22 Sentyabr 2019, Bazar

Babam hər zaman deyirdi ki, uzun qışın sakitliyindən sonra yazda göy gurladısa, artıq çöl pencəri yemənin zamanıdır. Dünyagörmüş insanlar   yazın yağışlı günlərində çöl pencərlərinin boy atıb torpaqdan baş qaldırdığını deyirlər. Belə günlərin birində ətrafa ani işıq saçan şimşəyin səsi bu dədə-baba deyimlərini yadıma saldı. 

 Yadıma düşür...

İlin bu vədəsində kəndimizdə nənəmgil günün çoxunu dağların yamyaşıl qoynunda keçirərdilər. Cacıq, ələyəz, yarpız, nanə, xıncılovuz, kəklikotu, çaşır, bolu, baldırğan, uşqun, çiriş, qazayağı, solmazçiçək, dazotu, quzuqulağı, bulaqotu kimi min bir dərdin dərmanı olan nemətlərdən qucaq-qucaq yığıb gətirərdilər. Onlardan yaz süfrəsinin bəzəyi olan pencər qovurması, kükü, kətə, qutab və sair yeməklər bişirər, bu pencərlərdən qohum-əqrəbaya da pay tutardıq. Əvəlik və ələyəzi isə nazlı gəlin saçı sayağı hörüb qışa tədarük görərdik.
O günləri xatırlamaq necə də gözəldir... İş-gücümüzlə əlaqədar olaraq şəhərimizi tərk edib kəndimizə çox vaxt üz tuta bilmirik. Ancaq bəzi həftəsonları imkan tapanda şəhərin hay-küyündən yaxamızı qurtarıb kəndə gedirik. İmkan olanda təbiətin qoynuna da çıxırıq. Amma əvvəlkitək ot-alaf arxasınca düşməyə vaxtımız qədərincə çatmır. Nə yaxşı ki zəhmətkeş kənd adamları bu gözəl ənənələri qoruyub saxlayıblar. Məhz onların min bir zəhməti bahasına dükan-bazarlarımız mövsümi bitkilərlə dolub daşır. İstirahət günü cacıq, qazayağı, xıncılovuz kimi mövsümi pencərlərdən, kətə bişirmək üçün isə çiriş almaqdan ötrü bazara getməyi planlaşdırdım.

Bir gün sonra...

Nə yaxşı ki həftəsonları doğma paytaxt şəhərimizdə kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının keçirilməsi ənənəsi formalaşıb. Zəhmətkeş kənd adamları yetişdirdikləri keyfiyyətli yerli məhsulları yarmarkaya gətirib sərfəli qiymətə satırlar. Təbii ki, ilin bu vədəsində belə məhsullar sırasında təbiətin bizə bəxş etdiyi çöl bitkilərini rahatlıqla əldə etmək bütün sakinlərin ürəyincədir.
Səhərin erkən saatları olmasına baxmayaraq, bu istirahət günü də bazarda həmişəkindən daha çox izdiham yaşanırdı. Diqqətimdən o da yayınmadı ki, daha çox sıxlıq məhz təzə tərəvəz məhsulları və pencər piştaxtalarının önündədir. Yarmarkaya rayonlardan çeşid-çeşid məhsullar çıxarılmışdı. Hamısı da bir-birindən təravətli. Etiraf edim ki, bolluqdan nəyi haradan alacağıma qərar verməkdə çətinlik çəkirdim.
Təbiət Naxçıvanın minlərlə çeşid bitkilərinə sanki bir nizam bəxş edib. Ta ki qar yerə düşənə qədər bir-birini əvəz edən həmin bitkilərdən insanlar yararlanır, hələ, üstəlik, qış üçün də tədarük edirlər. Bərəkətli dağlara, dərələrə, düzlərə üz tutan heç vaxt əliboş qayıtmır. Bu pencərlərin hər birinin öz yığılma vaxtı, bişirilmə qaydası, qışa tədarük edilmə və hətta yeyilmə üsulu var. Məsələn, digər pencərləri qovurub, bişirib yediyimiz halda, yarpızla yeyilən pendir dürməyi insana bütün nemətlərdən dadlı gəlir.
Qazayağı da Naxçıvanda yaz mövsümünün ən çox sevilən bitkiləri sırasındadır. Torpağın yaxasından qar öz əlini üzdümü, dağları, düzləri yaşıl örpəyə bürüyən yabanı otlar sırasında tezliklə qazayağıya da rast gələ bilərik. Əsasən də düzən və orta dağlıq ərazilərdə bitən bu bitkini yazın əvvəllərində toplayıb bazarlara çıxarırlar.
Bu işlə məşğul olanlardan biri də Babək qəsəbə sakini Zamin Məmmədovdur. O deyir ki, Sirabın ətrafındakı təpələrin, düzlərin sirlərinə yaxşı bələdəm. 40 ilə yaxındır ki, o yerlərdən belə bitkiləri toplayırıq. Heç zaman da əliboş qayıtmırıq. Şükür ki, bu il də havalar xoş və yağıntılı keçdiyindən bolluqdur. Həftə ərzində yığdığımız bu pencərləri istirahət günlərində gətirib burada rahatca satırıq. Bu pencərlərin dadını, faydasını bilən dünyagörmüş insanlar yaz aylarında, demək olar ki, göy-göyərtiyə daha çox üstünlük verirlər. Hətta yığdığımız, yetişdirdiyimiz pencərləri başqa şəhərlərdəki qohum-əqrəbalarına göndərənlər də az deyil.
Bazarı gəzdikcə müxtəlif kənd təsərrüfatı məhsulları ilə yanaşı, qazayağı, cacıq, şomu, sobu, bolu, əvəlik, ələyəz, yarpız, nanə, təzə dərilmiş soğan, sarımsaq, tərxun, keşniş, şüyüd, cəfəri, kəvər kimi nemətlərin bolluğuna düşürsən. Hər birindən alıb süfrəni bəzəmək istəyirsən. Ana təbiətin mineral gübrəsiz, dava-dərmansız yetişdirdiyi, insan sağlamlığı üçün möcüzəvi faydaları olan bitkilərdən hazır­lanan müxtəlif çeşiddə yemək nümunələri mətbəx mədəniyyətimizi zənginləşdirib. Bu bitkilər uzun­ömürlülüyün sirrini də özündə qoruyub saxlayır.
Qazayağıdan sonra bir az da cacıq almaq qərarına gəldim. Xüsusilə atam çox xoşlayır. Qaynadıb qovurduqdan sonra üzərinə yumurta da çırpdıqda dadından doymaq olmur. Hələ qışdan qalma qovurmanı da qatanda insanlarımızın qədimdən bəri formalaşan damaq zövqünə heyran olursan.
Bazarda ən çox alınan məhsullar sırasında idi cacıq. Bu pencərin özünəməxsus dadı var. Xüsusilə Şahbuz və Ordubad dağlarının məhsulu olan cacıq alarkən həmsöhbət olduğum Heydər Bayramov məndə o təəssüratı oyatdı ki, bu zəhmətkeş insanlara, sadəcə, təsərrüfatçı və ya satıcı demək olmaz. Onlar bu bitkilərin dilini, sirrini bilirlər. Heydər əmi Şahbuzun Kükü, Qanlıgöl, Keçəldağ, Batabat kimi səfalı oylaqlarından toplanan cacıq, çaşır, kəklikotu, yemişan, həmərsinin faydalarını o qədər sadaladı ki...
Onun muxtar respublikamızın nadir bitkilər siyahısına daxil edilən baldırğan haqqında dediklərini xatırlayıram. Şahbuzun Salvartı yaylağında və Keçəldağ yamacları ətrafında yayılmış baldırğanın yarpağı, kök və toxumları ayrı-ayrılıqda bir çox dərdin dərmanıdır. Onun dəmləməsindən daxili xəstəliklərin iltihabında istifadə edilir. Ürəkkeçmələrdə, astma xəstəliklərinin müalicəsində çox faydalı olan bu bitkinin kök hissəsindən alınan dərmanın qaraciyər və sarılıq xəstəliklərinə faydası çoxdur.
Naxçıvan kətəsinin onlarla növü var. Mərciməkdən tutmuş boranıya qədər müxtəlif naz-nemətlərdən kətə hazırlayır xanımlarımız. Ancaq etiraf etməliyik ki, Naxçıvan kətəsi dedikdə, ağıla ilk gələn çiriş kətəsidir.
Şahbuz rayonunun Kolanı kəndindən bazara çiriş çıxaran təsərrüfatçı Həsən kişi bildirdi ki, kənd camaatı hansı bitkinin nə zaman yığılmasını çox yaxşı bilir. Çirişin də tədarükünə yeni başlamışıq.

Əkin sahələri ailə təsərrüfatlarının daimi iş yerlərinə çevrilir...

Babək qəsəbəsində yaşayan Mehdi Hacıyev bu il daha da genişləndirdiyi ailə təsərrüfatında tərxun yetişdirir. Onlar üçün ayrılmış torpaq sahəsində 30 ilə yaxındır ki, tərəvəz və daha çox tərxunun əkini ilə məşğul olan Hacıyevlər bu işi ailə ənənəsinə çeviriblər. Ailə üzvləri hələ qış aylarından tərxun əkininə başlayırlar. Bu il də havaların xoş keçməsi onlar üçün yaxşı fürsət olub. O deyir ki, mülayim hava şəraitindən və mütəxəssislərin tövsiyələrindən istifadə edərək yüksək məhsuldarlığa nail olublar. İstixanalarda bir neçə ay ərzində xüsusi qulluq bahasına yetişdirilən tərxun artıq qışın son günlərindən, martın əvvəllərindən satışa çıxarılıb.
Sahibkar bildirdi ki, dolanışığımızı elə bu məşğuliyyətimizdən əldə edirik. Zəhmət çəkən insan heç vaxt ac qalmaz. Üstəgəl, əhalinin də ruzisini təmin edər. Biz çox sevinirik ki, bu işin öhdəsindən gələ bilirik. Becərmədə kimyəvi maddələrdən deyil, əsasən, təbii çürüntü məhsullarından istifadə edirik. Bu da məhsulun dadına dad, ətrinə ətir qatır. Qızım, hələ onu da deyim ki, bizim yetişdirdiyimiz tərxunun sorağı çox-çox uzağa da gedib çatıb. Hər il biz Naxçıvanın dadlı-ətirli tərxununu Bakıya, hətta Rusiyaya da göndəririk.
Onu da qeyd edək ki, tərxun həm də sənaye əhəmiyyətli məhsuldur. Ondan sərinləşdirici içkilərin hazırlanmasında aromat kimi də istifadə edilir.
Müsahiblərimin söhbətlərindən belə qənaətə gəldik ki, Naxçıvan bazarını istər yay, istərsə də qış aylarında təzə göyərti məhsulları ilə təmin edən əsas bölgələrdən biri Babək rayonudur. Xüsusən də Babək qəsəbəsində göyərti əkib-becərməklə öz ruzilərini qazanan torpaq mülkiyyətçiləri kifayət qədərdir. Onlardan biri də Gəray Əliyevdir. 1 hektardan artıq sahədə göy-göyərti becərən müsahibim deyir ki, göyərtiyə yaz aylarında tələbat ikiqat olur. Qış aylarında isə istixanalar bu tələbatın ödənilməsində əsas rol oynayır.
Kənardan göy-göyərti alan alıcı da söhbətimizə qoşulur: “Elə bunun sayəsində qışın oğlan çağında belə, Naxçıvan bazarında istənilən göyərtini təzə-tər tapmaq mümkün olur. Əvvəllər qış fəslində bəzi yeməklərin bişirilməsində göyərtilərin qurudulmuşundan istifadə edirdiksə, indi buna ehtiyac qalmayıb”.

Zəngin təəssürat...

Bir sözlə, yarmarkadan əlidolu qayıtdım. Həm dadlı, faydalı pencərlər, müxtəlif kənd təsərrüfatı məhsulları ilə, həm də zəhmət adamlarının səmimi ünsiyyətindən qazandığım təəssüratlarla. Yüzlərlə mədəni və yabanı bitkilər yetirən bərəkətli torpaqlarımızın qədrini bilən zəhmət adamları ilə söhbətlərimizi yada salanda düşünürəm ki, nə yaxşı belə zəhmətkeş insanlarımız vardır. Onların hər biri söhbət zamanı bunu xüsusi vurğuladı ki, ana təbiət bizə bu ruzini bəxş edirsə, biz də onun qədrini bilməliyik.
Onu da qeyd etməyi lazım bilirəm ki, bəzi insanlar təbiətlə düzgün rəftar etmir, dərman bitkilərini, yabanı meyvələri necə gəldi yığıb, özləri də bilmədən kökünü kəsirlər. Ana təbiət bizə bu sərvəti bəxş edibsə, bizim də borcumuz təbiətimizi mühafizə etməklə qiymətli sərvətlərimiz olan bitkilərimizi qorumaqdır. Çünki bu, hamımızın sağlam qida mənbəyidir.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR