06 Dekabr 2019, Cümə

Dünən Sədərək rayonunda torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq tədbirin ­mahiyyətindən danışıb.

Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən ­Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə dəqiq kadastr uçotu işlərinin aparılmasının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir.
Vurğulanıb ki, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq komitə tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Artıq Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonları üzrə həyət­yanı torpaq sahələrinin elektron taxometr vasitəsilə dəqiqləşdirilməsi başa çatdırılıb. Şahbuz rayonunun 11 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, Sədərək rayonunda planaalma işlərinə start verilib. Görüləcək işlər nəticəsində torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotunun aparılması təmin olunacaq. Torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarəti güclənəcək, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaradılacaq.
Müşavirədə komitənin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyevin çıxışları dinlənilib.
Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR