12 Noyabr 2019, Çərşənbə axşamı

Taxılçılıq muxtar respublikada kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Diyarımızın torpaq­-iqlim şəraiti bu vacib sahənin inkişafı üçün əlverişlidir. Odur ki, intensiv becərmə texnologiyalarına üstünlük verməklə əkin sahələri ilbəil genişləndirilir.
Sədərək rayonunda da bu sahənin inkişafına maraq getdikcə artır. Bu qiymətli məhsulun ərsəyə gətirilməsində zəngin təcrübə toplayan, hərtərəfli qayğı ilə əhatə olunan rayonun taxılçıları qazanılan uğurdan ruhlanaraq gələn ilin bol məhsulunun əsasını qoymaq üçün səy və bacarıqlarını əsirgəmir, taxıl əkininə ciddi hazırlaşırlar.

Cari ilin məhsulu tədarük edilən kimi əkinlərin saman və küləşindən kip vurularaq sahədən toplanılıb, şum işinə başlanılıb. Bu məqsədlə əvvəlcədən həyata keçirilən hazır­lıq tədbirləri öz bəhrələrini verməkdədir. Əkiləcək sahələrə kifayət qədər şum qaldırmaq üçün traktorlar çıxarılıb, həmin texnikalar üçün tələb olunan ehtiyat hissələri əldə edilib, yanacaq ehtiyatı tədarük olunub. Əkinə tezliklə başlamaq üçün torpaq mülkiyyətçiləri vaxtdan səmərəli istifadə edirlər. Sədərək Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günə qədər 820 hektaradək sahədə şum aparılıb. Torpaq mülkiyyətçiləri taxıl sahələrini bir qədər də genişləndirərək əvvəlki ildən artıq əkin sahələri becərmək əzmindədirlər.
Yaxın günlərdə rayonun torpaq mülkiyyətçiləri əkin kampaniyasına başlayacaqlar. Onlar cari ildə əldə edilən nəticəni son hədd hesab etmir, qarşıdakı ildə daha yüksək nəticələr qazanacaqlarına inanırlar.

Xəbərlər şöbəsi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR