22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən bu tədbirdə əvvəlcə iqtisadiyyat naziri Famil Seyidov çıxış edib. Bildirib ki, 95 illik yubileyini yüksək nailiyyətlərlə qeyd edən Naxçıvana muxtariyyət verilməsi torpaqların müdafiəsi ilə yanaşı, bu qədim diyarın inkişafını da təmin edib.
Qeyd olunub ki, muxtar respublika iqtisadiyyatının inkişafında və sosial-mədəni həyatında əsaslı dönüş mərhələsi ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi və yorulmaz fəaliyyəti ilə bağlıdır. Belə ki, 1970-1985-ci illərdə muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrində 783 milyon manatlıq əsas fondlar yaradılıb, Araz çayı üzərində Su Elektrik Stansiyası, Alt Trikotaj Məmulatları Fabriki, yeni mineral su zavodu, Şüşə Qablar Zavodu, şərabçılıq müəssisələri tikilib istifadəyə verilib.

Ümumiyyətlə, muxtar respublikada 1969-1985-ci illərdə 21 sənaye müəssisəsi tikilib, bir neçə sənaye müəssisəsi əsaslı surətdə yenidən qurulub. Bütün bu genişmiqyaslı tədbirlər nəticəsində muxtar respublikada sənaye məhsulunun ümumi həcmi 1970-ci illə müqayisədə 1985-ci ildə 4,6 dəfə artıb. Həmin dövrdə mühüm sənaye məhsulları istehsalı, o cümlədən elektrik enerjisi 35, ipək xammalı 2,2, konservləşdirilmiş məhsullar 3,5, daşduz 2, mineral sular və şərab məhsulları isə bir neçə dəfə artıb. 1970-1985-ci illərdə muxtar respublikada tikilib istifadəyə verilmiş müəssisələrin 52 faizi yeyinti sənayesinin payına düşüb.
Nazir qeyd edib ki, bu dövrdə kənd təsərrüfatı üzrə də mühüm nailiyyətlər qazanılıb. Belə ki, 1970-ci illə müqayisədə 1985-ci ildə muxtar respublikada üzümlüklərin sahəsi 8,1 min hektardan 13,8 min hektara, meyvə bağlarının sahəsi 1,9 min hektardan 2,6 min hektara, yem bitkilərinin əkin sahəsi 9 min hektardan 13,5 min hektara çatdırılıb.
Vurğulanıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan Muxtar Respublikasında da böyük quruculuq proqramı gerçəkləşdirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Belə ki, 1991-ci illə müqayisədə sənaye məhsulunun həcmi 250 dəfə artaraq 990 milyon 67 min manat olub, sənaye müəssisələrinin sayı 46-dan 442-yə çatdırılıb. Nəticədə, 2018-ci ildə muxtar respublikada 383 növdə məhsul istehsal olunaraq 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilib. Aqrar sektorun inkişafı məqsədilə dövlət maliyyə dəstəyi ilə 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatı yaradılıb.
Ailə təsərrüfatlarının əhəmiyyətinə də diqqət çəkən nazir bildirib ki, son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada belə təsərrüfatların bir hissəsinin kiçik sahibkarlıq subyektlərinə çevrilməsinə zəmin yaradıb. 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması bu fəaliyyət sahəsinə marağı daha da artırmaqla, iqtisadiyyata öz töhfəsini verəcəkdir.
Qeyd olunub ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır ki, bu da çox yüksək göstəricidir. 2000-ci ildən ötən müddət ərzində sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1271 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 142 milyon 313 min manatdan çox güzəştli kreditlər ayrılıb, sahibkarlıq fəaliyyəti genişləndirilib, muxtar respublikanın xarici ticarət əməliyyatlarının həcmi artıb. Hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdir müavini Ədalət Hüseynov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Bunun nəticəsində blokada şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Naxçıvan iqtisadi və sosial sahədə muxtariyyət tarixinin ən yüksək inkişaf mərhələsinə çatıb.
Qeyd edilib ki, muxtar respublikamızda iqtisadi inkişafa nail olunması əlverişli biznes mühitinin yaradılmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına və iş yerlərinin açılmasına imkan verib. Son illər qabaqcıl texnologiyaya əsaslanan avadanlıqlarla təchiz edilmiş maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələri yaradılıb. Bütün bunlar isə daxili bazarın qorunmasına və iqtisadiyyatın inkişafına hesablanmış tədbirlərdir.
Vurğulanıb ki, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə görülən ardıcıl tədbirlər məhsul istehsalının artmasını və məhsuldarlığın yüksəlməsini şərtləndirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası bu gün özünün inkişaf dövrünü yaşayır. Əldə olunmuş nailiyyətləri və qazanılmış uğurları özündə əks etdirən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2018-ci ildə 1995-ci illə müqayisədə 63,4 dəfə artaraq 2 milyard 773 milyon 20 min manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə 46,3 dəfə artaraq 6101 manat olub. 1996-cı ildən 1 yanvar 2019-cu il tarixədək muxtar respublikada iqtisadi və sosial sahələrə, ümumilikdə, 9 milyard 716 milyon 919 min manat dəyərində vəsait yönəldilib. Muxtar respublikada nəqliyyatın mühüm sahələrindən olan hava nəqliyyatının inkişafı istiqamətində də ötən illər ərzində məqsədyönlü tədbirlər həyata keçirilib, yeni aerovağzal kompleksi tikilərək istifadəyə verilib, Naxçıvan Hava Limanı beynəlxalq status qazanıb.
Diqqətə çatdırılıb ki, həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikanın yaşayış məntəqələrinin 98,6 faizində genişzolaqlı internet, 99,5 faizində isə simsiz internet xidmətləri göstərilir. Muxtar respublikada dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. 1996-cı ildən başlayaraq ötən dövr ərzində 22 məktəbəqədər təhsil müəssisəsi, 200-dən çox ümumtəhsil müəssisəsi tikilib və ya yenidən qurulub, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilib. Muxtar respublikanın ümumtəhsil məktəblərində 1 yanvar 1996-cı il tarixdə 1 dəst kompüterdən 4050 şagird istifadə etmişdirsə, hazırda hər 10 şagird bir dəst kompüterlə təmin olunub. Ümumtəhsil məktəblərində istifadədə olan 4925 dəst kompüterin 4357-si və ya 88,5 faizi internetə qoşulub, təhsilin keyfiyyətlə aparılması məqsədilə 600-dən çox elektron lövhə quraşdırılıb. Əhalinin həyat və məişət şəraitinin yaxşılaşması, cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması demoqrafik proseslərə müsbət təsir göstərib, əhali artımının dinamikliyi təmin edilib. Belə ki, muxtar respublika əhalisinin sayı 1995-ci ilin sonu ilə müqayisədə 118 min nəfər artaraq 1 yanvar 2019-cu il tarixə 456 min nəfəri ötüb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Mircavid Tağızadə, Dövlət Statistika Komitəsinin şöbə müdiri Rza Tağıyev və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev çıxış edərək muxtar respublikanın muxtariyyət illərində qazandığı uğurlardan, iqtisadiyyatın və sahibkarlığın inkişafından bəhs ediblər.
Sonda muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri, müəssisələr və istehsal olunan məhsullar haqqında sərgiyə baxış olub.

 Əli CABBAROV