21 Oktyabr 2019, Bazar ertəsi

Cəmiyyətin tələbatlarının artdığı və eyni zamanda da məhdud  resursların daha da qiymətli hala gəldiyi bir dövrdə iqtisadi artımın sabit dinamikasını  təmin etmək, uğurlu sahibkarlıq subyektlərinin yeni biznes ideyaları ilə buna imkan yaratmaq müasir dünya iqtisadiyyatının əsas problemlərindəndir. Klassik mənada ənənəvi biznes və idarəçilik üsullarından yeni startap layihələrinə keçid də bu baxımdan sərt qlobal iqtisadi rəqabətin və cəmiyyətin dərinləşən sosial­-humanitar imperaitlərindən irəli gələn bir çağırışdır. Muxtar respublikamızda da startap layihələrinin dəstəklənməsi gənclərin fəal yaradıcı biznes hərəkatına qoşulması üçün ən əlverişli zamanın gəldiyinin bir göstəricisidir. 

Startap böyük biznesə gedən yoldakı ilk parlaq ideyadır. Bu yoldakı hər bir uğurlu gəncin motivasiya vasitəsi isə şübhəsiz, təhsildən başlayır. Məhz innovativyönlü təhsillə ərsəyə gələn insanların gözündə yaşadığımız planet həmişəkindən daha kiçik, onun sakinlərinin mədəni tələbatları isə sonsuzdur. Bunu ödəyə bilmək üçün gerçək mənada əsl təhsil alıb özünə, ailəsinə və dövlətinə faydalı əməyi ilə xidmət etmək istəyənlər üçün isə indi meydan həmişəkindən daha genişdir. Xüsusən ölkəmizdə və muxtar respublikamızda azad bazar iqtisadiyyatı münasibətlərinə keçidlə sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaranması, bu sahədə yenilikçi olan hər bir kəsə ciddi dövlət dəstəyinin göstərilməsi yeni dövrdə startapçılıq sahəsində də insanların daha cəsarətli olmasına gətirib çıxarıb.

Startapçı olmaq üçün iqtisadi savadla yanaşı, iti düşüncə, təhlil, mühakimə və məntiq əsas keyfiyyətlərdəndir. Bir çoxları startapçı olmaq üçün yalnız internet, yaxud kompüter biliklərinin əsas götürül­düyünü düşünsələr də, bunların, sadəcə, bir vasitə olduğunu artıq tələbələr də bilirlər. Bu mənada, startapçı olmaq üçün nələri bilməli, yaxud hər yeni ideyanın biznes baxımından hansı məhsul verə biləcəyi kimi sualları təhlil edərkən onun cavabını internetdə axtarmaq əvəzinə real situasiyanın mövcud şərtlərə görə qiymətləndirilməsi, bazar faktorları, beynəlxalq aləmdəki vəziyyət və insan resursları potensialının nəzərə alınması tələb olunur. Bu baxımdan yeni startapçıların yaradılmasında iqtisadi biliklərə sahib insanlara ehtiyac daha da artmaqdadır.
İqtisadiyyat həmişə dinamik inkişaf edən bir sahədir. Bir elm kimi iqtisadi biliklər insan həyatında həmişə lazım olub. Hələ Aristotelin iqtisadiyyatı bir ev təsərrüfatı kimi izah etməyə çalışdığı dövrdə də insanlar yaxşı yaşamaq üçün təməl iqtisadi qanun və kateqoriyaların mahiyyətini bilməyin vacib olduğunu dərk edirdilər. Zaman keçdikcə insanlar iqtisadi biliklərə yiyələnməklə, son nəticədə, təkcə özləri üçün bütün cəmiyyətə faydalı olmağın yollarını necə tapmağı da öyrəndilər. Artıq müasir dövr iqtisadiyyatı cəmiyyətin tələbatlarının önündə gedən, yeni tələb formalaşdırmaqla təklif üçün də bazar imkanları yaradan, bununla da dinamizmi körükləyərək daha geniş inkişaf dalğasına yol açan bir vasitəyə çevrilib. Bu gün iqtisadi həyatdakı nəhənglər sırasında öz sözünü deyə bilən bir zamanların startapçıları da önündəki açıq yollardan biznes dünyasına atılmış sadə gənc­lər olublar.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyatı müasir inkişaf trend­ləri ilə hər cür innovativ yeniliyə açıq olub, bazar iqtisadiyyatının tələblərinə uyğun bir modellə böyüməkdədir. Son dövrlərin iqtisadi təhlilləri baza ilinə nisbətən hər hesabat dövründə iqtisadi artımın sabit dinamika ilə müşahidə olunduğunu, bunu yaradan sosial-iqtisadi faktorların isə proqnoz edilə bilinməsi ilə izah olunur. Muxtar respublikada yerli resurslara əsaslanan istehsal və xidmət sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi, ərzaq və enerji təhlükəsizliyi məsələsinin özünəməxsus yolla qəti şəkildə həlli və iqtisadiyyatın müxtəlif sahələrində məhsuldar olan kadr hazırlığı belə yeniliklərin daha sürətli şəkildə mənimsənilməsini şərtləndirən amillərdəndir. 4G sürətli mobil internetin Naxçıvan Muxtar Respublikası ərazisinin 99 faizini əhatə etməsi, təhsil müəssisələrində ən yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi buradakı beyin gücünün dünyada baş verən bütün yenilikləri cəmi 1 saniyə fərqlə izləyə bilməsinə imkan yaradır. Artıq iqtisadi sahə ilə yanaşı, sosial-mədəni həyatdakı müasirlik də naxçıvanlıların həyat tərzinin ayrılmaz elementlərini təşkil edir. İdman, rabitə, turizm və asudə vaxtın təşkili, sərnişin nəqliyyatı, məişət xidmətləri və digər sahələrdə muxtar respublika əhalisinə təklif olunan xidmətlər yeni həyat standartları ilə bərabər, həm də yeni tələbatlar doğurur. Bütün bunlar isə öz növbəsində, startapçılar üçün yeni ideyaların başlanğıcıdır.
İqtisadi həyatdakı yeni fürsətlərin gəlirə çevrilməsi yollarının tapılması iqtisadi biliklərin əsas hədəflərindəndir. Bu mənada, bugünkü iqtisadçılar üçün dünya iqtisadiyyatında riskdoğuran faktorların öyrənilməsi və bunların hansı yolla yeni bazar imkanlarına çevrilməsi həm nəzəri, həm də praktik baxımdan çox əhəmiyyətlidir. Bundan əlavə, muxtar respublikamızın təbii ehtiyatları, onun xarici ticarət əlaqələri, diyarımıza səyahət edən turistlərin sayı, onların ölkə mənşəyi və səyahət motivləri də startapçılar üçün aktual dəyirmi masa mövzusudur. Xüsusən Naxçıvanın Şərqlə Qərbin qovşağındakı mühüm mövqeyi, artan əhali tələbatları, regionda lüks xidmətlərin getdikcə daha çox populyarlaşması və keyfiyyətə nəzarətdə yüksək standartların tətbiqi belə diskussiyaların əsas arqumentlərindəndir. Artıq hər yerdə yeni ideya müəllifləri öz fikirlərini əsaslandırmaq üçün belə arqumentlərin real həyatda praktik nümunəsi üçün inkişafın Naxçıvan modelinə istinad edirlər.
Startapçı olmaq bu gün hər zamankından asan və cazibədardır. Hazırda dünyada məşhur olan startapçıların keçdiyi uğurlu yol, onların cəmiyyətdəki imici və muxtar respublikamızda gənc startapçıların formalaşması üçün verilən dəstək iqtisadi həyatdakı yeniliklərlə bərabər, bir növ cəmiyyətimizdə hamının ehtiyacı olduğu yeni düşüncəli bir təbəqənin də yaranması üçün motivasiya doğurur. Bu motivasiyanın reallığa çevrilməsi üçün isə indi hər cür imkanlar vardır. Dövlətimiz qəti şəkildə inanır ki, bu günün startapçısı gələcəyin sahibkarı və cəmiyyətin sütunu olan orta təbəqənin nümayəndəsi kimi insanlara yeni iş yerləri və pozitiv enerji bəxş edəcək.

 Əli CABBAROV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR