18 Oktyabr 2019, Cümə

İyunun 27-də Naxçıvan Dövlət Uşaq Teatrında “Keçmişdən bu günə Naxçıvan yallıları” yallı müsabiqəsinin yekun konserti olub.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün qədim diyarımızda xalq yaradıcılığının, folklorumuzun, milli dəyərlərimizin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açmışdır.
Nazir qeyd edib ki, ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. UNESCO-nun həmin qərarı ilə mənfur qonşularımızın bu dəyərlərimizi öz adlarına çıxmaq cəhdlərinin qarşısı alındı. Dünya bir daha təsdiq etdi ki, yallı məhz bizim xalqımıza məxsusdur.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı da xalq yaradıcılığına böyük qayğının daha bir ifadəsidir. Sərəncamın icrası istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində 20-dən çox yallı qrupu fəaliyyət göstərir, – deyən Natəvan Qədimova bildirib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən “Keçmişdən bu günə Naxçıvan yallı­ları” müsabiqəsinin əsas məqsədi gənc istedadların və kollektivlərin axtarışı və onların üzə çıxarılması olub. Müsabiqənin keçirilməsi üçün təşkil olunmuş 2 seçim turu və əsas tur artıq arxada qalıb. Şərtlərə əsasən yalnız həvəskar kollektivlər müsabiqədə iştirak edərək öz bacarıqlarını göstəriblər. Qiymətləndirmə zamanı geyim və səhnə mədəniyyəti, ifaçılıq, kollektivin hazırlığı, vaxta əməl olunması kimi meyarlar nəzərə alınıb.
Çıxışının sonunda nazir müsabiqənin qaliblərinə və bütün iştirakçılara yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra müsabiqənin nəticələri elan olunub. Şərur rayonunun Yuxarı Aralıq kənd mədəniyyət evinin “Bahar” yallı kollektivinə I, Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Tejgar” yallı kollektivinə II, Naxçıvan Tibb Kollecinin “Birlik” yallı kollektivinə III yerin diplomları təqdim edilib. Müsabiqədə fərqlənən digər 3 kollektiv isə nazirliyin fəxri fərmanları ilə təltif ediliblər.
Tədbirin bədii hissəsində müsabiqədə fəal iştirak etmiş yallı kollektivləri müxtəlif yallıları ifa ediblər.

Əli RZAYEV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR