17 Noyabr 2019, Bazar

Müstəqillik qazandığımız illərdən muxtar respublikamızda mütərəqqi təsərrüfat formalarının yaradılması üçün məqsədyönlü işlər görülüb və görülməkdədir. Həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə, sərhəd bölgələrimizdə də bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Daxili bazarda yerli istehsalın xüsusi çəkisinin gündən-günə artması da bununla bağlıdır. Bu uğurların qazanılmasında yeni və mütərəqqi təsərrüfat forması olan ailə təsərrüfatlarının da böyük əməyi var. Naxçıvanda bu təsərrüfat forması ilə məşğul olan insanlara hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır.

Ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən növbəti “Ailə təsərrüfatı məhsulları” festivalında Ali Məclisin Sədri muxtar respublikanın bütün rayonlarında da belə festivalların keçirilməsi və nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin yayılması barədə də tapşırıqlar verib. Həmin tapşırıqların yerinə yetirilməsinin ifadəsidir ki, dünən Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Festivalda rayonun kəndlərindən 20-dən artıq ailə təsərrüfatı tərəfindən 108 adda, 5014-dən çox qablaşdırılmış kənd təsərrüfatı məhsulları – mövsümi meyvələr, müxtəlif növ mürəbbə və şirniyyatlar, meyvə araqları, pendir, cəviz, eləcə də turşular, təbii meyvə şirələri, dərman bitkiləri, milli mətbəximizə aid müxtəlif çörək növləri və digər məhsullar iştirakçılara təqdim edilib. Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Yallı” qrupunun ifaları buraya gələnlərdə xoş ovqat yaradıb.
Biz də həmin festivalda sədərəkli ailə təsərrüfatçılarının bir neçəsi ilə həmsöhbət olduq.
İlham Abdullayev arıçılıqla məşğuldur və bir neçə ildir ki, ailə təsərrüfatı sahibidir. O deyir ki, rayonda iş adamlarına, fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara geniş imkanlar açılıb. Hara baxırsan, taxıl zəmiləridir, kartof, bostan-­tərəvəz tarlalarıdır, üzüm, meyvə bağlarıdır, biçənək, yonca sahələridir. Belə təsərrüfatlar özünüməşğulluq vasitəsi sayılmaqla bərabər, həm də geniş biznes üçün ilk təcrübə deməkdir. Xüsusən də ucqar yaşayış məntəqələrinin sakinləri üçün. Bu günün ailə təsərrüfatçısı sabahın fiziki şəxsi, sonra isə daha böyük sahibkarıdır.

Dövlətimizin yaratdığı şəraitdən istifadə edib ailə təsərrüfatı yaradanlardan biri də rayonun Sədərək kənd sakini Nazirə Əliyevadır. O, öz pay və həyətyanı torpaqlarında əkinçiliklə məşğuldur. Zəhmətkeş qadın bir neçə ildir ki, alın tərini torpağa qatır, onu əzizləyir, bərəkətini Tanrıdan diləyir. Onun söhbəti:

– Bu gün muxtar respublikamızda, demək olar ki, hər bir ailə pay torpaqlarına sahibdir. Torpaq mülkiyyətçiləri, fermerlər sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq, ailələrinin güzəranını yaxşılaşdırmaq imkanları qazanıblar. Kənd adamları torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad ediliblər. Bütün bunlar, son nəticədə, məhsul istehsalının yüksək sürətlə artması ilə nəticələnib, əhalinin rifah halı xeyli yaxşılaşıb. Bu cür tədbirlərin keçirilməsi isə biz ailə təsərrüfatçılarına böyük qayğıdır.
Digər ailə təsərrüfatı başçısı Mehparə Hüseynova bildirdi ki, əvvəllər çətinliklərimiz çox olub. Lakin öz qohum-əqrəbamın, yaxın qonşularımızın arabir köməyini gördükdə qərara aldım ki, elə işimizi onlarla birlikdə quraq. Fikrimlə razılaşdılar. Onlar arasında müəllim də, aqronom da, sürücü də var. Atalarımız çox doğru deyib: “El bir olsa, dağ oynayar yerindən”. Biz bu birliyi ailə təsərrüfatını yaradandan sonra bir daha gördük və bu gün də görürük. İstər əkin vaxtı, istərsə də məhsul yığımı və qablaşdırılmasında ailə üzvlərimizin əməyindən istifadə edirəm. Birlik olmadan bu qədər işin öhdəsindən gəlmək mümkün deyil. Yaxşı çalışmaq yaxşı qazanmaq, ölkəmizin iqtisadiyyatına töhfə vermək və yaxşı yaşamaq deməkdir. Dövlətimizi sağ olsun ki, bizə belə şərait yaradıb. Yaxın günlərdə Naxçıvan şəhərində keçiriləcək “Ailə təsərrüfatı məhsulları” festivalına müxtəlif çeşidlərdə məhsul çıxaracağıq.
Həmin təsərrüfatın üzvü Səfər Əliyev deyir ki, ailə təsərrüfatlarına dövlət tərəfindən lazımi köməkliklər göstərilir. Yanacaq, gübrə, güzəştli kreditlərin verilməsi biz təsərrüfatçılar üçün böyük dəstəkdir. Kənd adamı illik ruzisini malından, heyvanından, bağından, bağçasından, əkindən, biçindən tədarük edir. Əvvəllər əkib ərsəyə gətirdiyimiz məhsulun öz ehtiyacımızdan artıq qalan hissəsini saxlamaq, satmaq imkanımız az idi. Amma indi dövlətimiz elə şərait yaradıb ki, öz ehtiyacımızdan artıq qalanını satır, digər tələbatlarımızı ödəyirik.
Diyarımız yüksəkkeyfiyyətli yerli məhsulları ilə tanınır. Göycəsi, əriyi, çeşid-çeşid pencərləri, pendiri, qovurması, lavaşı, dastanası həmişə adla deyilib. Bu məhsulların həcm və çeşidinin çoxaldılması muxtar respublikanın istehsal və ixrac imkanlarını daha da genişləndirir. Elə keçirilən festivallarda çıxarılan məhsullara alıcı tələbatının artması da bunu bir daha sübut edir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR