18 Sentyabr 2019, Çərşənbə

Ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən biri də ata-anaya hörmət, ağsaqqala, ağbirçəyə dərin ehtiram olub. Müqəddəs dinimiz də köməyə ehtiyacı olan yaşlılara və ahıllara qayğı göstərməyi tövsiyə edib. Ulu əcdadlarımızın bu adətinin zamanın sınağından çıxaraq bizim dövrümüzədək gəlib çatması və bu gün də muxtar respublikamızda bu dəyərlərin yüksək səviyyədə yaşadılması sevindirici və qürurvericidir.
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Sosial Könüllülük Akademiyası yaradılıb. Akademiyanın yaradılmasında əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunmasından ibarətdir.
Artıq müvafiq təlim-tədris proseslərini keçən akademiyanın ilk məzunlarının nazirlik tərəfindən təşkil edilən tədbirlərdə iştirakı təmin edilir və onlar sosial sahədə həyata keçirilən xidmətlərlə yaxından tanış olurlar. Sosial könüllülərin iştirak etdiyi tədbirlər sırasında köməyə ehtiyacı olan tənha ahılların evlərinə hər həftə təşkil edilən və artıq ənənə halını almış ziyarətləri xüsusi qeyd etmək olar. Biz də yaxın günlərdə bu nəcib əməl sahibi olan gənclərimizlə birlikdə Naxçıvan şəhərində yaşayan ahıl Kamil Babayevi ziyarət etdik və onunla, həmçinin sosial könüllülərlə həmsöhbət olduq.
Kamil Babayevin dedikləri:

– Üç övlad böyüdüb boya-başa çatdırmışam. Şükür Tanrıya, nəvələrim də var. Oğlum və qızım xaricdə yaşayır. İllərdir, ömür-gün yoldaşımı itirmişəm. Köməyə ehtiyacım var. Nə yaxşı ki belə gözəl yurdumuz, yuvamız, sakitliyimiz, hər bir sakininə öz ailə üzvü kimi qayğı ilə yanaşan dövlət rəhbərimiz var.
Bu gün mən və mənim kimi onlarla ahıl, köməyə ehtiyacı olan tənha insanlar dövlətin qayğısının əhatəsindədir. Gənclərin məni ziyarət etməyi sevincimə səbəb olur. Yetişməkdə olan gənc nəslin belə layihələrə cəlb olunması çox gözəl addımdır. Onlarla həmsöhbət olanda qəlbim sakitlik tapır. Mən göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram.
Sosial könüllülərin ahıla göstərdikləri xidmətlərlə tanış olduqdan, yaşayış sahəsində təmizlik və abadlıq işləri aparıldıqdan sonra onlardan bir neçəsinin də bu tədbirlər haqqında fikirlərini öyrəndik.
Aysun Hüseynzadə – Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin üçüncü kurs tələbəsi:
– Hər bir azərbaycanlı gənc valideynlərinin hörmətini saxlamağı, ictimai yerlərdə yaşlı nəslin təmsilçilərinə kömək göstərməyi, onlara yol verməyi özünə mənəvi borc bilir. Bu gün biz də buraya öz mənəvi borcumuzu yerinə yetirməyə, həm də ağsaqqal Kamil babanın nəsihətlərini dinləməyə gəlmişik. Bir gənc kimi dövlətimiz tərəfindən ahıl vətəndaşlara göstərilən xidmətlərdə iştirak etməkdən məmnunuq.
Abbas Əhmədli – Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin ikinci kurs tələbəsi:– Bu layihə haqqında eşidəndə çox sevindim. Çünki ailəmizdəki böyüklərlə yanaşı, tanımadığım və köməyə ehtiyacı olan insanların da yanında olmaq, onların bir gününün xoş keçməsinin səbəbkarına çevrilmək qədər gözəl heç nə ola bilməz. Yaşlı nəslə, xüsusən də ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin borcudur.
Afət Rəsulova – Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin üçüncü kurs tələbəsi:
– Hər bir xalqın əsrlərboyu formalaşan özünəməxsus adət-ənənələri, milli-mənəvi, əxlaqi dəyərlər sistemi vardır. Böyüklərə hörmət göstərməliyik ki, bizdən sonra gələn nəslin nümayəndələri də bizim hörmətimizi saxlasınlar. Bu baxımdan sosial könüllülər olaraq üzərimizə müəyyən vəzifələr düşür və biz də əlimizdən gələni etməyə çalışırıq.
Onu da bildirək ki, muxtar respublikanın bütün şəhər və rayonlarında tənha ahılları ziyarət edən sosial könüllülər Şahbuz rayonunda yerləşən Ahıllar Evinə də gedərək oranın sakinlərinin yaşayış şəraiti ilə tanış olub, onlara göstərilən səyyar tibbi xidmətdə iştirak ediblər.
Şahidi olduğum mənzərə, bu evdə bir neçə saat ərzində yaşadıqlarım müqəddəs bir ocağı ziyarət etdiyimdə duyduğum rahatlığa bərabər idi. Çünki belə əməllər də müqəddəsdir. Dünyada elə dəyərlər var ki, onu nə pul, nə vəzifə, nə də ki qorxu ilə əldə etmək olar. Bu, mərhəmət və xeyirxahlıq hissi, kiməsə kömək etmək, onun dərdinə şərik olmaqdır. Sevindirici haldır ki, muxtar respublika gəncləri bu dəyərlərə ­sahibdirlər.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR