18 Oktyabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində Asiya İnkişaf Bankının Baş Auditor Ofisi Azərbaycanın ölkə üzrə layihə portfelinin auditini həyata keçirmək məqsədilə iş proqramına uyğun olaraq görüş keçirib. Tədbirdə missiyanın rəhbəri xanım Nadejda Moçinova, baş audit xanım Vei Sen Çanq, baş audit xanım Amuerfina Sabtosç və digərləri iştirak ediblər.

Görüşdə icra olunmuş layihənin sahə səfəri ilə bağlı məsələlər müzakirə edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində müasir içməli su və kanalizasiya sistemlərinin qurulması barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaradıb. Əldə olunan uğurlar, ilk növbədə, insanların sosial rifah halının yaxşılaşdırılmasına, onların yaşayış səviyyəsinin yüksəldilməsinə səbəb olub, insan həyatı və sağlamlığı üçün ən əhəmiyyətli məsələlərdən biri olan içməli su və onun istifadəsi ilə bağlı problemlər həll edilib, muxtar respublikanın su ilə təminatına və əhalinin suya olan tələbatının ödənilməsinə nail olunub. Bu isə sakinlərin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Naxçıvançay yatağında məh­suldarlığı orta hesabla saniyədə 472 litr, uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metr olan kaptaj tikilib, kaptajın üzərində 52 baxış quyusu və bir ədəd suqəbuledici kamera quraşdırılıb. Kaptajdan təmizləyici qurğuya qədər 6,4 kilometr özüaxımlı şüşəlifli magistral boru xətti çəkilib. Kaptajın ətrafı 3,3 kilometr uzunluğunda dəmir məhəccərlə hasarlanıb, onun sel sularından qorunması üçün 1,5 kilometr qoruyucu bənd tikilib.
Komitə sədri bildirib ki, 2014-cü il aprel ayının 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Nanofiltrli membrantipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur.
Əsgər Əsgərov diqqətə çatdırıb ki, təmizlənmiş su ümumi tutumu 25 min kubmetr olan 3 su anbarına yığılır və şəbəkəyə ötürülür. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verir. Sutəmizləyici qurğudan şəhər şəbəkəsinə hər birinin uzunluğu 3,75 kilometr olmaqla, cəmi 7,5 kilometr şüşəlifli borularla özüaxımlı qoşa magistral xətt çəkilib.
Layihə çərçivəsində Naxçıvan şəhəri və onun inzibati ərazisinə daxil olan 5 kənd (Qaraçuq, Bulqan, ­Qaraxanbəyli, Hacıniyyət və Tumbul), Babək rayonunun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndləri daxil olmaqla, 350,1 kilometr daxili su şəbəkəsi, 332,5 kilometr kanalizasiya şəbəkəsi çəkilib və 25 min 874 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.
Layihə ərazisində 135 min sakin fasiləsiz olaraq Beynəlxalq Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su və yeni kanalizasiya şəbəkəsi ilə təmin olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2 barla 5 bar arasında təzyiqlə su verilir. Təmizləyici qurğunun tikilməsində məqsəd çirkab sularının təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Layihənin icrasını təmin etmək üçün yeni texnologiya və avadanlıqlardan istifadə olunub.
Vurğulanıb ki, muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verib.
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlıqlarını bildirib, layihənin həyata keçirilməsi prosesi ilə bağlı suallar cavablandırılıb.
Sonra Naxçıvan şəhərindəki su təchizatı və kanalizasiya sistemləri ilə bağlı slayd nümayiş olunub.

 Muxtar MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR