrəndik ki, gün ərzində onlara ölçüləri hazır geyimlərə uyğun olmayan 30-35 şagird müraciət edir. Sifarişlər çox olsa da, gecikmələr olmur. Kollektiv çalışır ki, üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirsin.
Müəssisənin direktoru Mehrəngiz Əkbərova onu da bildirdi ki, yaxın günlərdə yeni bir sahə açmaq məqsədi ilə biznes-plan hazırlanıb. Onun reallaşması üçün Sahibkarlığın İnkişafı Fondundan 320 min manat güzəştli kredit ayrılıb. Yeni müəssisədə gündəlik 800-1000 dəst olmaqla, alt paltarları istehsal olunması nəzərdə ­tutulub. Burada 10-15 işçi üçün də iş imkanı yaradılacaq. “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti adı altında fəaliyyətə başlayacaq müəssisə üçün nəzərdə tutulan obyektdə təmir-tikinti işləri başa çatdırılmaqdadır, yaxın vaxtlarda müəssisə fəaliyyətə başlayacaq.
Bu gün müəssisə təkcə muxtar respublikanın orta məktəblərinin şagirdləri üçün geyim formalarının istehsalı ilə məşğul olmur. Burada həm də Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərindən, eləcə də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsdən və Sanitar Təmizlik İdarəsindən sifarişlər qəbul edilir, onlar üçün xüsusi geyim formaları tikilir.
Muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin inkişafına yaradılan şərait öz bəhrələrini verməkdədir. Bəhs ­etdiyimiz “Zümrüd Tikiş” MMC də belə şəraitdən bəhrələnərək öz uğurlarını artırır.

 Ramiyyə ƏKBƏROVA­