20 Noyabr 2019, Çərşənbə

Ailə təsərrüfatlarının inkişafı son illərdə muxtar respublikamızda ən çox təşviq edilən biznes modelidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, son dövrlərdə muxtar diyarımızda yüzlərlə belə təsərrüfatlar fəaliyyətə başlayıb. Kəngərli rayonunda da bu təsərrüfat formasına maraq ildən-ilə artmaqdadır. Hazırda rayonda 68 ailə təsərrüfatı fəaliyyət göstərir ki, bu təsərrüfatlar da əsasən, aqrar yönümlüdür. Dövlətimiz tərəfindən yaradılmış şərait, ailə üzvləri üçün məşğul olduqları sahənin ənənəviliyi, istehsal olunan məhsulların bazarının olması ailə təsərrüfatlarının yaradılmasında təşviqedici rola malikdir. Rayondakı ailə-kəndli təsərrüfatlarının üzvləri də məhz kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olaraq öz dolanışıqlarını təmin edir, daxili bazarın yerli məhsullara olan ehtiyacını ödəyirlər. Artıq üçüncü ildir ki, Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalları isə bu təsərrüfatçılar üçün böyük əhəmiyyəti ilə seçilir.

 

Bu tədbirlərin davamı olaraq noyabrın 8-də Kəngərli rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Tədbirin aparıcıları muxtar respublikamızda ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə məlumat verərək bildiriblər ki, ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da öz töhfəsini verir.

Qıvaraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil edilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.  

 Festivala 70-ə yaxın ailə təsərrüfat sahibi tərəfindən 195 adda 4 min 200 qablaşdırılmış müxtəlif kənd təsərrüfatı məhsulları, milli mətbəx nümunələri və şirniyyatlar çıxarılıb. Mövsümə uyğun olaraq müxtəlif növ mürəbbə və şirniyyatlar, qovurma, pendir, qatıq, cəviz, badam, təbii meyvə şirələri, üzümdən hazırlanmış şərab, meyvə araqları, eləcə də turşular, kompotlar, quru meyvələr, dərman bitkiləri və meyvə-tərəvəz məhsulları festival iştirakçılarına təqdim olunub. Ailə təsərrüfatçıları onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, bundan sonra daha çox məhsul istehsal edəcəklərini söyləyiblər.

Kəngərli Rayon Mədəniyyət Sarayının “Kəngər” instrumental ansamblının və rayon uşaq musiqi məktəbləri kollektivlərinin ifa etdikləri rəngarəng musiqi nömrələri, qədim xalq rəqsləri tamaşaçılara xoş ovqat bəxş edib.

                                                                                                                                                  Babək İSMAYILOV

 

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR