23 Sentyabr 2020, Çərşənbə

Ekoloji kənd təsərrüfatı təsərrüfatçılığın kompleks forması olub  özündə yüksəkkeyfiyyətli məhsullar istehsal etmək, torpaq münbitliyini, suyun təmizliyini və zəngin biomüxtəlifliyi qoruyub saxlamaq kimi xüsusiyyətləri birləşdirir. Ekoloji təmiz, keyfiyyətli məhsulun əsasını ekoloji əkinçilik təşkil edir. Ekoloji kənd təsərrüfatı modelinin formalaşma prosesi XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada  başlayıb. Əsas məqsədi istehsalda ekoloji təhlükəsiz ərzaq məhsulu prinsipini əsas tutaraq həm iqtisadi, həm də sosial baxımdan tarazlaşdırılmış davamlı təsərrüfatçılıq missiyasını yerinə yetirməkdir. Bu məqsədə nail olmaq üçün torpaqların münbitliyinin yüksəldilməsi və qorunması işi ardıcıl şəkildə həyata keçirilərək kənd təsərrüfatının bütün sferalarında keyfiyyət göstəriciləri daim yaxşılaşdırılmalıdır. 

Ekoloji təsərrüfatçılıq kənd təsərrüfatında alternativ bir sistem kimi növbəli əkin sisteminin tətbiqi yolu ilə torpaq münbitliyinin yüksəldilməsinə, bitkilərin xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizədə qeyri-kimyəvi üsulların tətbiqinə və məhsul artımı üçün istifadə olunan gübrələrin, herbisidlərin, boy stimulyatorların və digər qarışıqların azaldılması prinsiplərinə əsaslanır. 

1972-ci ildə ekoloji kənd təsərrüfatını vahid bir ideya ətrafında birləşdirən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (IFOAM) yaranması ilə bu sahə daha böyük sürətlə inkişaf etməyə başladı. Son illərdə qeyri-sertifikatlı ekoloji təsərrüfatçılıq forması bir çox ölkələrdə geniş şəkildə yayılıb.
Azərbaycanın ekoloji kənd təsərrüfatı məhsulları istehsalı ilə tanınan ərazisi – Naxçıvan Muxtar Respublikasında da aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb, ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsul istehsalı üçün münbit şərait formalaşıb. Muxtar respublikada ekoloji kənd təsərrüfatının inkişafı məxsusi xüsusiyyətləri ilə səciyyələnir. Müxtəlif araşdırmalar nəticəsində burada ekoloji kənd təsərrüfatının inkişafının iki istiqamətdə aparıldığı müəyyənləşdirilib:

– Aqrar sahənin müasir səviyyədə inkişafı və ekoloji cəhətdən təmiz məhsul istehsalına dair Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müvafiq fərman və sərəncamların imzalanması, dövlət proqramlarının qəbul edilməsi, ailə təsərrüfatlarının inkişafı və onlara dövlət dəstəyinin göstərilməsi.
Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Dövlət proqramının əsas məqsədi muxtar respublikanın meyvə və tərəvəzə olan tələbatının yerli istehsal hesabına ödənilməsi, yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik meyvə tinglərinin və tərəvəz toxumlarının yetişdirilməsi, unudulmuş yerli sortların bərpası, yabanı meyvə bitkilərinin emalı sahələrinin yaradılması işini sürətləndirməkdir. Burada digər məqsəd isə həm də ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalını dəstəkləmək, genetik modifikasiya olunmuş məhsulların muxtar respublikaya idxalının və dövriyyəsinin qarşısını almaqdır.
“Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Ali Məclisin Sədri tərəfindən Fərman imzalanmışdır. Qanun Naxçıvan Muxtar Respublikasında toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir. Bu dövlət sənədi muxtar respublikada əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının dövlət nəzarətində saxlanılması, əkinçilikdə daha çox ənənəvi, yerli toxum növlərindən istifadəyə üstünlük verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda gömrük-keçid məntəqələrində mənşəyi bəlli olmayan ərzaq və kənd təsərrüfatı məhsullarına qadağaların qoyulması da vətəndaşların sağlamlıqlarının qorunmasına göstərilən diqqətin bariz nümunələrindən biridir. Bütün bunlar bir daha təsdiq edir ki, “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu muxtar respublikada aqrar sektorun daha sağlam təməllər üzərində inkişaf etdirilməsinə zəmanət verir.

Ailə-kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi, mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir. 2005-ci il 14 iyun tarixdə qəbul edilmiş “Ailə-kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu belə təsərrüfat fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Məhz muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır. Ailə üzvlərinin birgə əməyinə əsaslanan belə təsərrüfat formaları burada uzun illər ərzində yaranıb, böyük yol keçərək hazırkı inkişaf səviyyəsinə çatıb. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan vermişdir. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” kimi də mühüm əhəmiyyətə malik oldu. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni belə təsərrüfatların yaradılması dəstəklənir, onların fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstərilir. Beləliklə, ailə təsərrüfatı həm ailə üzvlərinin məşğulluğunu təmin edir, həm də bazarın yerli məhsullarla təminatında mühüm rol oynayır. Bu təsərrüfat formasını inkişaf etdirməklə ərzaq təhlükəsizliyini təmin etmək qarşıda duran ən mühüm vəzifədir.
14 mart 2019-cu il tarixdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar keçirilən səyyar müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunub. Bu, təsadüfən qəbul olunmuş qərar deyil. Artıq muxtar respublikada ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir, müxtəlif çeşiddə məhsullar istehsal olunur. Ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların qablaşdırılması üçün tədbirlər görülür, yarmarka və festivallar keçirilir... Ailə təsərrüfatları maarifləndirilməli, kreditlər verilməli, ailə təsərrüfatlarındakı mal-qaranın sayı artırılmalı, əkin atlaslarından səmərəli istifadə olunmalı, torpaqların xüsusiyyətlərinə uyğun əkinlər aparılmalı və meyvə bağları salınmalıdır. Hər bir ailə təsərrüfatı ilə fərdi iş aparılmalı, onlara istiqamət verilməli, istehsal etdikləri məhsullar daxili bazara çıxarılmalı və ixraca yönəldilməlidir. Rayonlar üzrə ailə təsərrüfatları qeydiyyata alınmalı, gələcəkdə ailə təsərrüfatlarının genişləndirilərək fermer təsərrüfatlarına çevrilməsinə şərait yaradılmalıdır”.
– Ekoloji təmiz ərzaq tələbatının bir hissəsinin yabanı flora hesabına ödənilməsi muxtar respublikada ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsində ikinci istiqamətdir. Bildiyimiz kimi, cəmiyyətdə baş verən proseslər insanların saf və ekoloji təmiz qidaya ehtiyacını getdikcə daha çox artırır. Bazar iqtisadiyyatı, qeyri-sağlam məhsul istehlakı rəqabəti bu tələbatın ödənilməsində müəyyən maneələr ortaya çıxarır. Lakin muxtar respublika florasının zənginliyi yabanı faydalı bitkilərdən, ekoloji cəhətdən təbii məhsullardan istifadəyə geniş imkanlar açır.

Aparılmış tədqiqatlar nəticəsində muxtar respublikanın ayrı-ayrı bölgələrində 500-ə yaxın faydalı bitki növü müəyyən edilmişdir ki, bunlardan 203-ü yabanı tərəvəz, 98-i meyvə-giləmeyvə, 185-i ənənəvi dərman, 88-i boyaq bitkisidir. Eyni zamanda muxtar respublikanın florasında 17 fəsiləyə daxil olan 65 növ ədviyə, 79 növ müxtəlif içki hazırlanan və 17 növ məişətdə istifadə olunan bitki də var. Bu təbii zənginlikdən ekoloji təmiz məhsullar istehsal etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə­uyğundur:
– Əmtəə məqsədli yabanı qida bitkilərinin tədarükünü həyata keçirmək üçün ehtiyatı bol olan ərazilərdə mini sexlərin, istehlakı üçün isə şəhərlərdə və sanatoriya-turizm bazalarında kiçik market və milli mətbəxlər yaradılması iqtisadi-ekoloji baxımdan səmərəli ola bilər.
– Daxili və xarici tələbatı ödəmək və ticarət dövriyyəsini möhkəmləndirmək üçün əmtəə məqsədli yabanı qida bitki növlərinin mədəni florada introduksiyası və çoxaldıl-masını həyata keçirmək məqsədəmüvafiqdir.
– Tədris müəssisələrində şagird və tələbələrə bu bitkilər və onların mühafizəsinə dair məlumatların çatdırılması, növlərin yayıldığı ərazilərə yaxın yaşayış məntəqələrində məlumat lövhələrinin vurulması, əhali arasında təbliğat işlərinin aparılması məsləhətdir.
Bu gün müasir texnologiyalara əsaslanan yüksək məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş yerli sortların bərpası, yabanı faydalı bitkilərdən istifadə imkanlarının artırılması, bitkiçilik, meyvə və tərəvəzçilik üzrə əkin dövriyyəsinə yeni sahələrin əlavə edilməsi, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə, tərəvəz və bitkiçilik məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrin və saxlama soyuducu kameraların yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi muxtar respublikada daim diqqət mərkəzindədir. Dövlət dəstəyi ilə reallaşdırılan tədbirlər əhalinin ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsinə, ailə və fermer təsərrüfatlarının inkişafına, tingçilik və toxumçuluq təsərrüfatlarının yaradılmasına, intensiv texnologiyaya əsaslanan yeni meyvə bağlarının salınmasına, bağçılıq sahəsində milli dəyərlərimizin gələcək nəsillərə çatdırılmasına, ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsinə hərtərəfli təkan verməkdədir.

Hilal QASIMOV
biologiya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR