20 Noyabr 2019, Çərşənbə

Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Çünki yeni istehsal müəssisələri yerli məhsul istehsalını stimullaşdırmaqla bərabər, daxili bazarın idxal məhsullardan qorunması, məşğulluğun təmin olunması kimi məsələlərə də öz müsbət təsirini göstərir. Bu mənada, yeni yaranan müəssisələrə dövlət tərəfindən hərtərəfli dəstək verilir, onların fəaliyyətlərinin təmin olunması üçün lazımi şərait yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni yaradılmış boya istehsalı sahəsidir.

 

Müəssisənin rəhbəri Zamin Abbasov bizimlə söhbətində bildirdi ki, muxtar respublikanın inşaat sektorunda istifadə edilən bir sıra məhsulların istehsalı ilə məşğul olan “Azelektrod” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə fəaliyyətə başlayıb. Göstərilən dövlət dəstəyinin nəticəsində yaranan müəssisədə 2017-ci ildə “Azelektrod” əmtəə nişanı ilə polad və dəmir qaynağı üçün 2,5, 3,2 və 4 millimetr qalınlıqda elektrodların qablaşdırılması həyata keçirilir. 2018-ci ildən isə müəssisədə “Az-NaxKim” əmtəə nişanı ilə qeydiyyatdan keçmiş kafel, metlax, məsaməli beton-blok, mərmər və qranit yapışdırıcıları (ağ və boz rənglərdə), kimyəvi quru qarışıqlar, hazır suvaq qarışığı, beton səth sərtləşdirici, özüyayılan döşəmə qarışığı, təmir suvağı, aralıq doldurma qarışığı (bütün rəng­lərdə) kimi tikinti işlərində çox zəruri olan məhsullar istehsal edilir. Təmir suvağı üçün qarışıq 1, 5 və 20, sement əsaslı hazır suvaqlar 40, digərləri isə 25 kiloqramlıq qablaşdırma ilə satışa çıxarılır. Öyrəndik ki, buradakı avadanlıqlar Türkiyə Respublikasından alınıb gətirilib və istehsal üçün istifadə olunan xammalın – əhəng, kalsid, gips, sement və qumun yerli məhsullar olması keyfiyyət amilinə öz təsirini göstərir. Məhsulların istehsalı üçün avadanlıqların gücü əvvəllər saatda 5 ton idisə, indi 9 tona çatdırılıb.
Zamin Abbasov qeyd etdi ki, hazırda 1360 kvadratmetr sahədə fəaliyyət göstərən müəssisədə bu yaxınlarda yeni boya istehsalı bölümü də yaradılıb. Bunun üçün müxtəlif bazar araşdırmaları aparılıb, boya istehsalında tətbiq edilən innovativ texnologiyalarla bağlı təcrübələr mənimsənilib. Qısa müddətdə avadanlıqlar alınıb gətirilərək müəssisədə lazımi şərait yaradılıb.
Müsahibimiz onu da bildirdi ki, keyfiyyətli boya üçün istehsal olunan məhsulun və ya xammalın laborator analizi mühüm şərtdir. Biz də bu amili əsas tutaraq ilk olaraq müəssisədə yeni laboratoriya yaratdıq. Laboratoriyada qabaqcıl ölkə­lərin cihaz və avadanlıqlarını quraşdırdıq. Burada istehsal olunan məhsulların keyfiyyətini yoxlamaq üçün müxtəlif testlər aparırıq. Bu testlər zamanı istehsal ediləcək boyaların qatı və ya duruluğu, səthi örtmə məsrəfi, temperatura və suya davamlılığı, parlaqlığı, suyun codluğu, donma keyfiyyəti və digər amillər müəyyən olunur. Artıq müəssisəmizdə izolyasiya mayeləri, tavan və plastik boyaları, həmçinin fasad üçün silikonlu, akrilik, tekstur, yəni qumlu boyaların istehsalına başlamışıq və bu yaxınlarda məhsullarımızı bazara çıxarmışıq. Məqsədimiz keyfiyyətli boya ilə tanınmaq, istehlakçıların rəğbətini qazanmaqdır. Bunun üçün çox iddialıyıq. Bu gün istehlakçılara “Az-NaxKim” əmtəə nişanı ilə 3, 5, 10, 20 kiloqramlıq qablarda təqdim etdiyimiz boyalar sərfəli qiymət və yüksək qatılıq sayəsində digərlərindən ən azı iki dəfə qənaətcildir. Ümid edirik ki, çox qısa müddətdə hər kəs bu yerli məhsullarımızın keyfiyyətini görəcəkdir.
Zamin Abbasov vurğuladı ki, hazırda müəssisəmiz mürəkkəb bir prosesdən keçmə mərhələsindədir. Çünki çoxçeşidli bazara yeni məhsul çıxarmaq, bu məhsulun istehlakçılar tərəfindən qəbul olunaraq rəğbət qazanması, həqiqətən də, sahibkar üçün bir sınaqdır. Ancaq biz inanırıq ki, bu sınağın öhdəsindən layiqincə gələcəyik. Digər tərəfdən, kadr məsələləri bu gün istənilən sahə üçün öndə gəlir. Hazırda müəssisəmizdə istehsal olunan məhsulların laborator analizlərini aparan, eyni zamanda keyfiyyətli məhsul istehsal etməyin yolunu yaxşı mənimsəyən işçilərimiz var. Zamanla belə kadrların sayı daha da artacaq. Çünki müəssisəmizdə işçi personalının hamısı gənclərdir və onların da öyrənməyə, daha çox təcrübə qazanmağa geniş imkanları var.
Müəssisə rəhbəri onu da əlavə etdi ki, bu gün muxtar respublikamızda sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılıb. Aidiyyəti dövlət qurumları tərəfindən hərtərəfli köməklik göstərilir. Dövlət dəstəyi varsa, demək, onda sa­hibkarın iş görməsi, fəaliyyətini genişləndirməsi üçün o, böyük imkanlara malikdir. Buna görə də bizim bir məqsədimiz var ki, keyfiyyətli məhsul istehsal edək, milli iqtisadiyyatımızın inkişafına öz töhfəmizi verək, ən əsası isə Naxçıvanımızın nüfuzunu ölkəmizdən kənarda da layiqincə tanıdaq.
Bu yazıda muxtar respublikamızda sahibkarlığın inkişafı üçün yaradılmış şəraitdən layiqincə bəhrələnməyə çalışan yeni bir istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olduq. Ümid edirik ki, belə müəssisələr tezliklə daxili bazarı yerli məhsullarla təmin etməklə yanaşı, Naxçıvanın ixrac potensialının artırılmasına da öz töhfələrini verməyə çalışacaqlar.

 Səbuhi HƏSƏNOV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR