23 Sentyabr 2019, Bazar ertəsi

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün də ölkəmizdə uğurla həyata keçirilir. Həmin islahatların davamlılığını təmin etmək məqsədilə dövlət proqramları, qanunlar qəbul olunur, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir. Qeyd olunmalıdır ki, muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması diyarımızda əkinçiliyə marağı ildən-ilə artırır. 

Kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların verilməsi, onların lazımi texnika, mineral gübrələrlə vaxtında və güzəştli şərtlərlə təminatı, toxumçuluq və tingçiliklə məşğul olan təsərrüfatlara subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub.
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli imkanlar hesabına ödənilməsi istiqamətində qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər mühüm tədbirlər nəticəsində ümumi inkişaf təmin edilib, daxili bazarda məhsul bolluğu yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında ­meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar açıb.

Əhalinin ərzaqla təminatı, əsasən, kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq məhsulları hesabına ödənilir. Bu isə torpaqlardan və əmək ehtiyatlarından səmərəli istifadə etməyin zəruriliyini ortaya qoyur. Həmin məsələnin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu nəzərə alınaraq 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Bu da 2018-ci ilin məhsulu üçün əkilmiş sahədən 1035 hektar çoxdur.
Dövlət proqramında muxtar respublikanın iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik aborigen meyvə-tərəvəz sortlarının bərpa və tətbiq olunması üçün elmi-tədqiqat işlərinin aparılması da nəzərdə tutulub. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində 372 meyvə sortunun genetik fondu toplanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Muxtar respublikada mövcud əkinə­yararlı torpaq sahələrinin genişləndirilməsi və onlardan səmərəli istifadə edilməsi məqsədilə meliorasiya və irriqasiya istiqamətində də ardıcıl tədbirlər görülür.
Qeyd edək ki, istehsal olunan malların satışının təşkili də başlıca məsələlərdəndir. Ona görə də artıq bir neçə ildir ki, istehsal olunan məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsində həlledici rol oynayır.
Ərzaq məhsullarının satışı zamanı mövsümi problemlərin həlli və əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı məqsədilə iritutumlu soyuducu anbarlar və istixana təsərrüfatları yaradılması torpaq mülkiyyətçilərinə daha bir qayğının ifadəsi kimi dəyərləndirilir.
Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində festivalların keçirilməsi meyvəçiliyə olan marağın daha da yüksəldilməsinə və meyvə istehsalının artırılmasına imkan yaradır.
Kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli, qida və müalicəvi əhəmiyyətə malik olan, ekoloji cəhətdən faydalı təsərrüfat sahələrindən biri də arıçılıqdır. Arıçılığı inkişaf etdirmək üçün dünya miqyasında ciddi tədbirlər görülür. Təsadüfi deyil ki, bu sahənin inkişafı ilə bağlı pro­qramlar BMT-nin bir neçə layihəsinə daxil edilib. Muxtar respublikada arı ailələrinin artırılması, eləcə də məhsuldarlığın yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Arıçılığın inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı” təsdiq edilib.
Proqram yerli və ənənəvi arı cins­lərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstə­liklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradıb. Muxtar respublikamızda arıçılıqla 4250-dən çox sahibkar məşğul olur. Onlardan 706 sahibkarın 20 ailədən 250-yə qədər arı ailəsi var. Muxtar respublikada bu sahənin inkişaf etdirilməsinə böyük önəm verilməsinin ifadəsidir ki, Babək və Culfa rayonlarında balın emalı və qablaşdırılması ilə məşğul olan 2 yeni istehsal sahəsi yardılıb. Bununla da arıçılıq məhsulları hazırlayan və balı qablaşdıran müəssisələrin sayı, ümumilikdə, 6-ya çatdırılıb.
Diyarımızda arıçı sahibkarlar daim dəstəklənir. Onlarla keçirilən maarifləndirici seminarlar, arı xəstəliklərinin müalicəsi üçün davamlı olaraq hər il dövlət tərəfindən arıçılara pulsuz dərman preparatlarının verilməsi, arıçı sahibkarların istehsal etdikləri məhsulları satmaq üçün Naxçıvan şəhərində və rayon mərkəzlərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarılmasına şərait yaradılması bu sahənin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
“Arıçılıq məhsulları – bal” festivallarının keçirilməsi arıçılığa olan marağın daha da yüksəldilməsinə və arıçılıq məhsulları istehsalının artırılmasına səbəb olub.
Aqrar sahənin inkişaf istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli və 2019-cu il 18 yanvar tarixli “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının icrası, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması mövcud potensialdan istifadə etməklə yeni ailə təsərrüfatlarının yaradılmasına, istehsalın genişlənməsinə və yeni iş yerlərinin açılmasına stimul verməkdədir.
Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulları bazara sərbəst çıxarmaq imkanları və göstərilən maliyyə dəstəyi, tətbiq edilən güzəştlər və subsidiyalar bu sahəyə marağı daha da artırmaqdadır.
Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq fəaliyyətlərinin genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi və ailə təsərrüfatları festivallarının yüksək səviyyədə keçirilməsi onu deməyə əsas verir ki, bu gün aqrar sahə hərtərəfli və davamlı dövlət qayğısı ilə əhatə olunub.
Belə təsərrüfatların inkişafı ilə bağlı muxtar respublikanın bütün rayonlarında ailə təsərrüfatı üzvləri ilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirilərək onlara lazımi məsləhətlər verilir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada çoxsahəli ailə təsərrüfatlarının sayı artmaqda davam edir.
Aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdirilməsi, ekoloji sağlam məhsulların alınması məqsədilə maarifçilik işinin aparılması, ailə təsərrüfatı başçıları, sahibkarlarla və torpaq mülkiyyətçiləri ilə müşavirələrin keçirilməsi, bu sahələrdə mütərəqqi üsulların tətbiqi davam etdiriləcəkdir.

Zəkəriyyə GÖZƏLOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR