Ulu Yaradanın Naxçıvan torpağına bəxş etdiyi nemətlər, sərvətlər həddən artıq çoxdur. Bu sərvətlər içərisində bulaqlarımız, mineral sularımız önəmli yerə malikdirlər.
Qədim Naxçıvan torpağı içməli mineral suları ilə nəinki ölkəmizdə, o cümlədən bütün dünyada tanınır. Naxçıvanın “mineral suların təbii muzeyi” adlandırılması da məhz bununla bağlıdır.
Hələ ki bu “muzeyin” 250-dən artıq “eksponat”ı aşkar olunub. 20-ci yüzillikdən etibarən muxtar respublikanın mineral su ehtiyatlarının tədqiqi istiqamətində bir çox tədbirlərə başlanılıb. Ötən müddət ərzində də müəyyən edilib ki, bölgədə mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcud olub.
Onlardan biri də “Sirab” mineral su yatağıdır. Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 kilometr şimal-şərqdə, Sirab kəndindən 3 kilometr şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağının 1950-ci ildə kiçik bir sexdə istehsalına başlanılıb. Hazırda bu mineral su Babək rayonu ərazisində tikilən və istifadəyə verilən müasir zavodda istehsal olunur. “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılıb və 4 sex fəaliyyət göstərir. Burada “Sirab” qazlaşdırılmış və qazlaşdırılmamış formalarda istehsal edilir. İstehsal olunan təbii mineral müalicəvi süfrə suyu ­müxtəlifhəcmli plastik və şüşə butulkalarda qablaşdırılır. “Sirab” mineral su yatağı, əsasən, 3 yeraltı mineral su hövzəsindən – Şorsudərə, Kəlbəağıl və Kütandağdan ibarətdir.

“Sirab”ın dünya bazarına çıxarılması və zavodun tam gücü ilə işləməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Hazır­da da müasir standartlara cavab verən yüksəkkeyfiyyətli məhsul istehsal etməyin nəticəsidir ki, ­“Sirab” mineral suyu ixrac olunduğu bir çox xarici ölkələrdə böyük şöhrət qazanıb. Belə ki, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən “Qida məhsulları və içkilərin XII forumu”nda “Qızıl”, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII Beynəlxalq “PRODEKSPO 2010” sərgisində isə “Gümüş” medal ilə təltif olunub.
Həyata keçirilən ardıcıl və məqsəd­yönlü tədbirlər 2003-cü ildə Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin də yaradılmasına təkan verib. “İlin brendi”, “Biznesdə uğur”, “Mükəmməl ləzzət” mükafatlarına layiq görülməsi “Sirab”ın keyfiyyət göstəricisi sayıla bilər. Ona görə də bu suyun alıcılarının sayı getdik­cə artır. O, paytaxt şəhərimizə, həm də Rusiya, Belarus, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Ukrayna, Baltikyanı ölkələrə satışa göndərilir.
Son olaraq onu da bildirək ki, bu mineral su mədə-bağırsaq, tənəffüs yolları, allergiya, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri zamanı çox faydalıdır. Həmçinin Sirabdan mütəmadi istifadə edərək, mədədəki qastrit xəstə­liyinin qarşısını da ala bilərik.

Telli MUSTAFAYEVA