Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Büdcə təşkilatlarında praktik mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici təlim başlayıb.
Təlimə mədəniyyət sahəsi üzrə çalışan 20 mühasibat işçisi dəvət olunub. Dörd gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının təşkili və uçotu, vergi uçotunun təşkili, mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması kimi mövzulara yer verilib. Təlim muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması, təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin aparat rəhbəri Tural Şir­əlizadə açaraq iştirakçılara keçirilən təlimin mahiyyəti və gözlənilən nəticələrin əhəmiyyəti barədə məlumat verib.
Sonra Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında yaradılmış Maliyyə Tədris Mərkəzinin funksiyaları haqqında danışıb.

Bildirilib ki, mərkəzin əsas məqsədi maliyyə və mühasibat işi sahəsində çalışanların peşə hazırlığının təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Görüləcək işlər muxtar respublikada yüksəkixtisaslı kadrların hazırlanması və maliyyə intizamının daha da gücləndirilməsinə töhfə verəcək.
Sonra gündəliyə uyğun olaraq təlimin ilk günündə Maliyyə Nazirliyinin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov “Büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması” mövzusunda iştirakçılara ətraflı məlumat verib. Növbəti günlərdə Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov, Maliyyə Nazirliyi aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov müvafiq mövzularda təlim keçəcəklər.
Qeyd edək ki, təlimin yekununda tədris olunan mövzu ilə bağlı qiymətləndirmə mərhələsindən sonra iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin
mətbuat xidməti