16 Noyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvanda üzümçülük tarixən kənd təsərrüfatı sahələri arasında xüsusi çəkiyə malik olub. Tarixə nəzər salsaq, görərik ki, hələ 3000 il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğuliyyətini üzümçülük təşkil edib. Ona görə də uzun illərdən bəri burada xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülüb.

Tarixi mənbələrdə qeyd edildiyi kimi, qədim diyarımızda tez, orta və gecyetişən, xoşagəlimli əmtəə görünüşlü, gilələrinin müxtəlif rəng­ləri olan ağ, qırmızı, sarı, qara və qəhvəyi kişmişi, əsgəri, xəlili, kürdəşi, həmçinin Naxçıvan hüseynisi, bəndi, bənənyari, miskalı, haçabaş, ağ tayfı, ağ aldərə, nənəqırna, Naxçıvan şanısı, Naxçıvan qara üzümü, sahibi, xan üzümü və sair üzüm sortları ulu babalarımızın bizə miras qoyub getdikləri ən gözəl nümunələrdir. Sevindirici haldır ki, dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən bu üzüm sortları nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da özünə şöhrət qazanıb. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə göstərir ki, bu diyarın yerli əhalisi çox qədimdən üzüm bitkisini necə sevib və qiymətləndirib.

Onu da qeyd edək ki, ötən əsrin 70-ci illərindən etibarən ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində respublikamızda üzümçülüyün yeni müstəvidə inkişafı təmin olunub. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilən məqsəd­yönlü iqtisadi tədbirlər sayəsində emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, güclü mütəxəssis potensialı yaradılıb, üzümçülükdə xeyli uğurlar qazanılıb. Lakin 90-cı illərin əvvəllərində ölkədə hökm sürən iqtisadi gərginlik bu sahənin inkişafına öz mənfi təsirini göstərib, istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlərin pozul­masına və nəticədə, bir sıra üzümçülük-şərabçılıq müəssisələrinin fəaliyyətlərinin dayandırılmasına səbəb olub. Bu tendensiya qədim üzümçülük ənənələri olan Naxçıvandan da yan keçməyib.
Yalnız ölkəmiz müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyev­in yenidən hakimiyyətə qayıdışından sonra keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün inkişafına ciddi önəm verilib və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Bu gün ölkə iqtisadiyyatında xüsusi çəkisi olan üzümçülük prioritet sahələrdən biri sayılır. Belə ki, dövlətimiz tərəfindən aqrar sahənin gəlirliliyinin və ixrac potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədilə bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, üzüm məhsullarının ixracının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” da belə tədbirlərin bariz nümunəsidir. Proqramın qəbulundan ötən müddət ərzində muxtar respublikamızda da bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunub, yeni üzüm bağlarının salınmasına başlanılıb. Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, salınan həmin bağlarda keçmiş ənənələrdən istifadə etməklə unudulmaqda olan üzüm sortları yenidən bərpa edilib. Beləliklə, üzüm sahələrinin genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığın tədricən artımına nail olunub. Bu gün qədim diyarımızın torpaq-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksəkkeyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində, üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın isə azalmasına şərait yaradır.
Onu da qeyd edək ki, üzümçülüyün inkişafı üzrə dövlət proqramının uğurlu icrasının nəticəsidir ki, son illər muxtar respublikada salınan üzüm bağlarının sayı getdikcə artır. Bu sahədə aparılan ardıcıl tədbirlər hesabına muxtar respublikanın müxtəlif ərazilərində salınan üzüm bağlarından bol məhsul götürülür.
Bu günlərdə üzümçülüyün inkişafı ilə bağlı yazı hazırlamaq üçün muxtar respublikanın bir neçə bölgəsində olduq. Sahibkarlığın inkişafına böyük önəm verildiyi bir dövrdə bu sahəyə torpaq mülkiyyətçilərinin münasibətini öyrənmək istədik.
Tarixən meyvəçilik bölgəsi kimi tanınan Ordubad rayonunda son illər xeyli üzüm bağının salındığının şahidi olduq. Rayonda həyətyanı təsərrüfatlarda üzümçülük hər zaman inkişaf etdirilib. Son illərdə isə torpaq mülkiyyətçiləri pay torpaqlarında, eləcə də digər əkin növlərinin becərilməsi mümkün olmayan ərazilərdə də bu sahənin inkişaf etdirilməsinə diqqəti artırıblar.
Ordubad Rayon İcra Hakimiy­yət­in­­dən aldığımız məlumata görə 2017-ci ildə bölgədə 5 hektar üzüm bağı olub ki, bunun 4 hektarı barverəndir. Ötən il həmin bağlardan 51,5 ton məhsul götürülüb. Həyətyanı sahələrdə isə bol süfrə üzümü yetişdirilib. Məlumat üçün bildirək ki, cari ilin yaz iməciliklərində rayonda 1,7 hektar üzüm bağı salınıb.
Muxtar respublikanın tarixən üzümçülüyün inkişaf etdirildiyi ən böyük bölgələrindən biri də Şərur rayonudur. Bu gəlirli təsərrüfat sahəsində burada böyük təcrübə qazanılıb. Qədim diyarımızda yetişdirilən yerli üzüm sortlarının hamısına Şərurda rast gəlmək olar. Ölkə başçısının yuxarıda adıçəkilən sərəncamı rayonda üzümçülüyün əvvəlki şöhrətini özünə qaytarmağa stimul olub. Bu gün Şərurda 107 hektar üzüm sahəsi var. Ötən təsərrüfat ilində 97 hektar barverən üzümlüklərdən 1532 ton məhsul götürülüb ki, bu da əvvəlki illə müqayisədə 4,4 faiz çoxdur. Şərurlular cari ilin yaz iməciliklərində yeni üzüm bağlarının salınmasında fəallıq göstəriblər.
Üzümçülüyün inkişafında Babək rayonunun da öz yeri var. Ötən il bu bölgənin üzüm bağlarından 5848,8 ton yüksəkkeyfiyyətli məhsul götürülüb. Ümumilikdə isə rayonda 488,1 hektar üzüm bağı mövcuddur. Digər bölgələrimizdə olduğu kimi, Babək rayonunda da üzüm bağlarının sahəsinin iməciliklər yolu ilə artırılması diqqət mərkəzində saxlanılır.

Ümumilikdə götürsək, bu gün muxtar respublikamızda üzümçülüyün inkişaf etdirilməsi üçün hərtərəfli şərait mövcuddur. Qədim diyarımızın əlverişli iqlim və torpaq xüsusiyyətləri bu ənənəvi sahənin daha da inkişaf etdirilməsinə yeni imkanlar açır. Ümid edirik ki, dövlətimizin bu sahəyə göstərdiyi qayğı, təsərrüfat sahibləri üçün əlverişli imkanların yaradılması yaxın gələcəkdə muxtar respublikamızın üzümçülük təsərrüfatında yeni mərhələnin başlanmasına stimul verəcək.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3278082
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11
3513
15851
62728
3278082

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter