22 Oktyabr 2019, Çərşənbə axşamı

Yaşıl meşələri, axar çayları, buz bulaqları, füsunkar çəmənlikləri, bol-bərəkətli torpağı var yurdumun. Səhər-səhər şehli çiçəklərin, güllərin incə rayihəsi, qoyun-quzuların mələşməsi, hər fəsildə ayrı gözəlliyə sahib olan təbiəti, bara-bəhərə dolmuş bağları, göz işlədikcə uzanan bol məhsullu tarlaları kəndlərimizdə insanlara xoş ovqat bəxş edir, onları zəhmətə, işgüzarlığa, təsərrüfatla məşğul olmağa, daha çox əkib-­becərməyə həvəsləndirir. Bu həvəslə səhərin sübh çağında iş üçün ayağa qalxan kəndli gündəlik işinə başlayır. Kimisi tarlasını suvarmağa, zəhmətlə becərdiyi məhsulu yığmağa, ot tədarük etməyə başlayır, kimisi də mal-qarasını otlaqlara aparır. Min bir zəhmətlə özlərinə gün-güzəran yaradan, dolanışığını lazımınca təmin edən kəndlinin hər günü, beləcə, öz axarında davam edir.
Bu işdə kəndliyə böyük stimul verən isə muxtar respublikada kənd təsərrüfatının, eləcə də onun aparıcı sahələrindən olan heyvandarlığın inkişafının daim diqqət mərkəzində saxlanılmasıdır.
Son illər heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, məhsuldar cins mal-qaranın alınıb gətirilməsi, süni mayalandırmanın tətbiqi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərib. Dövlət dəstəyi nəticəsində süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması yüksək məhsuldarlığı olan heyvanların baş sayının və heyvandarlıq məhsulları istehsalının artırılmasına şərait yaradıb. Bu isə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahəyə marağının artmasına səbəb olub.

Əlverişli şəraitdən yararlanaraq istehsal etdikləri məhsulları ilə alıcı rəğbəti və etimadını qazanan, öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa səy göstərən təsərrüfat adamlarından biri də Babək rayonunun Çeşməbasar kənd sakini Asif Qasımovdur.
20 başdan artıq iribuynuzlu mal-qara saxladığını söyləyən Asif Qasımovla söhbət zamanı öyrəndim ki, o, 15 ildən artıq bir müddətdə təsərrüfatla məşğuldur. Onun dediklərindən:
– Heyvandarlıq xüsusi zəhmət tələb edən kənd təsərrüfatı sahələrindən olsa da, gün-güzəranımı bu işin hesabına qurmuşam. Sovetlər dönəmində kənd təsərrüfatı ilə məşğul olan bütün təsərrüfat adamları çətinliklərlə üzləşirdilər. Çünki özlərinə aid bir mal-qara və yaxud torpaq sahəsi yox idi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra öz torpağımızın sahibi olduq. İndi, şükür Allaha, bizə qayğı göstərən dövlətimiz sağ olsun, torpağımızı istədiyimiz kimi əkib-­becərir, bol məhsul əldə edirik. Bu gün zəhmətlə, işgüzarlıqla hər şeyə nail olmaq mümkündür. Dövlətimiz tərəfindən zəhmətsevər insanlara verilən dəstək bizi öz təsərrüfatımızı daha da genişləndirməyə həvəsləndirir.
25 xırdabuynuzlu heyvan da saxladığını söyləyən müsahibim qeyd edir ki, otlaq sahələrimizdə otlayan heyvanlarımızın əti də, ağartı məhsulları da dadlı və keyfiyyətli olur. Ailə təsərrüfatçısı kimi, mən də Naxçıvanda keçirilən yarmarka və festivallarda iştirak edərək istehsal etdiyim məhsulları satıb yaxşı gəlir əldə edə bilirəm.
Süd məhsullarına olan tələbatın çox olduğunu deyən təsərrüfat adamı söylədi ki, istehsal etdiyim süd, qatıq və pendiri Naxçıvan şəhərində yaradılan ailə təsərrüfatı məhsulları mağazasına, rayonlarımızdakı dükanlara verirəm. Bununla öz dolanışığımı təmin etməklə yanaşı, süd və süd məhsullarına olan tələbatın ödənilməsinə də öz töhfəmizi verməyə çalışırıq.
Asif Qasımov onu da deyir ki, təsərrüfat adamına boş dayanmaq yaraşmaz. Nə qədər gücün çatır, bir o qədər çox işlə məşğul olmalısan. Mən heyvandarlıqla yanaşı, həm də uzun illərdir ki, əkinçiliklə məşğulam. Bu il 9 hektar sahədə buğda, arpa əkmişdim, məhsul da ürəyimcə oldu. Bundan əlavə, heyvanlara tədarük üçün 3 hektardan artıq ərazidə yonca, satış üçün tərəvəz və bostan bitkiləri də becərirəm.
Builki məhsul bolluğundan razı­lıq edən təsərrüfatçı onu da qeyd etdi ki, payızlıq əkinlər də aparmışam. Xiyar, pomidor, badımcan kimi bostan və tərəvəz bitkilərinə tələbat daha çoxdur.
Gələcək planlarından da danışan təsərrüfatçı bildirdi ki, dövlətimiz tərəfindən ailə təsərrüfatçılarına verilən güzəştli kreditdən götürmək istəyir. Bunun hesabına yeni, daha geniş tövlə tikməklə mal-qarasını artırmaq fikri var.
Süni mayalanma yolu ilə artıq bir neçə baş buzovunun doğulduğunu bildirən təsərrüfatçı bu yolla doğulan hər buzova görə dövlətimiz tərəfindən 100 manat subsidiyanın verilməsindən də razılıq etdi. Göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Bəli, bu gün hər bir kəndli göstərilən dövlət dəstəyini öz üzərində hiss etdikcə daha çox zəhmətə qatlaşır, əkib-becərdiyi torpağına sıx tellərlə bağlanır. Yaradılmış şəraitdən layiqincə istifadə edən belə təsərrüfat sahibləri öz təsərrüfatlarını daha da genişləndirirlər.

 Pərviz HACILI

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR