26 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Tütün balı isə öz müalicəvi əhəmiyyəti ilə seçilir

Muxtar respublikamızdakı ailə təsərrüfatları bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hələ iki il bundan əvvəl – beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri bu sahənin inkişaf etdirilməsi ilə bağlı demişdir: “... Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”. Ötən dövrdə bu sahənin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər əhali tərəfindən ailə təsərrüfatlarına olan marağı artırmış, muxtar respublikada yüzlərlə yeni ailə təsərrüfatları yaradılmışdır. 2018-ci il dekabrın 27-də isə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuşdur.  

Qeyd etmək lazımdır ki, hazırda muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutduğundan yaradılan ailə təsərrüfatlarının da böyük əksəriyyəti aqrar yönümlüdür. Dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, subsidiyaların ödənilməsi, kənd təsərrüfatı texnikaları və avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, həmçinin istehsal olunan məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və keçirilən festivallar muxtar respublikada ailə təsərrüfatlarının inkişafına yeni imkanlar açıb. Görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublikada 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir və qarşıdakı dövrdə onların sayının artacağı şübhəsizdir.

Vurğulayaq ki, ailə təsərrüfatları içərisində daha çox diqqətçəkən fəaliyyət sahələrindən biri də arıçılıqdır. Naxçıvanda arıçılığın bir sahə kimi inkişaf etdirilməsi uzaq keçmişə dayanır. Muxtar respublika ərazisinin təbii şəraiti arıçılıq üçün əlverişli olduğuna görə bütün bölgələrdə bu sahə ilə məşğul olanlar olub və indi də var. Son illərdə isə arıçılığın inkişafı, eləcə də bu sahədə məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaradıb. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər bu sahə ilə məşğul olan ailələrin və arı ailələrinin sayını artırıb. Hər il ənənəvi olaraq Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal festivalı” və iştirakçılar arasında müxtəlif nominasiyaların təşkili isə təsərrüfat sahiblərini bu işə daha da həvəsləndirib. Ötən il “Arıçılıq məhsulları – bal festivalı”nda keçirilən müsabiqədə III yerin qalibi, Kəngərli rayonunun Təzəkənd sakini Habil Abbasov isə həm də fərqli bal istehsalçısı kimi tanınır. Belə ki, bu zəhmətkeş ailə təsərrüfatı sahibi təsərrüfatında tütün balı istehsal edir.
Habil Abbasov bizimlə söhbətində bildirdi ki, arıçılığı onlar dədə-baba peşəsi hesab edirlər. Vaxtilə atası Nemət Abbasov bu işlə məşğul olub. Müsahibimiz isə 1992-ci ildən bu ailə ənənəsini davam etdirir. Onun dediklərindən:
– Təzəkənd, Xıncab, Çalxanqala yaşayış məntəqələri keçmişdən arıçılığın inkişafı üçün əlverişli ərazilərdən olub. Bölgənin coğrafi iqlim şəraiti bu sahənin inkişafında böyük rol oynayıb. Buranın balı da təbii xüsusiyyətlərdən asılı olaraq tamı ilə seçilib. Sovet dövründə də arıçılıq bölgənin kənd təsərrüfatında müəyyən rol oynayıb.
Müsahibimin dediklərinə görə, ötən əsrin 70-ci illərində muxtar respublikada ən böyük arıçılıq təsərrüfatı Çalxanqala kəndində yerləşən Dzerjinski adına sovxozun tərkibində yaradılıb. O zamanlar Təzəkənd, Xıncab, Çalxanqala kəndlərinin sovetliyi də bu kənddə yerləşib. Həmin dövrdə, təbii ki, dövlətin nəzarətində olan bu təsərrüfatda qonşu kəndlərin sakinlərindən də çalışanlar olub. Hətta aylıq maaşların müqabilində işçilərə müxtəlif kənd təsərrüfatı məhsullarının paylandığı həmin dövrdə məvacib müəyyən ölçüdə balla da ödənilib. Ancaq ötən əsrin 80-ci illərində həmin təsərrüfatın Nehrəm kəndinə köçürülməsi nəticəsində bölgədə arıçılıq bir təsərrüfat sahəsi kimi tənəzzülə uğrayıb. Hətta deyilənlərə görə, Nehrəmə aparılan arı ailələri qısa müddətdə məhv olub. Müstəqilliyimizin ilk illərində isə arıçılıqda təcrübəsi olan bəzi kənd sakinləri yenidən bu sahəyə maraq göstəriblər.
Hazırda ailə təsərrüfatı sahibi Habil Abbasov da, qeyd etdiyimiz kimi, 1992-ci ildən arıçılıqla məşğul olmağa başlayıb. Ancaq ilk illərdə böyük çətinliklərlə qarşılaşıb. Arıçılıq üçün nəzərdə tutulan bir sıra dərman preparatları və avadanlıqların əldə olunmasında problemlərlə rastlaşıb. Ancaq indi dövlətin bu sahənin inkişaf etdirilməsi üçün yaratdığı şəraitdən bəhrələnərək təsərrüfatını inkişaf etdirir.
Habil Abbasovdan tütün balının necə bir bal olduğunu soruşduq. Dedi ki, tütün balı arıların tütün bitkisinin çiçəyindən toplayaraq hazırladığı baldır. Bu balın qoxusu da fərqlidir. Hazırlanan bal sırf tütün çiçəyindən hasil olmuşsa, bu bal qara rəngdə olur. Ancaq məsələ burasındadır ki, tütün bütün bitkilərdən gec – sentyabr ayında çiçək açır. Həmin müddətə qədər arılar digər bitkilərin çiçəyindən istifadə edirlər. Buna görə də bizim istehsal etdiyimiz bal digər çiçəklərdən alınmış bal ilə qarışmış şəkildə olur. Lakin bununla belə, balın tərkibində tütünün qoxusunu və fərqli dadını hiss etmək mümkündür. Bu, eyni zamanda balın müalicəvi əhəmiyyətini də artırır. Tütün balı ürək-damar xəstəliklərinin əsl dərmanıdır.
Həmsöhbətim onu da vurğulayır ki, rayonumuzda tütünçülüyün inkişafına yeni başlanılıb. Yəni bu gün arı ailələri üçün tütün sahələri hələlik azlıq təşkil edir. Ancaq bu sahələr artırılarsa, o zaman tütün balını da daha çox istehsal etmək imkanımız olacaq.
Öyrəndik ki, hazırda Habil Abbasov təsərrüfatında 35 arı ailəsi saxlayır. Ötən il 250 kiloqram bal istehsal edib. 2018-ci ildə Naxçıvan şəhərində keçirilmiş “Arıçılıq məhsulları – bal festivalı”na isə 100 kiloqram bal, 10 kiloqram mum çıxarıb. Çıxardığı məhsullara istehlakçılar tərəfindən böyük maraq göstərilib. Bildirdi ki, bu cür festivalların keçirilməsi biz təsərrüfatçıların köməyinə çatır, istehsal etdiyimiz məhsulların bazarı üçün geniş imkanlar açır. Yaradılmış şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk və çalışacağıq ki, gələcəkdə məhsul istehsalını daha da artıraq.
Bəli, arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyəti baxımından ən xeyirli təsərrüfat sahəsidir. Belə ki, arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir. Buna görə də hazır­da muxtar respublikamızda arıçılığa böyük maraq var. İnanırıq ki, dövlətin bu sahəyə davamlı dəstəyi gələcəkdə arıçılıq üzrə daha çox ailə təsərrüfatlarının yaradılmasına, beləliklə, iqtisadiyyatımız üçün daha rəqabətli məhsul istehsalına imkan verəcəkdir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4498520
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1367
6894
1367
162561
4498520

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter