18 Sentyabr 2019, Çərşənbə

Ordubad rayonunun Sabirkənd yaşayış məntəqəsindəki kənd mərkəzində “Ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi və torpaqlardan səmərəli istifadə olunması, meyvə-tərəvəz, bostan məhsullarının qurudulması və qablaşdırılması, eləcə də Naxçıvan qovurması istehsalının genişləndirilməsi və həmin məhsulların nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanmasının əhəmiyyəti” mövzusunda seminar-müşavirə keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.
Ordubad Rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev seminar-müşavirəni açıq elan edərək rayonda ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyi haqqında məlumat verib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Əli Şərifov, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Loğman Bayramov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması, aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısı bu sahənin inkişafına stimul verib. Göstərilən qayğının nəticəsidir ki, əkin sahələri genişlənir, intensiv metodlara, mütərəqqi suvarmalara üstünlük verilir. Eyni zamanda əkinlərin “Əkin atlaslarına” uyğun aparılması ilə, növbəli əkin sistemindən yararlanmaqla sahələrdən daha yüksək məhsul əldə etmək olar.
Tədbirdə o da vurğulanıb ki, 2017-ci ildən başlayaraq muxtar respublikamızda ailə təsərrüfatlarının sayı artmaqdadır. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və keçirilən festivallar muxtar respublikada bu təsərrüfatların inkişafına hərtərəfli şərait yaradıb. Məhz bunun nəticəsidir ki, əgər 2017-ci ildə 201 ailə təsərrüfatı muxtar respublikada keçirilən festivallara məhsul çıxarırdılarsa, ötən il onların sayı 319 olub, bu il isə 1000-i keçib. Bu gün muxtar respublika əhalisinin yerli kənd təsərrüfatı məhsulları ilə təminatı yüksək səviyyədə həyata keçirilir. Əldə olunan uğurlu nəticələr ailə təsərrüfatının inkişaf etdirilərək təkmilləşdirilməsinə öz töhfəsini verməkdədir.

Abbas SEYİD

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR