08 Dekabr 2019, Bazar

Ailə təsərrüfatları bu gün iqtisadi baxımdan inkişaf edən dünya ölkələrində ən çox yayılmış biznes modelidir. Dünya iqtisadi təcrübəsində çoxdan özünü təsdiq etmiş bu modelin tətbiqi muxtar respublikamızda da özünün yeni inkişaf mərhələsini yaşayır. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatının inkişafı ilə bağlı Tədbirlər Planı” bu istiqamətdə atılmış mühüm addımdır.

Bu sahədə görülən işlərin nəticəsidir ki, son üç il ərzində muxtar diyarımızda yüzlərlə yeni ailə təsərrüfatları formalaşmış, bu təsərrüfatların hərtərəfli fəaliyyəti üçün təxirə­salınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki, ailə təsərrüfatlarının biznes planları tərtib edilir, təsərrüfat sahiblərinə güzəştli şərtlərlə kreditlər, müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqları verilir, istehsal olunan məhsulların satışı üçün əlverişli şərait yaradılır. Dövlət dəstəyi nəticəsində ailə təsərrüfatları məhsullarının qablaşdırma və dizaynlarının tərtib olunması, onların taralarla təchiz edilməsi məhsulun bazara və istehlakçılara marketinq qaydalarına uyğun olaraq çatdırılmasına imkan verir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi, Ali Məclis Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması ailə təsərrüfatlarının fəaliyyəti üçün geniş imkanlar açmışdır.

Biznesin bütün sahələrində olduğu kimi, ailə təsərrüfatlarının fəaliyyətində də zəncirin son halqası satışdır. Çünki satış çəkilən zəhmətin müqabilində ailə üzvlərinə öz dolanışıqlarını təmin edəcək vəsait, fəaliyyətin davamlılığını şərtləndirən stimuldur. Buna görə də ailə təsərrüfatı məhsullarının geniş alıcı kütləsinə tanıdılmasında mümkün metodların hər birindən istifadə olunmasının öz əhəmiyyəti var. Bu metodların tətbiqi kimi artıq üç ildir, muxtar respublikada təşkil olunan “Ailə təsərrüfatı məhsulları” festivallarını, həftə sonları rayon mərkəzləri və Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını və ərzaq məhsullarının satışını həyata keçirən ticarət obyektlərində yaradılmış xüsusi bölmələri göstərə bilərik. Digər tərəfdən, təsərrüfat sahibləri arasında təcrübə mübadiləsinin aparılması da bu sahənin inkişafına öz müsbət təsirini göstərən amillərdəndir. Elə buna görə də cari ilin may ayında Ordubad rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarının iş təcrübələrinin muxtar respublikada geniş tətbiq edilməsi ilə əlaqədar rayon mərkəzində tədbir keçirilib. Tədbirdə muxtar respublikanın rayonlarının 167 qabaqcıl ailə təsərrüfatı başçısının iştirakı təmin edilib. Ordubadda istehsal olunan məhsulların tədbir iştirakçılarına təqdim edilməsi, ailə təsərrüfatları başçılarının bir-birləri ilə təcrübə mübadiləsi aparmaları öz töhfəsini verməkdədir.

Muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivallarının rayonlar üzrə təşkili də məxsusi əhəmiyyət daşıyır. Belə tədbirlər ailə təsərrüfatlarına həm rayonda daha çox tanınma, həm də məhsul çeşidlərində yenilikləri tətbiq etmək baxımından sərfəlidir. Məsələn, hamımıza məlumdur ki, aqrar sektor, ümumilikdə, muxtar respublikamızın bütün rayonlarına uyğun olsa da, hər bir bölgənin özünəməxsus məhsulları və ya eyniadlı məhsulun digər rayonlarla müqayisədə spesifik xüsusiyyəti daha ön planda olanları var. Kükü alması, Qarabağlar soğanı və kəklikotusu, Şahtaxtı qovunu, Daşarx şaftalısı, Sədərək üzümü və daha neçə belə məhsul növü var ki, bu məhsullar muxtar respublikanın hər bir bölgəsində mövcuddur. İstehlakçılar eyni məhsul arasında seçim edərkən daha çox həmin məhsulun yetişdirildiyi coğrafi ərazinin adına üstünlük verirlər. Eyniadlı və eynikeyfiyyətli məhsulların daha çox satışı isə təsərrüfat sahiblərini müəyyən yeniliklər etməyə (fərqli qablaşdırma, ticari görünüş, qiymətdə güzəşt və sair) məcbur edir. Bunu müəyyən mənada daxili rəqabət kimi də qiymətləndirmək olar. Digər tərəfdən, rayonlarda keçirilən belə festivallar məhsul istehsalçılarına bazara çıxmaq üçün daha az nəqliyyat xərci çəkmələrinə imkan verir, eləcə də alıcılar üçün gediş-gəliş baxımından sərfəli olur. Unutmaq olmaz ki, rayonlarda təşkil olunan belə tədbirlər, həm də ailə təsərrüfatı sahiblərinin bir-birini daha yaxından tanıması, müəyyən təcrübi müzakirələrin aparılması üçün ideal görüş yeri, həm də festival təcrübəsi qazandıran “sınaq meydanı”dır. Yeri gəlmişkən, bunu da vurğulayaq ki, festival tədbirləri hər zaman yeniliklər tələb edir. Dünyanın hər yerində belədir: eyniadlı festival hər il eyni məkanda keçirilsə də, tədbirlərin maraqlı olması üçün dəyişikliklər qaçılmazdır. Bu dəyişikliklər isə əsasən, satış prosesini daha maraqlı bir əyləncəyə çevirməklə əldə olunur. Elə festival və satış yarmarkalarının xüsusiyyəti də ondadır ki, burada əyləncə, milli dəyərlərin təbliği daha ön planda olur. Sevindirici haldır ki, artıq muxtar respublikamızın müxtəlif rayonlarında da – Ordubad, Şahbuz, Sədərəkdə də “Ailə təsərrüfatı məhsulları” festivalları təşkil edilib.
Bu tədbirlərin davamı olaraq noyabrın 8-də Kəngərli rayonunda da “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Tədbirin aparıcıları muxtar respublikamızda ailə təsərrüfatlarının inkişaf tarixi və bu sahədə görülən işlər barədə məlumat veriblər.
Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında təşkil edilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Festivala 70-ə yaxın ailə təsərrüfatı sahibi tərəfindən 195 adda 4 min 200 qablaşdırılmış müxtəlif məhsullar çıxarılıb. Mövsümə uyğun olaraq müxtəlif növ mürəbbə və şirniyyatlar, qovurma, pendir, qatıq, cəviz, badam, təbii meyvə şirələri, üzümdən hazırlanmış şərab, meyvə araqları, eləcə də turşular, kompotlar, quru meyvələr, dərman bitkiləri və meyvə-tərəvəz məhsulları iştirakçılara təqdim olunub. Ailə təsərrüfatçıları onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, bundan sonra daha çox məhsul istehsal edəcəklərini söyləyiblər.
Rayonun mədəniyyət kollektivlərinin ifa etdikləri rəngarəng musiqi nömrələri, qədim xalq rəqsləri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Bütün bu qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyi bu təsərrüfat fəaliyyəti ilə məşğul olanların qarşısında yeni imkanlar açır.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR