Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla başa çatmış “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Pro­qramı” aqrar sahənin inkişafına öz töhfəsini verib. Ötən müddət ərzində bu istiqamətdə qəbul edilmiş digər pro­qramlar kənd təsərrüfatının başqa sahələri kimi taxılçılığın inkişafında da əhəmiyyətli rol oynayıb.
Şahbuzlu taxılçılar da yaradılan şəraitdən səmərəli istifadə edirlər. Bunun nəticəsidir ki, onlar cari ilin məhsulu üçün ötən ilin payızında əkdikləri 1615 hektar sahədən 4 min 432 ton məhsul götürüblər. Həm əkilən sahələrdə, həm də məhsul istehsalında ötənilki göstəricilərlə müqayisədə bu il xeyli artım müşahidə olunub. İldən-ilə daha bol məhsul əldə edən torpaq mülkiyyətçiləri bir neçə ildir ki, rayon ərazisindəki dəmyə torpaq sahələrində də əkin keçirməyə başlayıblar.
Rayon dağlıq ərazidə yerləşdiyindən burada muxtar respublikamızın digər bölgələrindən fərqli olaraq payızlıq taxıl əkini daha tez həyata keçirilir. Mütəxəssislər burada sentyabr ayının 15-dən başlayaraq payızlıq taxıl səpini aparmağı məsləhət görürlər. Artıq torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün sahələrdə şum işinə başlayıblar. Hazırda Şahbuz şəhəri, Türkeş, Mahmudoba, Şahbuzkənd, Sələsüz və Daylaqlı kənd­lərinin taxılçıları 100 hektardan çox sahədə şum qaldırıblar.
Yaxşı məhsul götürmək üçün əsas amillərin rayonlaşdırılmış taxıl sortlarından istifadə edilməsi, mineral və üzvi gübrələrin vaxtında və normada verilməsi olduğunu nəzərə alan torpaq mülkiyyətçiləri bu məsələləri də diqqətdə saxlayırlar.

Xəbərlər şöbəsi