12 Noyabr 2019, Çərşənbə axşamı

Müasir iqtisadi və mədəni həyatda elektrik enerjisi tətbiq olunmayan yer tapmaq çətindir. Məhz elektriklə işləyən cihaz, maşın və avadanlıqlar hər yerdə rahatlıq yaradır, evlərimiz isti, yollarımız çıraqban olur. Elektrik enerjisinin kəsilməsi nəticəsində törənən problemlər isə həmişə ciddi zərərlər verdiyindən bunların vaxtında həlli aid qurumlar qarşısında qoyulan məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsi işlərini davam etdirir. 

Energetiklər bu payız-qış mövsümünə də ciddi hazırlaşıblar. Soyuq keçən aylarda əhalinin fasiləsiz elektrik enerjisi ilə təmini üçün elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif­gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb. Bundan başqa, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, yaşayış sahələrinin, məktəblərin, sosial obyektlərin, hərbi hissələrin, nasos stansiyaları və artezian quyularının elektrik təchizatı üçün yeni transformator yarım­stansiyalarının qoyulması işləri də görülüb. Müxtəlifgərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi də həyata keçirilib. Bu məqsədlə Naxçıvan Modul Elektrik Stansiyasında 5 aqreqat üçün ehtiyat hissələri alınıb və ilin sonunadək həmin aqreqatlarda təmir işlərinin başa çatdırılması nəzərdə tutulur. Bundan əlavə, görülən işlər çərçivəsində Naxçıvan şəhərində 6 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası təmir edilib, müxtəlif gücdə 9 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb. 3,3 kilometr uzunluqlu 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilib, 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib.

Bu istiqamətdəki tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilib. Ümumilikdə, Dövlət Energetika Xidməti tərəfindən 2018-ci ilin on ayı ərzində muxtar respublikanın şəhər və kəndlərində 25 ədəd 10/0,4 kilovoltluq yeni transformator yarımstansiyası quraşdırılıb, 32,7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib. 10,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz edilib. 2018-ci ilin on ayı ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 92 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb.
Muxtar respublikada bütün istehlakçıların istifadə etdiyi elektrik enerjisinin qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Hazırda Naxçıvan şəhəri və Babək qəsəbəsində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Hazırda bu tip sayğacların sayı 22 min 580-ə çatdırılıb. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.
Ötən dövrdə qurum tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və onların zəruri ehtiyatının yaradılmasını davam etdirib. Xidmət tərəfindən xarici ölkələrin firma və şirkətləri ilə bağlanmış müqavilələr əsasında ağac dirəklər, qoruyucusu olan ayırıcılar, müxtəlif en kəsikli AER markalı özünüdaşıyan kabellər və XLPE markalı yüksəkgərginlikli və alçaqgərginlikli kabellər alınaraq muxtar respublikaya gətirilib.
Dövlət Energetika Xidmətinin müvafiq strukturları tərəfindən elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər ardıcıl şəkildə həyata keçirilib. 2018-ci ilin on ayı ­ərzində, ümumilikdə, işlədicilərə dəyəri 27734,2 min manat təşkil edən 331816 min kilovat-saat elektrik enerjisi verilib.

Əli Cabbarov

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR