18 Oktyabr 2019, Cümə

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçilən müəssisələrdən biri də Naxçıvan Avtomobil Zavodudur. 2010-cu ildən fəaliyyət göstərən zavodda avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. 

Müxtəlif təyinatlı 17 modeldə “NAZ Lifan” markalı avtomobillərin istehsal olunduğu zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da müəssisədə istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. Bundan əlavə, Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları, həmçinin Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzləri fəaliyyət göstərir. Bu da muxtar respublikada müəssisənin istehsal etdiyi avtomobillərə texniki xidmət göstərilməsinə əlverişli şərait yaradır. 

2019-cu ilin aprel ayından isə Naxçıvan Avtomobil Zavodu “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil edilib. Bu dövrdən başlayaraq müəssisədə kompleks tədbirlər həyata keçirilib. Belə ki, zavoddakı istehsal prosesinə nəzarət məqsədilə yeni kameralar quraşdırılıb. Culfa servis mərkəzi isə yenidən qurulub. Eyni zamanda müəssisədə yeni marketinq şöbəsi də yaradılıb, maliyyə-mühasibat işinin təkmilləşdirilməsi üçün yeni mikroproqramın qurulması təmin edilib. Naxçıvan Avtomobil Zavodunun direktoru Səxavət Hümbətovun verdiyi məlumata görə, ötən dövrdə müəssisə tərəfindən iki dəfə kampaniya təşkil olunub. Kampaniya çərçivəsində avtomobillərin ehtiyat hissələrinin satışında 30-50 faiz endirimlər tətbiq edilib, göstərilən xidmətlər isə iki ay boyunca (iyun-iyul) pulsuz olub. Bundan əlavə, zavodun əvvəldən istehsal etdiyi 100-dən çox avtomobil güzəştli şərtlərlə istehlakçılara satılıb. Hazırda müəssisə tərəfindən avtomobil istehlakçıları arasında yeni sorğu kampaniyasına başlanılıb. Sorğu çərçivəsində avtomobil sahibləri istifadə etdikləri nəqliyyat vasitələrində yaranmış hər hansı bir problemlə bağlı sualları cavablandırır, ehtiyac duyduqları ehtiyat hissələrini və göstərilən xidməti 30 faiz güzəştlərlə əldə edirlər.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibinə daxil olduqdan sonra avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil edilib. Bununla yanaşı, zavodda istehsal edilən avtomobillərin ixracı və onların ehtiyat hissələrinin maya dəyərinin aşağı salınması üçün qonşu ölkə­lərdə bazar araşdırmaları aparılıb. Direktorun sözlərinə görə, müəssisədə yeni marka və modellərdə avtomobillərin istehsalı da nəzərdə tutulub. Bunun üçün “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının rəhbəri Vüqar Abbasov və rəhbərlik etdiyi nümayəndə heyəti bu il avqustun 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Çinin “Lifan İndustrial Group”, “FAW İndustrial Group” və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparılıb, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilib. Perspektivlər nəzərə alınaraq 2020-ci ilin birinci yarısında zavodda müxtəlif təyinatlı marka və modellərdə avtomobillərin, o cümlədən motosik­let­­­lərin istehsalına başlanılacaq. Bunun üçün ilkin mərhələdə istehsal xəttinə nəzarət xaricdən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Sonrakı mərhələdə isə yerli mütəxəssislərin iştirakı təmin olunacaq. Burada da əsas məqsəd daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də istehsal olunan nəqliyyat vasitələrinin digər ölkələrə ixracını təşkil etməkdir.
Onu da bildirək ki, zavodda istehsal olunan nəqliyyat vasitələrinin güzəştli şərtlərlə satışı və texniki servis xidməti də nəzərdə tutulub.

 Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR