Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Babək rayonunda da məktəb tikintisi ön plandadır. Rayonun bir sıra yaşayış məntəqələrində yeni məktəb binaları tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Görülən tədbirlərin davamı kimi sərhəd kəndi olan Aşağı Buzqovda məktəb binası yenidən qurulur.
Üç mərtəbədən ibarət olan məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, 1 kompüter otağı, 2 elektron lövhəli sinif, şahmat sinfi, kitabxana, hərbi kabinə və idman zalı yaradılıb. Binada tikinti işləri başa çatdırılıb. Hazırda məktəbin yerləşdiyi ərazidə abadlıq işləri görülür.
Aşağı Buzqovda kənd mərkəzi də inşa olunur. Üç mərtəbədən ibarət mərkəzdə həkim ambulatoriyası, poçt, kitabxana, baytarlıq xidməti, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə və klub yerləşəcək.
Kənddə tikilən xidmət mərkəzində də işlərin böyük bir qismi başa çatıb. Hazırda mərkəzin həyətində abadlıq işləri görülür, yerə daş döşənir. Kənd yolunun kənarlarına beton kanallar çəkilir.
Kompleks quruculuq işləri Yuxarı Buzqovda da davam etdirilir. Yaşayış məntəqəsində yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilir, yol infrastrukturu ­yenilənir.

Xəbərlər şöbəsi