20 Noyabr 2019, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycan keçmiş İttifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikalardan birinə çevrilmişdir. Həmin dövrdə ölkəmizdə kənd təsərrüfatının elmi əsaslarla inkişafı nəticəsində bu sahədə zəngin təcrübə formalaşmışdır. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infra­struktur da tama­milə dağıdılmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli lider isə kənd təsərrüfatının inkişafının vacibliyini daim ön plana çəkmiş, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görül­müş, uğurlu islahatlar həyata ­keçirilmiş, qanun­vericilik bazası ­yaradılmışdır.

Ulu öndərin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində konkret tədbirlər görülür, dövlət proqramları qəbul olunur.
Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafı da daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olmuşdur. 2000-ci ildə muxtar respublikada torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan vermiş, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr qazanılmışdır. Qəbul edilən dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaratmış, təsərrüfatın müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirmişdir.
Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılmışdır. Cari ilin ötən 9 ayında muxtar respublikada 109 min 760 ton dənli və dənli-paxlalı, 4207 ton dən üçün qarğıdalı, 772 ton dən üçün günəbaxan, 74 min 934 ton tərəvəz, 49 min 139 ton kartof, 36 min 790 ton bostan məhsulları, 40 min 202 ton meyvə, 9869 ton üzüm istehsal olunmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdəndir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Belə ki, son illər muxtar respublikada 4 min 135 hektar sahədə yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilmişdir. Hazırda Şahbuz rayonunun Türkeş kəndində bu işlər davam etdirilir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhali tələbatının ödənilməsi üçün geniş imkanlar açmışdır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır.
Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikada iribuynuzlu mal-­qaranın baş sayı 119 min 814-ə, xırdabuynuzlu heyvanların sayı isə 741 min 539 başa çatdırılmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara üzrə 1845 baş, xırdabuynuzlu heyvanlar üzrə 12 min 806 baş çoxdur. Cari ilin ötən dövründə 9 heyvandar­lıq təsərrüfatı yaradılmış, 2 heyvandarlıq təsərrüfatı genişləndirilmişdir. Ümumilikdə, yanvar-sen­tyabr aylarında kənd təsərrüfatı subyektlərinə 8 milyon 776 min 600 manat məbləğində kreditlər verilmişdir ki, bunun da 7 milyon 23 min manatı heyvandarlığa ­yönəldilmişdir.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmışdır. Hazırda mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Heyvandarlıq təsərrüfatlarında 9 min 654 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 6 min 383 baş sağlam bala alınmışdır. Həmçinin əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülmüşdür. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsində 2019-cu ilin ötən 9 ayı ərzində diri çəkidə ət istehsalı 19 min 105 ton, süd istehsalı 72 min 451 ton, yun istehsalı 904 ton, yumurta istehsalı isə 76 milyon 634 min 800 ədəd olmuşdur.
Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti ilə birgə sistemli tədbirlər görülür, qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, mal-qara və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri uğurla davam etdirilir.
Muxtar respublikada 74 min 244 arı ailəsi mövcuddur. Bu sahə üzrə dövlət proqramının qəbul olunması, istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olmuşdur.
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz edilməsinin böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2694 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 2240-ı nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 319-u 2019-cu ilin ötən 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı hökumət tərəfindən güzəştlər müəyyən edilmişdir.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi­-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də işlər davam etdirilir. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunmuşdur. Muxtar respublikanın əsas toxumçuluq bazası olan bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışı da həyata keçirilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövrdə məhsul istehsalçıları 7 min 79 ton mineral gübrə ilə təmin edilmişdir. I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilməsi təmin olunur.
Əhalinin ilboyu meyvə-tərəvəz məhsulları ilə təminatı muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İri­tutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbinin ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 15 min 945 ton olan 38 soyuducu anbar və sahəsi 131 min 162 kvadratmetr olan 23 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması cari ildə belə təsərrüfatların daha da genişləndirilməsinə, əhalinin kənd təsərrüfatına olan marağının artmasına və maddi rifah halının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. Ötən dövrdə muxtar respublikada 372 milyon 356 min 500 manat kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qarşıya qoyulan vəzifələr bundan sonra diqqətdə saxlanılacaq, ardıcıl tədbirlər həyata ­keçiriləcəkdir.


Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

  

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR