23 Sentyabr 2019, Bazar ertəsi


Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

 Tədbirdə komitənin sədri Ramilə Seyidova çıxış edərək, muxtar respublikada həyata keçirilən uğurlu dövlət-uşaq siyasətindən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 281 nəfəri uşaqlardır.

Qeyd edilib ki, uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali təhsil müəssisələrinə, 615-i orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub. Ali məktəblərə qəbul olunan 331 nəfər 500-700 arası bal toplayıb. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2018-2019-cu tədris ilində 320-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilib.

Bildirilib ki, uşaqların fiziki cəhətdən sağlam böyüməsi də diqqətdə saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 28 minə yaxın uşaq idmanla məşğul olur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 8 istedadlı uşağın adının bu kitaba salınması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da diqqət mərkəzində saxlanılıb. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 751 uşağa bayram günlərində, tədbirlərdə hədiyyə və sovqatlar verilib, xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar”, - deyən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası da daim nəzarətdə saxlanılıb, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilib.

Ramilə Seyidova deyib: Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan şəhər və rayonlarında tədbirlər keçirilib, 2018-2019-cu tədris ilində fərqlənən uşaqlar fəxri fərman və hədiyyələrlə təltif olunub, xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib. Həmçinin aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilib, hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikasında uşaqlara göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət-uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Komitə sədri çıxışının sonunda muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-2019-cu tədris ilində təhsil, idman, incəsənət nominasiyaları üzrə ilin ən yaxşı 17 istedadlı uşağına hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, folklor qrupları kollektivlərinin, o cümlədən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansambllarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının fidanlarının çıxışları olub. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinin şagirdinin çıxışı alqışlarla qarşılanıb.

Sonra uşaq ədəbiyyatından ibarət kitab sərgisinə və istedadlı uşaqların hazırladıqları əl işlərinə - dekorativ, tikmə, toxuma, rəsm əsərlərinin sərgisinə baxış olub.

Sonda tədbirdə iştirak edən 520 uşağa bayram hədiyyələri verilib.

Rauf Kəngərli

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR