29 Yanvar 2020, Çərşənbə

Meliorasiya və su təsərrüfatı sahəsi ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə də əhalinin məşğulluğunda müstəsna rola malikdir. Elə bu səbəbdən də iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən  muxtar respublikada aqrar, o cümlədən meliorasiya və su təsərrüfatı sahəsində aparılan islahatlar, genişmiqyaslı  layihələrin icrası bu sahənin inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edir. Bütün bunlar, nəticə etibarilə, məhsul istehsalının ildən-ilə artmasına və muxtar respublikada əsası hələ illər öncə qoyulan ərzaq təhlükəsizliyinin təmin olunmasına geniş imkan yaradır.

Torpaq bütün dövrlərdə zəhmət adamlarının iş yeri olub. Muxtar respublikamızda hələ neçə-neçə əsrlər əvvəl formalaşan əkinçilik mədəniyyəti insanlarla torpaq arasında böyük bağlılıq yaradıb. Bu gün qədim əkinçilik mədəniyyətinin yaşadılması istəyindən irəli gələn işlərin həyata keçirilməsi, əkin sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatın səmərəli ödənilməsi, əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün də böyük imkanlar yaradır, əkinçiliyin bir ənənə kimi yaşadılmasını əsaslandırır. Zaman xışın, kotanın yerini müasir traktor və kombaynlara verdiyi kimi, son dövrlərin iqlim dəyişikliyi də əkin sahələrinin suvarılmasında yeni sistemlərə ehtiyacın zəruriliyini meydana çıxarmışdır. Belə ki, artıq muxtar respublikamızda əkinçiliyin inkişafı və əkin sahələrini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmək üçün müasir meliorasiya və irriqasiya sistemləri qurulur, mütərəqqi suvarma metodları tətbiq edilir. Bu isə yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması ilə nəticələnir.

Meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi göstərir ki, son illərdə muxtar respublikada 5 min hektardan artıq sahədə suvarılan torpaqların su təminatı yaxşılaşdırılıb, 10 min hektardan artıq yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə daxil edilib.

Mövcud olan iqlim şəraiti onu deməyə əsas verir ki, muxtar respublikamızda suya olan tələbat digər regionlara nisbətən daha çoxdur. Su ehtiyatlarının qıtlığı, onların bölgələr üzrə qeyri-bərabər paylanması və əsasən də əkinçilik bölgələrində torpaqların şoranlaşmaya meyilli olması yeni suvarma üsullarının yaradılması işini zərurətə çevirir. Buna görə də əkinəyararlı torpaqlarda şoranlaşma və bataqlaşma ilə mübarizə aparmaq son illər qarşıya qoyulan əsas vəzifələr sırasındadır.
Torpaqların suvarma suyuna olan ehtiyacının ödənilməsi bol məhsul istehsalında ən vacib amillərdəndir. Artıq uzun illərdir, müasir suvarma texnologiyalarının, rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilməsinin nəticəsidir ki, torpaqların su təminatı yaxşılaşdırılır, suvarma şəbəkələri qurulur, kompleks işlər görülür. Tikilən anbarlar, çəkilən kanallar minlərlə hektar əkin sahəsinin suvarılmasında həlledici rol oynayır. Qeyd etmək yerinə düşər ki, bu gün muxtar respublikada 162 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektara yaxını suvarılan ərazilərdir.
Bu gün muxtar respublikamızda suvarılan torpaq sahələrinin genişləndirilməsi, su təminatı olmayan və uzun müddət əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün yaradılan qapalı suvarma şəbəkələri mütərəqqi suvarma üsulu modelidir.
Qapalı suvarma şəbəkələrinin tikilməsi mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və suvarmanın təkmilləşdirilməsi, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə daxil edilməsi deməkdir. Bu şəbəkə müxtəlif materiallardan hazırlanmış boru kəmərləri ilə tikilən nəqletdirici və tənzimləyici sistemdir. Qapalı suvarma şəbəkəsi daha mürəkkəb relyefli sahələrdə tətbiq edilir ki, bu da suyun yer səthinə çıxaraq paylanması və sahələrə növbə ilə verilməsi, suyun əkin sahələrinə itkisiz və öz axını ilə çatdırılmasını təmin edir.
Bu üsul suvarmanın faydalı iş əmsalının xeyli yüksək olması, torpaqdan istifadə əmsalının 10-15 faiz artması ilə yanaşı, həm də su bölgüsünün və suvarmanın avtomatlaşdırılması və mexanikləşdirilməsinə şərait yaradır. Ümumiyyətlə, qapalı suvarma şəbəkəsinin tikintisi əlverişli və perspektivli hesab edilir. Beləliklə, qapalı suvarma şəbəkəsindən istifadə həm suvarmanın məsrəfini azaldır, həm də su sərfiyyatını minimuma endirir.
İqtisadi səmərəliliyi təsdiq olunduğu üçün son illərdə Babək, Culfa və Kəngərli rayonlarının, ümumilikdə, 4500 hektara yaxın ərazisində yeni qapalı suvarma şəbəkəsi tikilib. Şahbuz rayonunun Türkeş kəndinin 343 hektar ərazisində isə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Bütün bunlar torpaqların su təminatının yaxşılaşdırılması, suvarılan ərazilərin şoranlaşmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində əkin sahələrinin suvarma suyuna olan tələbatının tam ödənilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
Qapalı suvarma şəbəkələrinin istifadəyə verilməsi əkinçiliyin inkişafı, əkinəyararlı torpaqlardan səmərəli istifadə, əhalinin məşğulluğunun artırılması ilə yanaşı, muxtar respublika ərazisində yaşıllıq sahələrinin genişlənməsinə də səbəb olur. Beləliklə, bu mütərəqqi suvarma şəbəkəsinin əhəmiyyəti, ilk növbədə, suya qənaət, susuz sahələrin əkilməsi, məhsul istehsalının çoxaldılmasıdırsa, həm də zəhmət adamlarının, bu əkin sahələri və suvarma şəbəkəsi hesabına özlərinə yeni iş yeri tapması, ailə büdcələrini formalaşdırmasıdır.
Kəngərli rayonunun Yurdçu kəndində yeni qapalı suvarma şəbəkəsinin açılışı zamanı Ali Məclisin Sədri demişdir: “Su torpağa həyat verir. Qapalı suvarma şəbəkəsinin əhatə etdiyi 60 hektara yaxın ərazinin 56 hektara yaxını pay, 2 hektardan çoxu həyətyanı, 3 hektara yaxını isə yaşıllıqların altında olan torpaqlardır. Ərazinin su təminatı imkan verəcəkdir ki, torpaqlar əkilsin, yaşıllıqlar artsın, bol məhsul istehsal olunsun və əhalinin məşğulluğu təmin edilsin. Torpaqların su təminatının yaxşılaşdırılması ötən illər ərzində Kəngərli rayonunda görülən ən əhəmiyyətli və vacib tədbirlərdəndir. Çünki məhsul istehsalının artması rayonda əhalinin məskunlaşmasını və məşğulluğunu təmin edir, rayonun gəlirləri artır. Böyükdüz kəndi ərazisində qurulan yeraltı şəbəkə hesabına 50-dən artıq sakin işlə təmin olunmuşdur. Məşğulluğun təmin olunması, məhsul istehsalının və əhali gəlirlərinin artması isə muxtar respublikanın inkişafına və ərzaq təhlükəsizliyinə imkan verir”.
Demək olar ki, artıq muxtar respublikada suvarma sistemlərinin normal istismarının təşkil edilməsi, torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi üçün hərtərəfli şərait yaradılıb. Belə nəticəyə gəlmək olar ki, qapalı suvarma şəbəkəsi iqtisadi cəhətdən səmərəli bir sistem olmaqla, digər suvarma üsullarından öz üstünlükləri ilə fərqlənir. Buna görə də bu sahəyə diqqətin artırılması, yeni qapalı suvarma şəbəkələrinin tikintisi öz aktuallığını saxlamaqdadır.

Sevinc Tağıyeva
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR