26 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Hələ orta əsrlərdə səyyahların “meyvə cənnəti” adlandırdıqları Naxçıvanda hər mövsümün adı ilə deyilən meyvələrinin içərisində biri də var ki, yaz gələn kimi bütün ağaclardan qabaq çiçək açır, məhsul verir. Adla deyilən Naxçıvan göycəsi mayın ortalarından iyulun axırlarına kimi yeşiklərə, zənbillərə yığılıb Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, başqa ölkələrə də göndərilir və göycə təsərrüfatı ilə məşğul olanların qazanc mənbəyinə çevrilir.
Şərur rayon sakini Orxan Həsənov artıq 10 ilə yaxındır ki, rayonun Muğancıq-Mehrab kəndində 0,5 hektar torpaq sahəsində 400 göycə ağacına qulluq edir. Onu da deyim ki, gənc olmasına baxmayaraq, torpaqdan dördəlli yapışan müsahibim Naxçıvan Dövlət Gömrük Komitəsində kompüter operatorudur.
O dedi ki, ağaclar da uşaq kimidir, qayğısına qalmasan, əzizləməsən yaxşı bar götürə bilməzsən. İnsan zəhmətlə, sevgi ilə bir işdən yapışarsa, onu yarıda bilər, çünki zəhmət bəhrəsiz qalmır. Əbəs yerə demirlər ki, ruzisini torpaqdan alandan dərd-bəla uzaq qaçar. Bu neçə ildə şahid oldum ki, qayğı və zəhmət bir-birini tamam­layanda həyatda çox şeyə nail olmaq mümkündür. Təki işə ürəkdən bağlanasan, hər hansı çətinlikdən qorxmayasan.
Orxan illərdir, göycə yetişdirməklə məşğul olduğuna görə bu haqda ətraflı məlumat verir:

– Göycə Naxçıvanda ən tezyetişən meyvədir. Onun adi alçadan fərqli cəhəti tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlamasıdır. Adətən, alça tam yetişəndə qızarır. Ancaq göycə belə deyil. Digər tərəfdən, bu meyvə kal vaxtı göy-göy yeyildiyi üçün elə “göycə” adlanır. Göycə ancaq Naxçıvanda yetişir. Bu meyvənin digər rayonlarımızda yetişməsinə az-az rast gəlmək olar. Olsa belə, meyvənin dadı tamamilə dəyişir və adi alçaya çevrilir. Yazda ağacların ən tez oyananı göycədir, o, yarpaq açmamışdan əvvəl çiçəkləyir. Meyvələri mayın ortalarında yeyilməyə başlanır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir. Müsahibim onu da deyir ki, çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplayırıq. Bu meyvə ağacı şaxtaya dözümlü olduğu üçün soyuq iqlimə malik olan muxtar respublikada yaxşı bar verir. Göycə ağacı çınqıllı, daşlı və həddindən artıq bərk gilli torpaqları sevmir, – deyən müsahibim onu da bildirir ki, yaxşı məhsul verməsi üçün göycə qüvvətli və yumşaq torpaqlara əkilməlidir. Əks halda onun məhsuldarlığı az olar. Göycəni 5-6 dəfə suvarmaq lazımdır ki, meyvələri keyfiyyətli olsun. Meyvələr yetişənə qədər ağacların ziyanvericilərinə qarşı tədbirlər görmək vacibdir. Meyvələri avqust ayının əvvəllərində tam yetişkənliyə çatanda daha çox sulanır, şirinləşir. Yığılmamış yetkin meyvələrdən isə kompot, cem, lavaşa hazırlanır. Göycənin yaxşı qurudulmuş yetkin meyvəsi öz dadı ilə seçilir. Qışda xüsusi yeməklərin hazırlanmasında, kulinariya sahəsində qiymətli məhsul kimi göycə qurusundan geniş istifadə olunur.
Biz təsərrüfatda olan zaman Orxan bağda ağaclara qulluq edirdi. Ağacları ziyanvericilərdən qorumaq üçün dərmanlama işi aparırdı. O deyir ki, işdən gələn kimi birinci bu bağa baş çəkirəm. Bağa qulluq edir, ağacların qayğısına qalıram ki, yaxşı məhsul götürə bilək. Ataların “Bağa baxarsan bağ olar” misalına həmişə əməl edir, ruzini Tanrıdan diləyirəm. Axı Tanrı: “Səndən hərəkət, məndən bərəkət deyib...”

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4498538
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1385
6894
1385
162579
4498538

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter