06 Dekabr 2019, Cümə

Ölkə iqtisadiyyatının dinamik inkişafını xarakterizə edən sahələrdən biri də kənd təsərrüfatıdır. Muxtar respublikada kənd təsərrüfatı üzrə həyata keçirilən tədbirlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası aqrar sahənin hərtərəfli inkişafına şərait yaradır.
Muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, yeni suvarma sistemlərinin qurulması, suvarmada mütərəqqi üsullardan istifadə, əkinçilərə və fermerlərə subsidiyaların və güzəştli şərtlərlə kreditlərin verilməsi aqrar sahənin obyektiv inkişafı ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı ilə məşğul əhalinin sayının artmasına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması cari ildə belə təsərrüfatların daha da genişləndirilməsini, əhalinin kənd təsərrüfatına olan marağının artmasını və maddi rifah halının daha da yaxşılaşdırılmasını təmin edir.
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsal potensialının daha da artırılması, məhsuldarlıq göstəricilərinin yüksəldilməsi məqsədilə istehsalçıların müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 309 ədədi 2019-cu ilin yanvar-avqust aylarında olmaqla, ümumilikdə, 2684 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. 2019-cu ilin yanvar-avqust aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 196 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilib.
Muxtar respublikada həyata keçirilən sosial­-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatının dinamik inkişafı ilə bağlı atılan uğurlu addımlar məhsul istehsalının artmasına səbəb olub. Belə ki, 2019-cu ilin yanvar-avqust aylarında 109 min 760 ton dənli və dənli-paxlalılar, 1498,5 ton dən üçün qarğıdalı, 765 ton dən üçün günəbaxan, 54,6 ton tütün, 43 min 669 ton kartof, 58 min 507 ton tərəvəz, 30 min 525 ton bostan məhsulları, 28085,5 ton meyvə, 5134,7 ton üzüm istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il dənli və dənli-paxlalılar istehsalı 5,1 faiz, dən üçün günəbaxan 2,1 faiz, tütün 2,2 dəfə, kartof 2,5 faiz, tərəvəz 1 faiz, bostan məhsulları 0,4 faiz, meyvə 8,3 faiz, üzüm 1 faiz artıb.
Aqrar sektorda çalışan fermerlərə və digər sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə verilən kreditlərin həcmi ilbəil artırılır. Cari ildə də bu sahə üzrə kreditlərin verilməsi davam etdirilib, ötən dövr ərzində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 7530,8 min manat məbləğində kreditlərin verilməsi təmin olunub. Bu da bir il öncəki müvafiq göstəricidən 85,8 faiz çoxdur.
Muxtar respublikada maldarlıq və heyvandarlığın inkişaf etdirilməsi və əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində bir sıra işlər görülür. Belə ki, maldarlıqda qısırlığın ləğv olunması və damazlıq heyvanların əldə olunması məqsədilə 2019-cu ilin yanvar-avqust aylarında ildə 8780 baş inək, düyə və camış süni yolla mayalandırılıb. Bu dövr ərzində həmin inək, düyə və camışlardan 5980 baş sağlam buzov alınıb. Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın müəyyən edilməsi maldarlığın dinamik inkişafına təkan verməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Süni Mayalanma Mərkəzinin yaradılması mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılmasına, heyvandarlıq məhsulları istehsalının artımına müsbət təsir göstərəcəkdir. Bu istiqamətdə hazırda mərkəz üçün yeni infrastruktur obyektləri yaradılır.
Muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində əhalidə xüsusi mülkiyyətə münasibətin köklü dəyişməsi, fərdi sahibkarlıq fəaliyyətinin üstün istiqamət alması muxtar respublikada mal-qaranın baş sayının və il ərzində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artmasını şərtləndirən əsas amillərdəndir. Bu sahədə görülən tədbirlərin nəticəsində 1 sentyabr 2019-cu il tarixə muxtar respublikada 14518,9 ton diri çəkidə ət, 68143,1 ton süd, 69 milyon 902 min 800 ədəd yumurta, 848 ton yun istehsal edilmişdir ki, bu da 1 sentyabr 2018-ci ildə olan göstəricilərdən müvafiq olaraq 3,9 faiz, 1,5 faiz, 1,4 faiz, 1,6 faiz çoxdur.
Yaradılan şəraitin nəticəsidir ki, 1 sentyabr 2019-cu il tarixə muxtar respublikada 309 milyon 144 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 1 sentyabr 2018-ci ildə olan göstəricidən 3,9 faiz çoxdur.

Kənd təsərrüfatı məhsulu, min manat

Muxtar respublikada cari ilin “Ailə təsərrüfatları ili” elan olunması və aqrar sahənin inkişafı istiqamətində aparılan uğurlu siyasət əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasına, maddi rifah halının yaxşılaşdırılmasına, özünüməşğulluğun təmin edilməsinə və nəticədə, iqtisadiyyatın çoxyönümlü inkişafına stimul verir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR